Onlayn ictimai-siyasi qəzet
Bütün dünyanın Cey Di Vens kimi tanıdığı ABŞ vitse-prezidentinin əsl ad-soyadı Ceyms Devid (Donald) Boumendir.
Öncə onu deyək ki, bu, ABŞ-də bir qaydadır, bəzi adları əzizləmə mənasında qısaldaraq yazır və deyirlər. Məsələn, Ceyms Karteri Cimmi, Uilyam Klintonu Bill, Cozef Baydeni də Co adlandırırdılar. Hələ riçardlara də Dik deyirlər.
İndi vitse-prezident də özünü Ceyms Devid yox, Cey Di adlandırır və adamın yadına aktrisa-müğənni Cenifer Lopesi salır. O da dünyada Cey Lo kimi məşhurdur.
Ceyms doğulanda ikinci adı Donald qoyulub, sonradan onu Devidə döndəriblər. Bir ara isə onun soyadı Hemel olub. Anası üçüncü dəfə ərə gedəndə Ceyms Donalda atalığının soyadını götürüb. Ancaq 2013-cü ildə o, Hemel və Boumen soyadlarından imtina edərək, nənə və babasının soyadını götürüb və Ceyms Devid Vens olub.
Bu soyad yeni-yeni dünya miqyasında səslənəndə, bəlkə də ABŞ-nin son 45—50 illik tarixini bilənlər Cey Di Vensin 1977-80-ci illərdə Karter administrasiyasında dövlət katibi postunu tutmuş Sayrus Vensin övladı və ya qohumu olduğunu zənn ediblər. Ancaq onların heç bir qohumluğu yoxdur.
Sayrus Vens (1917-2002) Virciniyada doğulub, Cey Di Vens (1984) isə Ohayo ştatında.
Ancaq onları birləşdirən bir neçə cəhət var. Hər ikisi imkansız ailədə, mərhumiyyətlərlə böyüyüb, hər ikisi Yel universitetindən məzun olub və hər ikisi hüquqşünasdır.
Sayrus Vens nüfuzlu dayısının hesabına bir tərəfə çıxıb, siyasətə atılıb, ABŞ kimi dövlətin xarici işlər naziri olubsa, Cey Di Vens gənc yaşda (41) ölkəsinin ikinci adamı (potensial prezidenti) postuna öz fərasəti, bacarığı hesabına gəlib.
Prezident Ceyms Karter və dövlət katibi Sayrus Vens
Onu da qeyd edək ki, Sayrus Vens Con Kennedi, Lindon Conson kimi prezidentlərlə işləyib, Henri Kissincer kimi “diplomatiya əjdahası”nın siyasi xələfi olub. Sadəcə, o, dövlət katibi postunu çox gərgin bir dövrdə tutub. Həmin dövrdə SSRİ-ABŞ düşmənçiliyi pik nöqtədə olub, İranda islam inqilabı baş verib, SSRİ Əfqanıstana hərbi müdaxilə edib, Türkiyədə hərbi çevriliş olub, Çilidə Pinoçet rejiminin repressiya dalğası yenidən kükrəyib və sair və ilaxır.
Sayrus Vens məhz İranla bağlı gərginlik və prezident Karterlə sözlərinin düz gəlməməsi üzündən istefa verib.
Cey Di Vensin daxil olduğu iqtidar komandası ilə Sayrus Vensin komandasının strateji planları arasında bir təzadlı məqam da var. Panama kanalı 1977-ci ildə məhz Karter və Sayrus Vensin imzası ilə Panama dövlətinə verilib. Hazırda isə Cey Di Vensin komandası həmin kanalı Panamadan geri almaq istəyir.
Əslində Cey Di Vens vitse-prezident postuna bir qədər təsadüfən gəlmiş kimi görünə bilər. Çünki buna qədər o, yalnız bir dəfə, 2022-ci ildə ABŞ senatına keçirilən ümumi seçkilərdə iştirak edib və demokratların namizədi Tim Rayana qalib gələrək senator olub. Üstündən 2 il keçib, gənc senator artıq ABŞ-nin 50-ci və ən gənc vitse-prezidentdir.
Onu bu mərtəbəyə gətirib çıxaran Tramplardır. Ona görə “Tramp” yox, “Tramplar” ki, hazırkı prezidentin övladları Cey Di Vensin vitse-prezidentliyə namizədliyinin qızğın tərəfdarı olublar. Bundan başqa, İlon Mask, Devid Saks, Taker Karlson kimi nüfuzlu şəxslər də Vensin namizədliyini müdafiə ediblər. Sonuncu 3 şəxsi birləşdirən ümumu cəhət hər üçünün Rusiyaya rəğbət bəsləməsidir.
Venslə Trampın uyğunluqları isə gözəçarpandır. Onların hər ikisi irqçidir. Hər ikisi populistdir. Hər ikisi ictimaiyyət qarşısında odlu-alovlu, hikkəli çıxışlar etməyi sevir. Hər ikisi çıxışlarında yoxlanılmamış məlumatlar, səhih olmayan rəqəmlər, əsassız iddialar səsləndirməyi, mübahisəli mövzularda kateqorik olmağı üstün tutur.
Məsələn, Vens 2024-cü il prezidentlik kampaniyasında Trampın “duet ortağı” olduqdan sonra onun vaxtilə uşaqsız insanlarla bağlı şərhləri tənqid dalğasına səbəb olub. 2021-ci ildə o, “Fox News”-a verdiyi müsahibədə deyib ki, bizi ölkəni bədbəxt etmək istəyən bir ovuc uşaqsız pişiksaxlayan qadın idarə edir. Bu sözlər mediada və sosial şəbəkələrdə geniş əks-səda doğurub, insanlar bu ifadənin təhqiramiz olduğunu və ayrı-seçkilik xarakteri daşıdığını bildiriblər. 26 iyul 2024-cü ildə Vens bu sözlərini danıb, deyib ki, onun sözləri uşaqları olmayan insanlara yönəlməyib, əksinə, Demokrat partiyasını "ailə əleyhinə, uşaq əleyhinə" siyasətinə görə tənqid edib.
Daha sonra, 2024-cü ilin sentyabrında Vens Ohayo ştatının Sprinqfild şəhərində Haitidən olan mühacirlərlə bağlı verdiyi açıqlamalara görə yeni bir qalmaqalın mərkəzi fiquru olub. O, immiqrantların "sosial xidmətlərə həddən artıq yükləndiyini və xaos yaratdığını" iddia edib və onları ev heyvanlarını oğurlayıb yeməkdə suçlayıb, belə adamların bu ölkədə olmamalı olduqlarını bəyan edib. Sonra Tramp da bu ittihamları təkrarlayıb, hətta Kamala Harrislə debat zamanı da dilə gətirib. Yerli hakimiyyət orqanları isə bu iddiaları təkzib edərək, belə hadisələrlə bağlı mötəbər məlumatların olmadığını vurğulayıb, haitili mühacirlərin qanuni olaraq ölkədə olduqlarını qeyd ediblər.
İddiaları təkzib olunsa da, Vens geri çəkilməyib, irqçi çıxışlarını davam etdirib, tərəfdarlarını pişik memləri yaymağa çağırıb, üstəlik, Ohayo ştatının Deyton şəhərində afrikalı miqrantların pişik yediyini iddia edib. Deyton rəsmiləri də bu iddiaları təkzib edərək bildiriblər ki, immiqrantlar da daxil olmaqla hər hansı bir qrupun ev heyvanlarını yeməsinə dair sübut yoxdur.
Gələcək vitse-prezident daha sonra haitili mühacirin amerikalı uşağı öldürdüyünü bəyan edib. Ancaq məlum olub ki, uşaq Sprinqfilddə təsadüfən iki avtomobilin toqquşması nəticəsində ölüb. Uşağın atası Vensi faciədən "siyasi məqsədlər üçün" istifadə etdiyinə görə tənqid edib.
Onun "yoluxucu xəstəliklərin kəskin artması ilə bağlı iddiaları da Klark Kountinin səhiyyə departamenti tərəfindən təkzib edilib.
Bununla belə, Tramp-Vens cütlüyünün bu qədər yalanlar danışması, əsassız məlumatlar yayması onların seçki kampaniyasına xələl gətirməyib və budur, onlar ABŞ-ni idarə edirlər.
Bu şəxsin siyasi karyerasında ən maraqlı detal odur ki, 2016-cı ildə prezidentliyə namizəd olan Donald Trampın sərt tənqidçisi olub, hətta onu "Amerikanın Hitleri" adlandırlb, "Heç vaxt Tramp" hərəkatını dəstəklədiyini bəyan edib. Bununla belə, 2021-ci ildə Senata namizədliyini elan etdikdən sonra Vens Trampı açıq şəkildə dəstəkləyib, keçmiş tənqidlərinə görə üzr istəyib, statuslarının bəzilərini silib. İndi Vens “Hitler” adlandırdığı adamın yanındadır və özünü eynilə onun kimi aparır.
Ona görə də onun Ukrayna və Avropanın Rusiyaya qarşı qələbə qazana bilməyəcəyini deməsi, anti-Ukrayna cəbhəsinə qoşulması təsadüfi deyil.
Araz Altaylı, Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ