İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın “kölgə donanması”na gizli dəstək ifşa olundu

Litva, Latviya və Estoniyadan olan jurnalistlər müəyyən ediblər ki, Baltik ölkələrində fəaliyyət göstərən bir sıra şirkətlər sanksiyalardan yayınaraq Rusiya neftini daşıyan gəmiləri yanacaqla təmin edir.

Musavat.com xəbər verir ki, araşdırmanı LRT (Litva ictimai televiziya və radio şirkəti) “Eesti Ekspress” və “Nekā personīga” ilə birgə aparıb.

Jurnalistlər “Blue” adlı tankerin marşrutunu izləyərək müəyyən ediblər ki, o, 2025-ci ilin yaz və payız aylarında “Rina” və “Zircone” adlı bunkerləşdirici gəmilərdən yanacaq alıb. Araşdırmaya görə, bu iki gəmi 2024-cü ilin iyunundan 2025-ci ilin martınadək 177 tankerə yanacaq təchiz edib. Həmin tankerlərin demək olar hamısı daha əvvəl Rusiya limanlarına daxil olub, təxminən 20-si isə “kölgə donanması”na aid idi - yəni beynəlxalq sığortasız və mülkiyyət strukturu qeyri-şəffaf olan gəmilər. Onların bəziləri sonradan Aİ, Böyük Britaniya və ABŞ sanksiyalarına məruz qalıb.

Hər iki bunkerləşdirici gəmi Dubayda qeydiyyatdan keçmiş “FB Trade” şirkətinə məxsusdur. Bu şirkətin arxasında estoniyalı iş adamı Aleksey Çuleç tərəfindən yaradılmış “Fast Bunkering” dayanır. Çuleçlə əlaqəli şirkətlər Riqa və Klaype­da limanlarında fəaliyyət göstərir, həmçinin Estoniyanın Paldiski Şimal limanına sahibdir.

“Fast Bunkering” daha əvvəl də beynəlxalq araşdırmalarda hallanmışdı - şirkət Rusiya mənşəli neft məhsullarını guya Qazaxıstan mənşəli kimi təqdim edərək ixrac etməkdə şübhəli bilinmişdi. 2024-cü ildə Baltik tankerləri satılsa da, LRT-nin məlumatına görə, “Rina” və “Zircone” hələ də “Fast Bunkering” ilə əlaqəli strukturların nəzarətində qalır və Rusiya neftini daşıyan gəmiləri yanacaqla təmin etməyə davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR