İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ölkəni çalxalayan reklam çarxı - Kanada və ABŞ-də “çərxi-fələk tərsinə dövran edir indi”

Donald Trampın ikinci dəfə ABŞ prezidenti seçilməsi ilə əlaqədar olaraq naqolay durumda qalan 3 ölkə varsa, biri Kanadadır.

Çin və Rusiyanın halını anlamaq olar, onlar onsuz da ABŞ ilə siyasi, hərbi, ideoloji, iqtisadi planda ziddiyyətlər içindəydilər, amma Kanada bütün müstəvilərdə ABŞ ilə dost-qardaş, etibarlı tərəfdaş, strateji müttəfiq idi.

Trampın prezident seçilməsindən və səlahiyyətlərinin icrasına başlamasından dərhal sonra bu iki dövlətin arasındakı qardaşlıq büsatına ciddi zərbə dəydi, obrazlı desək, fələyin çarxı tərsinə dövran etməyə başladı.

trud.jpeg (78 KB)

Kanadanın o zamankı baş naziri Castin Trüdo Trampla görüşü zamanı ondan eşitdiyi “Kanada ABŞ-nin əyaləti olmalıdır, sən isə əyalət qubernatoru” ifadəsinin əvvəlcə bir zarafat olduğunu sanmışdı, daha sonra Trampın bu sözləri ciddi dediyini görüb nə reaksiya verəcəyini bilməmişdi.

Əslində bütün dünya, eləcə də Kanada xalqı şok olmuşdu. Sonra Trampın Qrenlandiya, Panama və Meksikaya qarşı ittiham və iddiaları bir-birini əvəz etdikcə, hamı anladı ki, Tramp fikir və planlarında ciddidir.

Daha sonra Trampın dost-düşmən demədən əksər ölkələrə yeni tariflər tətbiq etməsindən sonra heç kəsdə şübhə qalmadı ki, Tramp üçün yalnız ABŞ və onun mənafeləri var, ABŞ daha başqa dövlətləri himayəsini götürüb bəsləmək, onlara hüdudsuz yardımlar etmək niyyətində deyil. Əksinə, aydın oldu ki, Tramp bütün dövlətlərdən nəsə qoparmaq, öz dövlətini daha da qüdrətləndirmək fikrindədir.

Yeni düzəndə Kanadaya ayrıcalıq tanınmadı və bu dövlət yeganə qonşusundan boz sifət gördü. Kanada və ABŞ-nin ümumi sərhədinin uzunluğu 9 min kilometrə yaxındır. Bu səbəbdən Kanadanın ən çox alış-veriş etdiyi, gəliş-gedişdə olduğu ölkə ABŞ-dir. Trampın Kanadaya tətbiq etdiyi tariflər bu dövlətin iqtisadiyyatı üçün ciddi zərbədir.

İki dövlət arasında münasibətlər onsuz da ürəkaçan olmadığı bir vaxtda Kanadanın ən çox əhalisi olan və ən varlı əyaləti sayılan Ontarioda ötən həftə yayılan reklam çarxı Trampda qəzəb tutması yaratdı. Həmin çarxda ABŞ-nin 40-cı prezidenti Ronald Reyqanın 1987-ci ildəki çıxışından parçalar yer alır. Reyqan çıxışında tariflər haqqında tənqidi fikirlər səsləndirir və eyni zamanda azad ticarət prinsiplərini müdafiə edir.

Əslində, bu, tariflər tətbiq etməyin təşəbbüskarı olan Trampın bostanına atılan daş idi və Ağ Ev sahibinin Kanadaya qarşı növbəti tarif həmləsinə rəvac verdi. O, sosial media platforması olan TruthSocial-dan Kanadanı "ciddi təhrif və düşmənçilik hərəkətlərində" günahlandırdı.

İş işdən keçəndən sonra həmin videoçarx Kanada-Amerika münasibətlərində gərginliyin artmasının qarşısını almaq üçün dayandırıldı.

ford.jpeg (6 KB)

Ontario əyalətinin baş naziri Daq Ford amerikalıları Donald Trampın tarif müharibələri aparmaqda səhv etdiyinə inandırmaq üçün hazırlanmış reklamın 27 oktyabrdan etibarən dayandırılmasını əmr edib. Kanadanın baş naziri Mark Karni çətin vəziyyətdə qalıb: o, həm ABŞ prezidenti ilə mübahisə etməkdən və həddindən artıq güzəştə getməkdən çəkinməlidir, həm də bu zaman kanadalıların arasında nüfuzunun sarsılmamasına çalışmalıdır.

Tərs kimi, Ontario reklamı dayandırmamaq üçün uzun müddət mübahisə edib. Yalnız Tramp cümə günü Kanada ilə ticarət danışıqlarını dayandırandan sonra ontariolular anlayıb ki, bu şəxslə zarafat etmək olmaz.

Hazırda ABŞ təəfindən Kanada mallarının əksəriyyətinə 35%, polad və alüminiuma 50%, avtomobillərə isə 25% tarif tətbiq olunur. Reklam qalmaqalından sonra Tramp Kanada mallarına tarifləri 10% çox artırdığını açıqlayıb. ABŞ-nin maliyyə naziri Skott Bessent Trampı dəstəkləyərək başıbəlalı reklam çarxını "Amerika Birləşmiş Ştatlarının daxili işlərinə müdaxilə" adlandırıb.

Ontario lideri Ford isə reklam çarxına görə bir çox hökumət rəsmilərinin, xüsusən də əyalət rəhbərlərinin dəstəyini alıb. Nəqliyyat naziri Stiven Makkinnon Fordu "inanılmaz vətənpərvər" adlandırıb. Britaniya Kolumbiyasının meşə təsərrüfatı naziri Ravi Parmar daha da irəli gedərək, noyabr ayında hökumətinin Amerika auditoriyasına yönəlmiş öz anti-tarif kampaniyasına başlayacağını bildirib. Parmar Kanada televiziya kanalında amerikalılara deyib: "Biz zorakılığı cilovlamalıyıq; geri çəkilə bilmərik".

Bununla belə, reklam yayınının dayandırılması qərarı bir çox Kanada siyasətçiləri tərəfindən alqışlanıb. Onlar hesab edirlər ki, ABŞ-ı təhrik etmək ağılsızlıqdır, əks halda ticarət danışıqları bərpa olunmayacaq.

trkarn.JPG (20 KB)

İndi baş nazir Karninin vəzifəsi tanınmış Kanada siyasətçilərinin tutduğu bu iki mövqe arasında tarazlıq tapmaqdır. O, reklam kampaniyasının başlanmasını pisləməmişdi, sadəcə Kanada federal hökumətinin ABŞ ilə danışıqlara cavabdeh olduğunu xatırlatmışdı. Lakin danışıqların nə vaxt bərpa olunacağı hələlik məlum deyil. Bu həftə həm Tramp, həm də Karni Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumunda iştirak edəcəklər, lakin onların şəxsən görüşmə ehtimalı aşağı hesab olunur.

Ehtimal olunur ki, Karni ABŞ prezidenti ilə danışıqlarda gözləmə mövqeyi tutacaq. O başa düşür ki, Trampı yalnız güzəştlər yolu ilə dialoqu bərpa etməyə razı salmaq olar və bu, onun administrasiyasına baha başa gələcək.

Hələlik Ottava yalnız amerikalıların özlərinin Trampı cilovlaya biləcəyinə ümid edə bilər. Noyabr ayında ABŞ Ali Məhkəməsi prezidentin tariflərinin, o cümlədən Kanadaya tətbiq edilən tariflərin qanuniliyinə dair işə baxacaq. Tramp uduzsa, qonşu ölkələrə tətbiq etdiyi bütün məhdudiyyətlər aradan qaldırılacaq. Ancaq o, qalib gəlsə, Kanada ciddi iqtisadi problemlərlə üzləşəcək.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

28 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR