İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vəkil olmaq istəyirəm" adlı yay məktəbinin bağlanış mərasimi keçirildi - FOTOLAR

Sentyabrın 7-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Gənclər Fondunun birgə tərəfdaşlığı ilə gənc hüquqşünas tələbələrin yay tətilinin səmərəli təşkil edilməsi məqsədilə keçilən "Vəkil olmaq istəyirəm" adlı yay məktəbinin bağlanış mərasimi baş tutub.

Musavat.com E-huquq.az-a istinadən xəbər verir ki, tədbirdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, Gənclər Fondunun rəhbərliyi, Milli Məclisin sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Prezident Administrasiyasının sektor müdiri Otari Qvaladze, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Baş prokurorun müavini Heydər Məmmədov, Konstitusiya Məhkəməsinin, Ədliyyə Nazirliyinin, Mediasiya Şurasının, digər dövlət orqanlarının, ali təhsil müəssisələrinin, vəkil qurumlarının rəhbər şəxsləri, hüquq müdafiəçiləri, beynəlxalq səviyyədə tanınan təlimçi-ekspertlər, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində öncə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra, Kollegiyanın əməkdaşı Günay Sultanova yay məktəbi barədə hazırlanmış video çarxı nümayiş etdirib və tədris proqramı barədə təfərrüatlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov bildirib ki, ölkə başçısının rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də uğurla davam etdirilən gənclər siyasəti nəticəsində cəmiyyətimizdə gənclərin ictimai həyatın bütün sahələrində fəallığı artıb. Sədr belə bir şəraitdə təşkil olmuş Yay Məktəbinin gözləntiləri doğrultmasından, gələcəkdə bu kimi layihələrin davamlı keçiriləcəyindən, gənclərə dəstəyin daim diqqət mərkəzində olmasından bəhs edib.

Açılış nitqini davam etdirən Fondun icraçı direktoru Fərid Cəfərov layihənin uğurlu təşkili və başa çatması münasibətilə yay məktəbinin təşkilində əməyi olan hər kəsi və iştirakçıları təbrik edib, bu Məktəbin gənc hüquqşünasların həm də praktiki biliklərinin artırılmasında böyük töhfə verdiyini qeyd edib.

Daha sonra, Kollegiyanın Aparat rəhbəri Bayram Orucov təqdimat ilə çıxış edərək, son 4 il yarım ərzində Kollegiyanın müxtəlif sahələrdəki fəaliyyəti, həyata keçirilən islahatlar, yerli və beynəlxalq sahədə görülən çoxsaylı işlər və digər məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov çıxış edərək bildirib ki, cənab Prezident İlham Əliyevin liderliyi ilə Vətən Müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfər dövlətimizin davamlı inkişafı üçün yeni imkanlar yaradıb. O qeyd edib ki, gənc nəslin bu imkanlardan səmərəli şəkildə istifadə etməsi üçün xalqımızın adət-ənənələrinə uyğun təhsil, tərbiyə, peşəkarlıq məsələlərinə xüsusi diqqət yetirməsi xüsusi əhəmiyyət kəsb edir: "Bu, o cümlədən gənc hüquqşünaslara aiddir. Çünki güclü dövlət güclü iqtisadiyyatla bərabər, ədalət və hüququn aliliyi prinsiplərinə əsaslanır".

Çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov müasir Azərbaycan gəncinin ölkəmizdə davamlı şəkildə aparılan dinamik inkişafın hədəfi və bilavasitə iştirakçısı olduğunu, gənclərin dövlət idarəetmə sistemində təmsil olunmaları üçün yüksək dəstək və tam şərait yaradıldığını qeyd edib. Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan sistemli islahatların mərkəzində bilikli, müasir dünyagörüşlü və yüksək əxlaqi keyfiyyətlərə malik gənclərin dayandığını vurğulayan H.Məmmədov 23 müsabiqə nəticəsində uğur qazanmış hüquqşünasların prokurorluq kadr korpusunun 83,9 faizini təşkil etdiyini diqqətə çatdırıb. Baş Prokurorun müavini çıxışında hüquqşünas tələbələrin praktiki bacarıqlarının formalaşması məqsədilə prokurorluq orqanları tərəfindən həyata keçirilən layihələrin uğurlu nəticələrindən bəhs edib.

Bundan əlavə, yay məktəbində iştirak edən bir neçə fəal tələbə də bu məktəb barədə öz təəssürat və fikirlərini bölüşüb, yay tətillərinin səmərəli keçirilməsində verilən töhfələrə görə təşəkkürlərini bildirib və bu kimi layihələrin davamlı olması arzuladıqlarını vurğulayıblar.

Qeyd edək ki, yay məktəbində prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlara məsləhətlərin verilməsi qaydaları və natiqlik qabiliyyəti də daxil olmaqla, çoxsaylı mövzular üzrə təlimlər, səhnələşdirilmiş məhkəmə müsabiqələri Ali Məhkəmənin, Nəsimi Rayon Məhkəməsinin hakimlərinin, Prokurorluq orqanlarının əməkdaşlarının və təcrübəli vəkillərin iştirakı ilə təşkil edilib.

Tədbirin yekununda yay məktəbini uğurla başa vuran tələbələrə sertifikatlar verilib, verdikləri töhfələrə görə təlimçilərə təşəkkürnamə təqdim olunub, sonra qonaqlar və iştirakçılarla birlikdə xatirə şəkli çəkilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR