İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəhdət Partiyasından Rasim Xudaverdiyevin həbsi ilə bağlı AÇIQLAMA

Azərbaycan Vəhdət Partiyası (AVP) Rasim Xudaverdiyevin həbsi ilə bağlı məlumat yayıb.

Musavat.com xəbər verir ki, məlumatda deyilir:

"Bir sıra mətbuat orqanlarında, o cümlədən “Azərbaycan Vəhdət Partiyasının Abşeron rayon təşkilatının sədri həbs olunub” başlıqlı xəbər yayımlanıb.

Məlumatda qeyd edilən Rasim Xudaverdiyev adlı şəxsin guya partiyamızın Abşeron rayon təşkilatının sədri kimi təqdim olunması tamamilə yanlış, qərəzli və reallığı əks etdirməyən informasiyadır.

Qeyd edirik ki, Rasim Xudaverdiyev 2024-cü il dekabrın 15-də həbs olunub. Həbsindən əvvəl onun barəsində cinayət işi açılıb və o, axtarışda olan şəxs kimi qeydiyyata alınıb.

Həbs olunmazdan bir ay öncə isə rayon partiya sədrliyindən və partiya sıralarından xaric edilib, törətdiyi cinayət əməllərinə görə hüquq-mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarına məlumat verilib.

Rasim Xudaverdiyevin partiyamızın Abşeron rayon təşkilatının sədri və üzvü olmadığı barədə Ədliyyə Nazirliyinin Reyestr Xidmətinə də rəsmi məlumat təqdim olunub.

Bundan əlavə, 2024-cü ildə parlament seçkiləri ərəfəsində Rasim Xudaverdiyev partiya rəhbərliyindən icazə almadan, özbaşına təbliğat və təşviqat materialları hazırlaıb, şəhid və qazi ailələrini, eləcə də seçiciləri aldadıcı şüarlarla çaşdıraraq partiyanın adından sui-istifadə edib. Bu səbəbdən həm Rasim Xudaverdiyev, həm də həmin dövrdə Vəhdət Partiyasının Abşeron rayon təşkilatına nəzarət edən şəxslər partiyadan uzaqlaşdırılıb.

2025-cü ilin iyul ayında Abşeron rayonunda 350 nəfərin iştirakı ilə keçirilmiş konfransda yeni rayon sədri seçilib.

Beləliklə, Rasim Xudaverdiyev həbsindən əvvəl – Azərbaycan Vəhdət Partiyasının Ali Məclisinin qərarı ilə partiya sıralarından xaric edilib.

Rasim Xudaverdiyevin bu cür hərəkətləri partiyamızın VI Qurultayından əvvəl baş verdiyi üçün onun nə partiyamıza, nə də yerli təşkilatlara və yeni rəhbərliyə heç bir aidiyyəti yoxdur.

Hazırda Azərbaycan Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvidir.

O, partiyanın 2025-ci ilin 12 iyun ayında keçirilmiş Qurultayında üzvlərin yekdil qərarı ilə sədr seçilib. Yeni rəhbərliyin fəaliyyətə başlamasından sonra ölkə üzrə bütün rayon təşkilatlarının yenidən təşkili, strukturlaşdırılması və şəffaf idarəçilik prinsipləri əsasında formalaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilir.

Azərbaycan Vəhdət Partiyasının yeni sədri Adəm İsmayıl Bakuvi bu cür xoşagəlməz hallarla davamlı şəkildə mübarizə aparır və aparacaqdır.

Son 4 ay ərzində Vəhdət Partiyası sıralarına 400-dən çox yeni üzv qəbul edilib, bu müddət ərzində 12 dəfə yüksək səviyyəli konfranslar, elmi müzakirələr və seminarlar təşkil olunub.

Hazırda partiyamızın sıraları şəffaflaşdırılaraq, bütün rayon təşkilatlarında konfranslar və iclaslar keçirilir, yeni rəhbərlər dövlətinə sadiq, qanunlara hörmət edən, siyasi və sosial savada malik gənclər arasından seçilir.

Vəhdət Partiyası hər zaman şəhid və qazi ailələrinə hörmətlə və qayğı ilə yanaşır.

Azərbaycan Vəhdət Partiyası 1994-cü ildən fəaliyyət göstərir və partiyanın minlərlə üzvü var. Hər hansı fərdi şəxsin nalayiq hərəkətləri partiyamızın cəmiyyətdəki nüfuzuna xələl gətirə bilməz.

Mətbuatda yayılan bu cür köhnə, təhrif edilmiş və məqsədli xarakter daşıyan məlumatların dövriyyəyə buraxılması partiyamızın nüfuzuna kölgə salmaq və ictimai rəyə yanlış təsir göstərmək cəhdi kimi qiymətləndirilir.

Azərbaycan Vəhdət Partiyası ictimaiyyəti dezinformasiyalara deyil, yalnız rəsmi mənbələrə istinad etməyə çağırır.


Partiyamızın fəaliyyəti və rəhbər heyəti ilə bağlı bütün rəsmi məlumatlar Vəhdət Partiyasının Mətbuat Xidməti tərəfindən ictimaiyyətə təqdim olunur".

10:11

***

Azərbaycan Vəhdət Partiyasının (AVP) Abşeron rayon təşkilatının sədri həbs olunub. Təşkilat rəhbəri 10 nəfərə qarşı dələduzluqda ittiham edilir.

Teleqraf xəbər verir ki, 1987-ci il təvəllüdlü Rasim Xudaverdiyev Cinayət Məcəlləsinin dələduzluq ittihamı ilə təqsirli bilinərək həbs edilib. İş üzrə zərərçəkmiş şəxslərin sayı 10 nəfərdir.

İttihama görə, Rasim Xudaverdiyev pul aldığı şəxslərə sosial yardım düzəltmək, işə qəbul etdirmək, həbsdə olan şəxsi azadlığa çıxarmaq və universitetə qəbul etdirmək kimi vədlər verib.

Zərərçəkmiş şəxslərin ifadələrindən məlum olub ki, Rasim Xudaverdiyev onlarla partiyanın Abşeron rayon təşkilatının Xırdalanda yerləşən ofisində görüşüb. O, nüfuzlu şəxslərlə yaxın əlaqələrinin olduğunu, deputatlığa namizədliyini irəli sürdüyünü deyərək zərərçəkmiş şəxslərin etibarını qazanıb.

Cinayət işi materiallarında qeyd edilib ki, Xudaverdiyev müxtəlif vədlərlə vətəndaşlardan 4 000–10 000 manat məbləğlərində pul alaraq onları aldadıb.

Xudaverdiyev ifadəsində özünü qismən təqsirli bildiyini deyib, zərərçəkmiş şəxslərin bəzilərindən aldığı pulları etiraf edib. Digər epizodların isə mülki xarakter daşıdığını bildirib. O, zərərçəkənlərin pulunun bir hissəsini ödədiyini, qalan məbləği ödəməyə maddi imkanının olmadığını deyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Rasim Xudaverdiyev 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Vəhdət Partiyasının qurucusu keçmiş deputat Tahir Kərimlidir. Hazırki sədr Adəm İsmayıl Bakuvidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR