Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Böyük Britaniyanın rəsmi viza müraciət sistemində ölkə vətəndaşlığı bölməsinə “Şimali Kipr” seçiminin əlavə olunması beynəlxalq müzakirələrə səbəb olub. Sözügedən dəyişiklik ilk olaraq türkiyəli istifadəçilər tərəfindən qeydə alınıb və sosial şəbəkələrdə geniş rezonans doğurub.
Məlum olduğu kimi, Kuzey Kıbrıs Türk Cumhuriyyəti (KKTC) yalnız Türkiyə tərəfindən rəsmən tanınır. Lakin britaniyanın rəsmi dövlət platformasında “Şimali Kipr” seçiminin yer alması, prosesin artıq yalnız regional deyil, həm də qlobal diplomatik müstəviyə keçdiyini göstərir.
Kipr türkləri uzun illər yunanyönlü enozis siyasətinin təzyiqi altında qalıb, hüquqları və təhlükəsizliyi ciddi şəkildə pozulub. 1974-cü ildə Türkiyə Adadakı türk toplumunun fiziki məhv edilməsinin qarşısını almaq üçün Kıbrıs Barış Hərəkatını həyata keçirib. Bu müdaxilə nəticəsində Kipr türkləri öz varlıqlarını, kimliklərini və yaşam hüquqlarını qoruyub.
Bu səbəbdən, KKTC türklərinin dövlət olaraq mövcudluğu və təhlükəsiz yaşamaq haqqı tarixi, siyasi və hüquqi zərurətdir.
Böyük Britaniya Kıbrıs üzrə qarant ölkələrdən biridir və adadakı tarixi-siyasi prosesləri yaxından izləyir. Son illər regionda balans dəyişdikcə, Türkiyənin yüksələn regional gücü və Şərqi Aralıq dənizində strateji çəkisinin artması Londonun mövqeyində də müəyyən korrektələr yaradır.
Bu dəyişiklik Britaniyanın KKTC-ni rəsmi olaraq tanıması demək olmasa da, aşağıdakı məqamları nümayiş etdirir:
• Londonda Kipr türklərinin hüquqlarının görməməzlikdən gəlinməsinin artıq mümkün olmadığını anlayırlar.
• Şərqi Aralıq dənizi bölgəsində Türkiyənin iştirakını nəzərə almadan sabitlik modellərinin qurulması real deyil.
• Beynəlxalq diplomatiyada “yumuşaq status tanıması” kimi təsvir olunan mərhələnin başlandığı ehtimal olunur.
Kipr yunan tərəfi və Afina artıq məsələni “təxribat” kimi təqdim edir və Londondan açıqlama tələb etməyə hazırlaşır. Lakin bölgədə güc balansı dəyişdikcə, artıq əvvəlki şərtlərlə diktə dövrünün bitdiyi aydın görünür.
Kipr türkləri dövlət olmağı, təhlükəsiz yaşamağı və beynəlxalq tanınmanı haqq edirlər. Bu, yalnız tarixi fakt deyil, həm də real siyasi zərurətdir. Böyük Britaniyanın atdığı kiçik görünən, lakin simvolik cəhətdən böyük addım bu reallığın beynəlxalq səviyyədə qəbul edilməsinin başlanğıcı kimi qiymətləndirilir.
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ