Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunan qəhrəman hərbçilərimizin sırasında baş leytenant Şahlar Nəzərov da var.
Musavat.com-un məlumatına görə, şəhid baş leytenant Şahlar Yaşar oğlu Nəzərov “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif olunub.
Ş.Nəzərov 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Füzuli-Xocavənd istiqamətində düşmənin təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Əfsanəvi kəşfiyyatçı xidmət etdiyi müddətdə 120 erməni hərbçisini məhv edib və düşmənin çoxsaylı diversiya - təxribat cəhdlərinin qarşısını alıb. O, son döyüşdə yaralı əsgərini xilas etməyə çalışarkən düşmən gülləsinə tuş gələrək, qan itirməsi nəticəsində şəhid olub. Şəhidimizin nəşi üç gün davam edən danışıqlardan sonra qaytarılıb. Həmin döyüşdə Azərbaycanın 5 qəhrəman kəşfiyyatçısı şəhid olmuşdu. Ş.Nəzərov xilas etməyə çalışdığı hərbçi yoldaşının əlini son nəfəsində belə buraxmamışdı…
Qeyd edək ki, Ş.Nəzərov şəhidliyə qovuşduqdan sonra, 27 iyun 2017-ci ildə onun əkiz oğulları dünyaya gəlmişdi. Atasının (Şahlar) və babasının (Yaşar) adlarını daşıyan qəhrəman övladları hazırda atalarının uyuduğu kənddə - Yardımlı rayon Peştəsər kənd məktəbinin 3-cü sinfində təhsil alırlar.
Əfsanəvi kəşfiyyatçı Şahlar Nəzərovun atası Yaşar Nəzərov isə ötən ilin 27 noyabrında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ