Onlayn ictimai-siyasi qəzet
Rusiyanın məşhur dirijoru, Kremlə yaxınlığı ilə bilinən Valeri Gergiyev İtaliyada bir məhkəmə prosesini uduzub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Corriere della Sera qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Milan inzibati məhkəməsi rusiyalı dirijor, Putinin yaxın dostu Valeri Gergiyevin şəhər bələdiyyəsinə qarşı qaldırdığı iddianı tamamilə rədd edib.
Məhkəmə işi Gergiyevə yapon xeyriyyəçi Yoko Naqae tərəfindən miras qoyulmuş 20 min kvadratmetrdən çox sahəyə malik torpaq sahəsi ilə bağlı olub. Əvvəllər bu torpaq tikinti üçün yararlı zona kimi qeydiyyata alınıb, lakin 2019-cu ildə Milanın yeni şəhər planına əsasən “yaşıl zona və kənd təsərrüfatı təyinatlı ərazi” kateqoriyasına keçirilib.
Gergiyevin vəkilləri torpağın ətrafında sənaye və yaşayış binalarının yerləşdiyini əsas gətirərək bu qərarın ləğvini tələb ediblər. Lakin məhkəmə iddianı əsassız sayıb və bələdiyyənin qərarını “şəhər tikinti sıxlığının azaldılmasına yönəlmiş məntiqli addım” kimi qiymətləndirib.
Xatırladaq ki, 2022-ci ildə Korrupsiya ilə Mübarizə Fondu (FBK) Gergiyev haqqında araşdırma dərc etmişdi. Həmin hesabatda iddia olunurdu ki, o, öz xeyriyyə fondunun vəsaitlərini mənimsəyərək yüz milyonlarla rubl dəyərində elit daşınmaz əmlak alıb. Dirijorun Nyu-Yorkda 2,5 milyon dollarlıq mənzili, eləcə də İtaliyada villa, torpaq sahələri və hətta kiçik bir yarımada sahibi olduğu bildirilmişdi.
2025-ci ildə italyan ictimai fəalları tərəfindən Gergiyevin 27 iyulda İtaliyada keçiriləcək “Un’Estate da RE” festivalındakı konsertinin ləğvini tələb olunub. Fəallar bu məsələ ilə bağlı İtaliya Mədəniyyət Nazirliyinə və Daxili İşlər Nazirliyinə müraciət ediblər. Tələbi həmçinin İtaliyanın mədəniyyət naziri, Nyu-Yorkdakı Metropoliten Operasının baş direktoru və keçmiş xarici işlər naziri də dəstəkləyib
Nəticədə, konsert rəsmi şəkildə ləğv olunub.
Musavat.com
08 Noyabr 2025
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ