Onlayn ictimai-siyasi qəzet
Moskvanın xüsusi missiya ilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə göndərdiyi erməni əsilli milyarder Ruben Vardanyan Ukrayna tərəfindən axtarışa verilib. Belə ki, Ukraynanın sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil etdiyi Ruben Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib. Hələ də Qarabağda sülənən erməni oliqarx-dələduz Ruben Vardanyan Azərbaycan dövləti əleyhinə də pozucu fəaliyyətini davam etdirir. Həm də təbii ki, yığdığı çirkli pullar hesabına. Onun həbsi və ya hansısa başqa şəkildə neytrallaşdırılması bizim dövlətin də marağındadır. Bəs beynəlxalq axtarışın nəticəsi olacaqmı? Onu ilk olaraq kim, Bakı, yoxsa Kiyev qandallayacaq?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Ruben Vardanyanın həbsi an məsələsi ola bilər: “Bu gün Azərbaycan tərəfinin əlində Ruben Vardanyanı tutub uzunmüddətli həbsə göndərmək üçün kifayət qədər əsaslar var. Vardanyan qeyri-qanuni şəkildə Xankəndinə daxil olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-ci maddəsini - Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməni pozub. Digər tərəfdən, Vardanyanın əməllərində milli, irqi ayrı-seçkiliyə çağırışlar var. Buna uyğun olaraq da Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsində (cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi) məsuliyyət müəyyənləşib. O, Azərbaycan Respublikasının təbii sərvətlərinin qanunsuz istismarı ilə məşğul olub. Eyni zamanda ətraf mühitə ziyan vurmaqla Cinayət Məcəlləsinin 247-ci maddəsini pozur. Onun cinayət tərkibli əməllərinə Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırış, separatçı qüvvələrə rəhbərlik, müharibəyə açıq çağırış kimi hərəkətlər daxildir. Vardanyan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə mühakimə oluna bilər”.
Hüquqşünas deyir ki, Ruben Vardanyanın əməllərində beynəlxalq axtarışa verilməsi üçün kifayət qədər əsaslar var: “Ruben Vardanyan beynəlxalq axtarışa verilməsi üçün kifayət qədər əsaslar vardı. Onun əməlində insanlıq əleyhinə olan cinayətlərə də çağırış var. İrqi, dini, etnik mənsubiyyətə görə cinayətlərə çağırış edir. Eyni zamanda Azərbaycanı parçalamaq məqsədilə onun ərazisində fəaliyyət göstərən separatçılara rəhbərlik edir. Bu şəxs tezliklə həbs edilməli və hüquq qarşısında cavab verməlidir. Onu bizdən əvvəl ukraynalılar həbs etsə belə, Azərbaycanda törətdiyi cinayətlərə görə də cavab verməli olacaq. Yəni Ukrayna tərəfi onu tutub həbsə göndərsə belə, həmin həbs müddəti bitənə qədər Azərbaycan tərəfi onu tələb edib ölkəmizdə törətdiyi cinayətlərə görə mühakimə edə bilər”.
Hüquqşünas qeyd edib ki, sadalanan cinayət əməlləri Vardanyanın ömürlük həbs edilməsinə imkan verir: “Ruben Vardanyan 44 günlük müharibədə erməni hərbçilərin, eləcə də separatçıların silahlandırılmasında iştirak edib. Onun minaların döşənməsində, silahların alınmasında rolu araşdırılmalıdır. O, bizim onlarla, yüzlərlə hərbçimizin qanının tökülməsində iştirak etmiş şəxsdir. Bütün bunlara görə, Vardanyan həbs ediləcəyi təqdirdə ona uzunmüddətli cəzalar müəyyən ediləcək. Hətta ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ