Onlayn ictimai-siyasi qəzet
Sankt-Peterburqun Moskva Rayon Məhkəməsi Azərbaycan və Tacikistandan olan 14-18 yaş arası yeniyetmələrdən ibarət “azərbaycanlı mafiyası”nın 16 üzvünə hökm oxuyub.
Musavat.com xəbər verir ki, Sankt-Peterburq Məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti məlumat yayıb.
Təqsirləndirilən şəxslər xuliqanlıqda, nifrət və düşmənçiliyin salınmasında təqsirli biliniblər. Qrupun lideri Tural Məmmədov isə ən uzun cəzanı alıb - 5 il ümumi rejimli koloniyada. Məhkəmənin hökmü ilə işin digər iştirakçıları müxtəlif müddətlərə (3,5 ildən 4 il 10 aya qədər) ümumi rejimli koloniyalarda və tərbiyə koloniyalarında cəza çəkəcək.
Təqsirləndirilənlərdən bəzilərinin hələ 18 yaşı tamam olmadığı üçün məhkəmə qapalı keçirilib.
İstintaqın məlumatına görə, 2023-cü ildə dəstə Sankt-Peterburqda yerli sakinlərə hücum edib və ictimai yerlərdə dava salıblar. Yeniyetmələr baş verənləri lentə alıb və səs yazılarını 18 yaşlı Tural Məmmədovun təşkilatçılığı ilə Telegram kanalında yayımlayıblar. Videolar bir milləti digərindən üstün tutan şərhlərlə müşayiət olunub.
Döyülmə ilə bağlı videogörüntülər hüquq-mühafizə orqanlarının diqqətinə çatdıqdan sonra istintaq başlayıb. Polis və İstintaq Komitəsi dərhal həbslərə başlayıb. Axtarışlar zamanı yeniyetmələrin üzərindən hücumlarda iştirakını təsdiqləyən çoxsaylı videofayllar tapılıb. Ümumilikdə altıdan çox döyülmə faktı müəyyən edilib və istintaqa görə, qurbanların ümumi sayı xeyli çox olub. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin 15 oktyabr 2023-cü il tarixli əmri ilə onlara qarşı cinayət işi açılıb. Məlum olub ki, Tural Məmmədov Azərbaycana qaçıb.
Qeyd olunur ki, 2023-cü ilin dekabrında o, Azərbaycandan Rusiyaya ekstradisiya edilib. Rusiya mediası yazır ki, T.Məmmədovun Azərbaycanda saxlanması beynəlxalq əməkdaşlıq sayəsində mümkün olub. Hüquq-mühafizə orqanları ekstradisiya üçün sorğu göndərib və Bakı onu Rusiyaya verib. Rusiyaya qayıtdıqdan sonra Tural istintaq təcridxanasına yerləşdirilib.
Məmmədovun həbs müddəti dəfələrlə uzadılıb. 2024-cü ilin yanvarında müdafiə tərəfi gizlənmək niyyətində olmadığı üçün həbs qətimkan tədbirinin ev dustaqlığına qədər yumşaldılmasını tələb edib. Lakin müstəntiq T. Məmmədovun istintaq təcridxanasından buraxıla bilməyəcəyində təkid edib.
Rusiya mediası onu da yazır ki, “azərbaycanlı mafiyası” bu yeniyetmələrin aşkar axmaqlığı ilə diqqət çəkib. Cinayətlərini əks etdirən videogörüntüləri dərc etməklə özləri də istintaqa həbslərin səbəb olan sübutlar təqdim ediblər.
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ