Onlayn ictimai-siyasi qəzet
Həmişə belə məqamlarda olduğu kimi, indi də çoxlu gizli dünya analitikləri ortaya çıxmışdır. Əminliklə düşmən dərin dövlətinin qəzada barmağı olması iddia edilir. Niyə edilməsin? Ən rahat yol budur axı. Əks halda, dumanda helikopterə minməyə niyə məcbur olublar, niyə həmin qurğu “şeytan Əmrikə”nin istehsalıdır, niyə qəza yerini başqa “şeytan qulluqçusunun uçağı” tapdı və sairə və ilaxır kimi sonsuz suallara cavab vermək lazım gələr.
O sualların cavabı isə insana, onun azadlığına hörmət qoyulmayan sistemin, quruluşun varlığında gizlənir. Bu, dərin dövlət işi deyil, dərin zillət işidir. Məsələn, bəlkə o bədbəxt pilot da bilirdi ki, qatı dumanda, dağlıq ərazidə helikopterlə uçmaq potensial intihar cəhdidir, ancaq həmin “Şərqi Azərbaycan ostanı” ərazisində normal yerüstü magistral yollar yoxdursa, dövlətin şefi bir yerdən başqa yerə nə ilə getsin? O bölgədə yaşayan türklərə qarşı etnik düşmənçilik üzündən inkişaf yoxdur, ancaq qrunt yollar və az-maz aqrar sektor var. Hələ də bölgə camaatı orta əsrlər şəraitində yaşayır. Cəfər Pənahinin, Abbas Kiarostaminin, Məhəmməd Rasuloff-un sənədli və psevdo-sənədli, bədii filmlərinə baxsanız nə yazdığımı anlayarsınız.
Prinsipcə, hazırda rəsmi şəkildə 1446-cı ildə yaşayan dövlətdən ayrı nəsə gözləmək də olmaz. Məşhur aforizmi bu şəkildə dəyişə bilərik: “Təqvim - taledir”.
Tərslikdən, qəza bölgəsinin adında başqa gizli işarə də var. Fikir verdinizmi? Uzi adlı yaşayış məskəni yaxınlığında qəza olub! Buyurun, ateistlər. “Uzi” - İsrailin istehsal elədiyi qısa qundaqlı, məşhur pistolet-pulemyotun adıdır. Vəssalam. Dairə qapanmışdır. Qalır məsciddən bunu elan eləmək. Xüsusilə ağlar səslə elan edilməlidir. Effekti gücləndirdiyinə qaranti var.
Niyə qırx ildir nəhəng bir dövləti az qala bütün dünya ilə düşmən eləyirsən, niyə insanları azadlıq arzusuna görə krandan asırsan, kəkili yaylıqdan çıxan qadınları döyüb, zorlayıb öldürürsən - bunlar da hamısı zirzəmidə oturan 300 masonun bəd əməlləridir. Paytaxtın böyründə Ukraynaya uçan sərnişin təyyarəsini də bir neçə il qabaq səhvən vuran şeytanın agentləri olmuşdu. Azərbaycan səfirliyinə basqın edən lap şeytanın buynuzlusu idi! Həri.
Ümumiyyətlə, hazırda bütün dünyada şeytan qol-qanad açıb, insanlara zülüm edir. Lənətə gəlsin onu. İmkan vermir musiqi festivallarına basqın edib yarıçılpaq qızları zorlayasan, öldürüb maşının kuzovuna tullayasan. Görmədinizmi, Malmödə nə oyunlardan çıxırdılar? Lap Sodom və Qomorranın zırpısı idi.
Sevindirici haldır ki, artıq dünya xalqları oyanır. Qreta Tunberqi Fələstin şərfində görəndə gözümüz doldu. Təbii, Slovakiya baş naziri Fitso müəllimin güllələnməsi də dərindəki şeytan barmağının çəkdiyi tətik sayəsində baş tutmuşdur, bunu bilməyə nə var? Sadəcə, gərək slovak xalqı öz Polad Alemdarını, fars xalqı da Mematisini yetişdirsin. Zaman gözləmir. Ümid edək gələn seçkilərdə Fitso müəllimin partiyası 22 faizdən çox səs toplayacaqdır. Yoxsa bu qanlar nahaqdan axırmı? Hayır. Toprak əgər uğrunda ölən varsa vətəndir.
Kann festivalına filmi çıxan rejissora 8 il həbs cəzası kəsmişdilər, o da gizli yollarla aradan çıxmışdı. İranda nə yaxşı hələ belə yollar, dağlar, meşələr qalır - həmin günlərdə düşünmüşdüm. Ancaq indi məlum olur o yollar və dərələr kiminə nicat yolu olur, kiminə son mənzil.
Rejissoru vaxtında tuta bilsəydilər, bəlkə qəza da olmazdı. Dünyanın sirrindən hər kəs qanmır.
Elə bugünlərdə bir dostumun mesajını aldım: “Məncə, Yeni Kaledoniya sakinləri İmişlinin Qaradonlu kəndindən köçüblər”. Mümkün deyilmi? Mümkündür. Şeytan adamı hara istəsə aparır atır...
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ