Onlayn ictimai-siyasi qəzet
“Rejissor” yalanlarla yanaşı Azərbaycan hərbçilərinə də qarayaxmaqdan çəkinməyib
Ednews-un məlumatına görə, “film”də Ermənistanın bölgədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətini, hər gün onlarla erməni sakinlərin məntəqədən hər iki istiqamətdə keçməsini və Azərbaycanın “Ağdam-Xankəndi” marşrutu daxil olmaqla, alternativlər irəli sürməsini gözardı edərək “blokada” barədə yalanları əks olunub.
“Film” tamamilə yalan səhnələrdən ibarətdir. “Rejissor” yalanlarla yanaşı, Azərbaycan Silahlı Qüvvələrində xidmət göstərən yüksək rütbəli hərbçilərə də qarayaxmaqdan çəkinməyib. Onlar Laçın dəhlizinin “blokada”sında “mühüm rol oynamaqda” günahlandırılıb. Həmçinin Azərbaycanın aqressor kimi göstərilməsi, guya Qarabağda yaşayan ermənilərə zülm edildiyi göstərilib.
“Film”in fraqmentləri artıq erməni mediasında yayılıb.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan bu kimi xeyli sayda “film” ərsəyə gətirib. Onlardan biri “Si le vent tombe” (“Əgər külək əsərsə”) adlanır. Xatırladaq ki, Qarabağ hadisələrinin təhrif olunduğu bu “film”in hazırlanmasına 12 milyon dollar xərclənib və Ermənistan, Belçika və Fransanın ortaq istehsalıdır. Rejissoru isə erməni əsilli Nora Martirosyan Fransa vətəndaşıdır. “Film” 73-cü “Kann film festivalı”na təqdim olunub və “ən yaxşı” 56 “film”dən biri olub.
Ermənilərin uydurma Qarabağ hadisələri ilə bağlı çəkdikləri daha bir film “45 Gün: millət uğrunda mübarizə” adlı sənədli filmdir. 2021-ci ildə ərsəyə gələn film Oskar mükafatına namizəd seçilmişdi. Filmin rejissoru britaniyalı Britaniya Kral Dəniz Piyadalarının keçmiş komandiri Emil Hessendir.
Ötən il isə ermənilərin Aprel döyüşləri haqda çəkdikləri uydurma ABŞ-nin nüfuzlu 19-cu “Accolade Qlobal Film Yarışması”nda əsas mükafata layiq görüldü. Rejissor Roman Muşeqyan tərəfindən çəkilən “Bahar... ” 2016-cı ildə baş vermiş Aprel döyüşlərinə həsr olunub. “Film”də ermənilər özlərini soyqırıma məruz qalan tərəf kimi göstərib.
Azərbaycana gəldikdə isə, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən az qala 3 il yaxın vaxt keçməsinə baxmayaraq, hələ də dünya səviyyəsində film çəkilməyib. Bununla bağlı dövlət səviyyəsində lazımı tapşırıqlar verilsə də, ərsəyə gələn bir iş yoxdur. Hətta bir müddət əvvəl Mədəniyyət Nazirliyinin dəstəyi ilə şərti adı “Qarabağ Vətən Müharibəsi” olan 8 bölümlü bədii serialın çəkiləcəyi deyilsə də, bu məsələ də öz həllini tapmayıb.
Bəs səbəb nədir?
Bəzi kinematoqrafçılar bunu müxtəlif səbəblərlə izah edir. Xalq artisti, “Dədə Qorqud”, “Babək” kimi tarixi filmlərdə əsas rolları canlandırmış Rasim Balayev “Yeni Müsavat”a açıqlamasında bunun səbəbinin çox olduğunu demişdi:
“Səbəb çoxdur. Əsas səbəblərdən biri budur ki, yaxşı ssenari yoxdur, kifayət qədər vəsait lazımdır və sairə. Ümumiyyətlə isə, adətən müharibə filmləri müharibədən bir neçə il sonra yaranır. Məsələn, İkinci Dünya müharibəsindən illər sonra ortaya sanballı müharibə filmləri çıxmağa başladı. Əslində biz ön cəbhəyə operatorlar göndərməli idik ki, xronikalar çəksinlər. Çəkdilərmi? Bizim igid oğlanlarımızın müharibədəki şücaətlərini həmin xronikalardan götürmək olardı.
Qeyd etdiyim kimi, müharibə ilə bağlı bədii filmlər illər sonra yaranır, yəqin ki, bir neçə ildən sonra, bəlkə də bu ildən və yaxud gələn ildən filmlər çəkilər. Gördüyünüz kimi, bizim Qarabağ məsələmiz hələ də həll olunmamış qalır, həlli daima uzanır. Sülh müqaviləsi ətrafında siyasi oyunlar, təxribatlar gedir. Ona görə də hələ vaxt lazımdır ki, ssenaristlər bir qədər fikirləşsinlər, yazsınlar. Yəni müharibə filmi o dəqiqə yaranmır.
Şuşada olanda mənə göstərdilər ki, igidlərimiz ağır yüklərlə keçilməz sıldırım qayaları keçib, düşmənə qalib gəliblər. Təsəvvür edin, adam adi halda, yüksüz o sıldırım qayaları çıxa bilməz, amma əsgərlərimiz silah-sursatla qayaları fəth edib, düşmənə qalib gəlib. Bu, ağlasığmaz, böyük qəhrəmanlıqdır! Bizim indi borcumuzdur ki, bunu çəkək, ekranlara daşıyaq".
Qeyd edək ki, artıq bir müddətdir ki, kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası məqsədilə Mədəniyyət Nazirliyinin nəzdində Kino Agentliyi yaradılıb. Agentlik bu günlərdə 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi elan edib.
Həmçinin bir neçə gün öncə ölkədəki iki kino ittifaqı bir qurum ətrafında birləşdi. Ümid edilir ki, bütün bunlardan sonra Azərbaycan milli kinosu yenidən dirçələcək, kinematoqrafçılar Azərbaycan, Qarabağ həqiqətlərini, reallıqlarını kinonu dili ilə dünya ictimaiyyətinə çatdıra biləcək.
HAZIRLADI: Xalidə GƏRAY
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ