Onlayn ictimai-siyasi qəzet
"Ötən gün yaxın qan qohumu evliliyini məhdudlaşdıran qanun layihəsi 1-ci oxunuşda qəbul edilib. Bu məsələdə əks arqument kimi bildirirlər ki, belə evlilikdən sağlam uşaqlar da doğulur, ya da qohum olmayan valideynlərdən də xəstə uşaqlar doğulur. Bütün hallarda qohumla evlənmək risklidir, bunu bilsək yaxşıdır. Yeni doğulmuşların skrininqi - bu müayinə uşaqlarda irsi xəstəliklərin vaxtında aşkar olunması və müalicəsi üçün çox vacibdir".
Musavat.com xəbər verir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev bildirib.
Həkim qeyd edib ki, mukovissidoz, hipotireoz, fenilketonuriya, qalaktozemiya, adrenogenital sindrom və bir sıra mübadilə pozğunluqlarının vaxtında aşkar edilməsi uşaqları gələcəkdə əqli və fiziki qüsurdan xilas edir:
"Skrininq müxtəlif ölkələrdə müxtəlif spektrdə aparılır. Müayinə miqyası geniş olduqda daha çox sayda ağır xəstəliklər aşkar olunacaq.
Belçikada hormonal pozğunluqların iki növü, mübadilə pozğunluğu ilə gedən 31 xəstəlik müayinə olunur. Bundan başqa, kombinə olunmuş anadangəlmə ağır immun çatışmazlığı və lizosom xəstəlikləri də skrininqə daxildir.
Gürcüstanda, Türkiyədə skrininq dövlət hesabına və məcburi aparılır.
Qohum evliliyindən xoşunuz gələ bilər, öz işinizdir, amma uşağınız doğulduqdan sonra 2-3-cü sutkada mütləq daban testi tələb edin və mütləq cavabını alın.
Son vaxtlar uşaqlarda əqli gerilik çoxalıb, adını autizm qoyub 3 yaşından sonra müxtəlif psixoloji mərkəzlərdə müalicə aparırlar. Əgər vaxtında skrininq etsək, əqli geriliyin qarşısını ala biləcəyik".
Xalidə Gəray
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ