İnsanlara hürriyət, millətlərə istiqlal!

UNESCO-nun qərəzi- ermənipərəst qurum üzünü nə vaxt Azərbaycana çevirəcək?

Ekspert: “UNESCO ayrı-seçkilik edən və qərəzli bir təsisat kimi özünü göstərib, bu gün də elədir”

44 günlük Vətən müharibəsindən sonra rəsmi Bakı dəfələrlə UNESCO-ya azad edilmiş ərazilərdə milli-mədəni irsimizə qarşı erməni vandallığını sənədləşdirmək üçün müraciətlər etsə də, ondan səs çıxmayıb. Qədim Türk yurdunda yaradılmış Ermənistanda azərbaycanlılara məxsus tarixi abidələrin, binaların dağıdılması ilə bağlı analoji araşdırma aparmaq üçün edilən müraciətlər də cavabsız qalıb. Əvəzində təşkilatdan hansısa mifik xristian abidlərinə görə narahatlıq ifadə edən açıqlamalar eşitmişik. Sanki qurum yalnızca dünyada qeyri-müsəlman irsin qorunması üçün yaradılıb!

Onu da xatırladaq ki, BMT-nin qurumu olan və mənzil-qərargahı Parisdə yerləşən UNESCO-nun hazırkı rəhbəri fransız Odri Oziledir. O, qatı ermənipərəstin biridir və adı son vaxtlar korrupsiya qalmaqallarında hallanıb.

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

Yeganə Hacıyeva

Siyasi ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, ölkəmizin mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi kimi Ermənistanın cinayətləri barədə UNESCO-ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təəssüflər olsun ki, son 30 ildə Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə UNESCO işğaldan  azad etdiyimiz ərazilərə missiya göndərmədi və göndərmək niyyətində olduğu görünmür: “İşğal illərində Ermənistanın nəzarəti altında olarkən, yüzlərlə abidə, azərbaycanlıların istifadə etdikləri məscidlər, ziyarətgahlar talan edilib, vandalizmə, təhqirlərə məruz qalıb və ya tamamilə dağıdılıb. Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşıyır. Lakin UNESCO kimi beynəlxalq qurumlar da bu cür vandalizmə göz yumduqları üçün məsuliyyət daşıyırlar. Onların laqeydliyi və ayrı-seçkilik etməsi erməniləri daha da şirinikləndirib.

 

30 il işğal altında qalan ərazilərimizdə xalqımıza məxsus qədim tarixə malik abidələrin dağıdılması, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin, dini abidələrin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş, beynəlxalq sənədlərdə bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər həm də dünya mədəniyyətinə qarşı təcavüzdür. İşğal dövründə Qarabağ və ətrafdakı 7 rayonun ərazisində Azərbaycanın 400-dən artıq tarixi-dini abidəsi məhv edilib. Ermənilər müsəlmanları təhqir etmək üçün məscidlərdə donuz, inək, qoyun-quzu saxlayırdılar. Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun ərazisində yerləşən Yuxarı və Aşağı Gövhər ağa və Ağdamda Saatlı Cümə məscidləri dağıdılıb, Laçın rayonunun Ağoğlan, Kəlbəcər rayonunun Xudavəng kəndlərindəki, Ağdərə rayonunun Gəncəsər məbədləri və digərləri erməniləşdirilib. UNESCO isə bu vandalizmə indiyə qədər reaksiya belə, verməyib".

Y.Hacıyeva qeyd etdi ki, UNESCO-nun pandemiya dövründə fəaliyyəti də çox üzücü olub və bu təşkilatın hesabatına görə 100 milyondan çox uşaq pandemiya üzündən oxuma bacarıqlarını mənimsəyə bilməsi istiqamətində real bir fəaliyyət ortaya qoymayıb: “BMT-nin dövlətlərə ”nəsillərarası qarşıdurmaya"  səbəb olacaq bu məqam üzündən təhsil sahəsinə ciddi diqqət ayırmağı tövsiyə etməsi də UNESKO-nun ciddi fəaliyyət üçün addımlar atmasına gətirib çıxarmadı. UNESCO-ya tamamilə gözlənilməz bir seçki nəticəsində əhbər gələn  fransalı Odri Ozule və komandası isə ümumiyyətlə, təşkilatın missiya və vizyonundan uzaqlaşaraq UNESCO-ya şəxsi şirkəti kimi yanaşma tətbiq etməyə başladı. İlk günlərdən Odri Ozulenin yanaşmalarının təməlində Fransanın ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyası və Azərbaycana qarşı ziddiyyətli mövqeyinin dayandığını güman etməyimiz üçün ciddi əsaslarımız var idi. 2022-ci il noyabr ayında BMT Katibliyinin Daxili Nəzarət Xidmətləri İdarəsi direktor Odri Ozuleyə qarşı  “UNESCO-nun Baş Direktoruna qarşı İddiaların Araşdırılması Proseduru”na start vermək istəyirdi. Ozule və komandası isə bu prosedurun işə düşməməsi üçün üzv dövlətlər tərəfindən müzakirəsini təxirə salmaq üçün əlindən gələni etdi".

Ekspert xatırlatdı ki, UNESCO Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə ixtisaslaşmış qurumu kimi bəşəri mədəniyyətin qorunması və bu mədəniyyət nümunələrinin Ümumdünya İrs Siyahısına daxil etməli olan bir təsisat kimi nəzərdə tutulsa da, bu illər ərzində müxtəlif mədəniyyətlərin və tarixi mədəniyyət nümunələrinin qorunması və bərpa edilməsi missiyasını öz üzərinə götürsə də, ayrı-seçkilik edən bir təsisat, həm də qərəzli bir təsisat kimi özünü göstərib, bu gün də göstərməkdədir: “Məntiqi olaraq da belə bir fikir get-gedə dünyada, həmçinin Azərbaycanda formalaşır ki, bu qədər qərəzli, üzərinə düşən missiyanı yerinə yetirməyən bir təsisat nəyə və kimə lazımdır? Bu sual zaman-zaman bəşəri dəyərlər daşıyıcıları və sorunması üzrə ciddi fəaliyyət göstərən dairələri həmişə düşündürür”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR