İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın yeni xarici işlər naziri kim olacaq?

Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenkonun istefası onun naziri Dmitri Kulebanın da tezliklə işdən ayrılacağı haqda iddiaları artırıb.

Nikolenko istefa verməsinin səbəblərini açıqlamayıb. Eyni zamanda o, diplomatik karyerasının bununla bitmədiyinə eyham vurub: “Gələcəkdə biz dövlətimizin mənafeyi naminə mümkün qədər səmərəli işləyəcəyik”.

Musavat.com strana.ua-ya istinadən xəbər verir ki,  Ukrayna  Prezidentininin Ofisi  Kulebanın işindən narazıdır. Xüsusən də Xarici İşlər Nazirliyinin təqdim etdiyi səfir namizədlər çoxlu suallar doğurur.  

Ukrayna Prezidentinin Ofisindəki mənbə qeyd edib ki,  “səfirliklərdəki işlərin qeyri-qənaətbəxş olması” ilə bağlı məlumatlar  çoxdur. Nəşr bildirir ki, Kulebanın əvvəlcə Ukraynanın  Böyük Britaniyada səfiri təyin edilməsi nəzərdə tutulsa da, sonradan qərar dəyişib. Bu postu Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı tutub.

20240224_gaf_u39_1015-pic4_zoom-1500x1500-50799.jpg (316 KB)

Kuleba kimdir?

Dmitro (Dmytro) Kuleba 1981-ci ilin 19  aprelində Ukraynanın Sumı şəhərində anadan olub.

Diplomat İvan Kulebanın ailəsində dünyaya göz açan Dmitro 90-cı illərin sonunda  SSRİ məkanında ad-sanlı Kiyev  Beynəlxalq Münasibətlər İnstitutunun(KİMO) beynəlxalq hüquq fakültəsini bitirib və  beynəlxalq hüquq üzrə magistr dərəcəsi alıb.

Aspirantura ilə paralel olaraq Kuleba atasının əlaqələri nəticəsində Xarici İşlər Nazirliyinin hüquqi dəstək xidmətində işə düzəlib. Yuşşenkonun qələbəsindən az sonra rəsmi Kiyev Avropa İttifaqı ilə münasibətləri fəal şəkildə yaxşılaşdırmaq qərarı vermişdi. Bu səbəbdən  Kuleba Ukraynanın beynəlxalq təşkilatlar yanında xüsusi missiyasında işləmək üçün dörd il müddətinə Vyanaya göndərildi.

Ölkədə yenidən hakimiyyət və bununla da beynəlxalq siyasətin vektoru dəyişənə qədər hər şey yaxşı gedirdi. Dmitro vətəninə qayıtdı, bir müddət nazirlikdə çalışdı, lakin çox keçmədən Ukrayna prezidenti Yanukoviçin rəhbərlik etdiyi hakimiyyətdə  idarəetmə üsullarından məyus oldu və diplomatik fəaliyyətinə fasilə verdi. 

2012-ci ildən humanitar və mədəni məsələlərlə məşğul olur. Baş nazirin müavini Konstantin Qrişenkonun humanitar məsələlər üzrə müşaviri işləyib. Sonradan Ukraynada baş vermiş Maydan hərəkatı və hakimiyyətə  qərbpərəst  siyasətçilərin gəlməsi onun karyerasında növbəti mərhələ açıb. 

Kuleba yenidən dövlət qulluğuna qayıtmağa ehtiyac duyub.  

dc7a120ee1e8ce178af25168c35895c5.jpg (118 KB)

Sabiq xarici işlər naziri Andrey Deşçitsu onunla ciddi maraqlanmasa da, köhnə diplomat dostu Pavel Klimkin onu  Xarici İşlər Nazirliyində yenidən işə düzəldib.  Kuleba əvvəlki hakimiyyət dövründə zəifləmiş beynəlxalq əlaqələrin möhkəmləndirilməsi üçün görəvləndirilib.   Krımın işğalı səbəbindən Rusiyanın izolyasiya üçün Ukrayna geniş miqyaslı diplomat iş aparmalı idi ki, bu səbəbdən Kuleba Ukraynanın AŞ PA-dakı missiyasına rəhbərlik tapşırıldı. Beləliklə, Dmitro Strasburqa getdi. Rusiyanın səsvermə hüququndan məhrum edilməsində onun da diplomatik qatqıları vardı.  

Ukraynada növbəti hakimiyyət dəyişikliyi və Poroşenkonun prezident kürsüsünə oturması Kuleba üçün düşərli oldu. Təsadüfi deyil ki, siyasi dairələrdə onu hələ də “Poroşenkonun kadrı” hesab edirlər.  

 2019-cu ilin yayında diplomat sosial şəbəkələrdə yeni prezident Zelenski haqqında bir neçə tərifli yazılarla  gündəm oldu. Bu, yeni hakimiyyətin də diqqətindən kənarda qalmadı. Ona baş nazirin Avropaya inteqrasiyası üzrə müavini postu həvalə olundu. 

2020-ci ildə baş nazir Qonçarukun kreslosu laxladı, elə həmin ilin  martın 4-də Ali Rada cəmi altı ay işləmiş Nazirlər Kabinetini istefaya göndərdi. Yeni hökumətdə isə  Kuleba xarici işlər naziri oldu. 

7bd6564e2fd2c7895f5dc66c0b366026.jpg (92 KB)

Yeni nazir kim ola bilər?

Strana.ua-nın həmsöhbəti Dmitri Kulebanın böyük ehtimalla varisi kimi Zelenskinin ofisində xarici siyasətə nəzarət edən İqor Jovkvanı göstərib.

Jovkva 1979-cu ildə Kiyevdə anadan olub, Taras Şevçenko adına Kiyev Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. O, siyasi karyerasına 2002-ci ildə Ali Rada Aparatında Ukrayna xalq deputatının  məsləhətçisi kimi başlayıb. Jovkva bu vəzifədə altı ay çalışıb, sonra Ukrayna Prezident Administrasiyasının Xarici Siyasət üzrə Baş İdarəsinə keçib.

2014-cü ilin sentyabrında Jovkva Prezident Aparatının Xarici Siyasət və Avropaya inteqrasiya Baş İdarəsinin rəisi olub. 2019-cu ildə isə Beynəlxalq Siyasət Administrasiyası rəhbərinin müavini vəzifəsinə keçib.

Keçmiş baş komandanın Ukraynada hərbi münaqişənin dalana dirəndiyini dediyi “The Economist” jurnalı üçün yazdığı məqaləyə görə Valeri Zalujnı tənqid edənlərdən biri də Jovkva olub.

İqor Jovkva həm də Zelenskinin göstərişi ilə Qərb ölkələri ilə təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlar aparan Ukrayna nümayəndə heyətinin rəhbəridir. 

Orxan  ƏLİYEV, 
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR