İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Vətən müharibəsi - “B planı” işə düşəcəkmi?

Rusiya bütün dünya ilə tək vuruşur, hansı tərəfin məğlub olacağı isə...

Ukraynada müharibə 4-cü aya yaxınlaşır. Son günlərin əsas suallarından biri də müharibənin nə vaxt dayanması və ya mümkün atəşkəslə bağlıdır. Bu xüsusda Fransa, Almaniya və İtaliya rəhbərlərinin Kiyev səfəri nəticə verəcəkmi? Ümumiyyətlə, müharibəni indi dayandırmaq daha asandır, yoxsa təzə başlayanda asan idi? Ukrayna Qərbdən təcili tələb elədiyi ağır və ölümcül silahları vaxtında ala biləcəkmi?

İyunun 16-da məlum oldu ki, ABŞ Ukraynaya əlavə 1 milyard dollarlıq yeni silah yardımı edəcək. Məlumatı “Röyters” yayıb. Yeni paketə gəmi əleyhinə raket sistemləri, MLRS üçün əlavə raketlər və M777 haubitsaları üçün mərmilər daxil olacaq.

Tanınmış analitik Andrey Piontkovski isə deyib ki, əgər Ukraynaya Qərbin hərbi yardımı geciksə və ya yetərli olmasa, onda “B planı” işə düşə bilər. Söhbət Rusiyaya qarşı Böyük Britaniya, Polşa və Ukraynanın üçlü hərbi ittifaqının yaradılmasından gedir. Yəni bu iki ölkə bilavasitə Ukraynaya yardım edəcək. Özünə qarşı müharibədə olduğu kimi.

Bu arada Rusiyanın hakim “Vahid Rusiya” partiyasının sədri, Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedyevin “Kim deyir ki, 2 ildən sonra Ukrayna dövləti dünyanın siyasi xəritəsində olacaq” fikri birmənalı qarşılanmayıb. Bu, Rusiyanın Ukrayna ilə bağlı imperiya ambisiyalarını, “denasifikasiya” şüarının isə bəhanə olduğunu bir daha təsdiq edir. İkinci yandan, Rusiya rəsmiləri nədən belə arxayın danışır, yoxsa bu da informasiya savaşının bir hissəsidir? Axı Rusiya özü də yaxşı vəziyyətdə deyil və qarşıdakı illərdə ondan nə qalacaq, məlum deyil.

Medvedev: Cornering us won't work, Russia strong enough to put brazen foes  in their place - Russian Politics & Diplomacy - TASS

STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu müharibənin “ya ölüm, ya qalım” savaşına döndüyünü qeyd etdi: “Bu günlərdə Almaniya Kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron, İtaliya Baş naziri Mario Draqi və Rumıniya Prezidenti Klaus İohannis Kiyevə birgə səfər ediblər. Onların bu səfəri birlik və güc göstərisi təəssüratı yaratmağa hesablansa da, Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedyev ”qurbağaların, liberalların və makaronun avropalı mütəxəssislərinin" Kiyevə səfərini sıfır faydalı adlandırıb və bunun sülhə aparan yol olmadığını vurğulayıb. Rusiya üçün sülhə aparan yol Ukraynanın silahlandırılmamasıdır.

Qərb tərəfdən də bu görüşün nəticələri ilə bağlı təzadlı fikirlər səsləndirilir. Məsələn, Almaniyanın məşhur “Die Welt” nəşrinə görə, görüşün qapı arxasında Ukraynanın Aİ-yə qoşulması üçün Rusiya ilə sülhə getməsinin vacibliyi vurğulanıb, başqa sözlə, Ukraynaya torpaqlarını Rusiyaya güzəştə getməsi təklif olunduğu iddia edilir. Bir sıra ekspertlərə görə, məhz bəhs olunan Avropa dövlətləri Rusiyadan enerji asılılığının güclü və nəticə etibarilə ölkələrində yaşanan inflyasiyanın hədsiz yüksək olduğu üçün, həmçinin Rusiya-Ukrayna müharibəsi bir az daha davam edərsə, bunun Avropaya çox böyük xərc bahasına başa gələcəyini düşündükləri üçün münaqişənin Ukraynanın ərazi bütövlüyünün pozulması bahasına olsa belə, tezliklə sonlandırılmasını istəyirlər. Məhz Almaniya Kansleri idi ki, 19 fevralda Münhen Təhlükəsizlik Konfransında Zelenskiyə NATO arzularından imtina etməsini və ölkəsinin neytrallığını elan etməsinin faydalı olacağını duyurmuşdu.

Maraqlıdır ki, mart ayında Ukraynanın neytral statusu qəbul edə biləcəyi müzakirə olunurdu. Lakin Ukrayna ərazi bütövlüyünün bərpasını (o cümlədən Krımın geri verilməsini) şərt olaraq irəli sürmüşdü. Rusiya savaşaraq aldığını, bir statusa görə geri verərmi?! Odur ki, müharibə davam etdirilməli oldu. Artıq bu müharibə “ya ölüm, ya qalım” savaşına dönüb. Tərəflərin heç biri geri addım atmır. İngilis admiralı Toni Radakinin fikrincə, Rusiya quru qüvvələrinin 25%-ni “çox cüzi” nailiyyətlər üçün itirib və ümumiyyətlə strateji planda artıq məğlubdur. Lakin hərbi olaraq Rusiyanın müharibəni hələ xeyli müddət davam etdirəcəyi düşünülür.

Ukraynanın Prezident Aparatının rəhbərinin müavini Andrey Sibiqa isə avropalı liderlərin Kiyevdə Zelenski ilə görüşündə Ukraynanın müdafiəsinin daha da gücləndirilməsi, o cümlədən Ukraynaya müasir raket artilleriyası və raket əleyhinə müdafiə sistemlərinin verilməsi, həmçinin Ukraynaya iqtisadi dəstək və müharibədən sonrakı bərpa işləri, ərzaq böhranından çıxış yolları, Rusiyaya qarşı növbəti sanksiyalar müzakirə olunduğunu qeyd edib. Bundan az öncə ABŞ Prezidenti Bayden Ukraynaya əlavə 1 milyard dollar həcmində hərbi yardım ayrılacağına dair məlumat paylaşıb.

Beləliklə, Rusiyanın Ukraynadakı müharibəsinin başlanmasından etibarən ABŞ-ın Ukraynaya 5 milyard dollardan çox hərbi-təhlükəsizlik yardımı etdiyi məlumdur. ABŞ avropalıların dili ilə Ukraynaya cari vəziyyəti başa salmağa çalışır, özü isə bir əldən hərbi yardımları davam etdirir, Ukrayna isə Rusiyanı məğlub və ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır.

Avropadan və ABŞ-dan əldə etdiyi hərbi yardımlara baxmayaraq Ukrayna Müdafiə Nazirinin müavini Hanna Maliar rəsmi Kiyevin tələb etdiyi hərbi dəstəyin sadəcə 10%-nin əldə edildiyini deyib. Cari gedişatı nəzərə alaraq Ukrayna müdafiə naziri Aleksey Reznikov Globsec-2022 Beynəlxalq təhlükəsizlik forumunda Ukraynadakı müharibənin bir il davam edəcəyi və 2022-ci ilin sonunda başa çatacağını ifadə edib. Bənzər fikir daha öncə ABŞ dövlət katibi Blinkenin dilindən də səsləndirilmişdi. Reznikovun nitqində Ukrayna məğlub olarsa, növbəti hədəflərin Polşa, Baltik ölkələri, Slovakiya və digərləri ola biləcəyini qeyd edib. Bu ölkələrin təmsil olunduğu bir müdafiə ittifaqının yaradılması məhz Ukraynanın təlqin etməyə çalışdığı və təşəbbüs göstərdiyi məsələdir. ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Julianne Smith isə ABŞ-ın bu ideyanın gerçəkləşməsinə dəstək göstərməyə hazır olduğunu, o cümlədən Avropanın müdafiə qabiliyyətinin artırılmasına dəstəyini bildirib. Beləliklə, Ukraynaya daha öncə Aİ-yə alternativ təklif olunduğu kimi, indi də NATO-ya alternativlər təklif və müzakirə olunur. Onu da qeyd edim ki, 17 iyunda Aİ Ukraynaya “namizəd ölkə” statusunun verilməsi ilə bağlı qərarını açıqlamalıdır. Hələ ki, özünü nə Aİ-yə, nə də NATO-ya üzv edə bilməyən Ukrayna tam olaraq istədiyini almayıb, parçalanmaq və məhv olmaq təhlükəsiz ilə üz-üzədir. Ukrayna üçün “B” planı olaraq qeyd olunan alternativ ittifaqın yaradılması isə zaman alacaq və bu ittifaqda yer alacaq dövlətlərin Rusiya ilə müharibəyə qoşulacağını ehtimal etmirəm".

Akif Nağı: “Rusiya Ukraynanı itirdi”

Akif Nağı 

QAT sədri Akif Nağı bildirdi ki, müharibənin nə vaxt bitəcəyini proqnozlaşdımaq çətindir: “Makievellinin bütün dövrlər üçün hələ də aktual olan bir ifadəsi var: ”Müharibəni nə vaxt istəsələr başlayırlar, bitirmək isə nə vaxt bacarsalar mümkün olur". Ukraynada müharibəni hamı “ura” ilə başladı, indi necə bitirmək üçün baş sındırırlar. Hər bir müharibənin sonu qarşıya qoyulan vəzifənin yerinə yetirilməsi ilə bağlıdır. Məncə, Qərb, birinci növbədə Amerika bu müharibədə Rusiyanı maksimum çökdürmək, özündən asılı vəziyyətə salmaq məqsədi güdürdü. ABŞ-ın digər məqsədi Avropa iqtisadiyyatını zəiflətmək, rəqabət imkanlarını azaltmaq idi. ABŞ məqsədlərinə qismən nail olub. Rusiya enerji daşıyıcılarından asılı olan Avropa iqtisadiyyatına ağır zərbə vurulub. Rusiya da ağır duruma düşüb, amma hələ ki, müharibə davam edir, iqtisadi çöküş hiss olunmur. Amma müharibədən sonra Rusiya iqtisadiyyatının ağır durumu tam aydınlığı ilə müşahidə olunacaq. Rusiyanın bu müharibədə məqsədlərinə gəldikdə, Kreml Ukraynanın bir hissəsinin ilhaqına can atırdı. İndi Rusiya Ukraynanın cənub-şərq sərhədlərində kifayət qədər geniş əraziyə, Xarkov vilayəti səmtindən Odessa həndəvərlərinə qədərki strateji zolağa nəzarət edir. Deməli, tərəflər müharibə ilə bağlı ilkin məqsədlərinə nail olublar. Ona görə də, intensiv danışıqlar prosesi başlayıb, Co Baydenin müharibə əleyhinə açıqlamaları, Almaniya, Fransa, İtaliyanın təşəbbüsləri, Rusiya və Ukrayna rəhbərliyindən gələn sülh mesajları bu prosesin göstəriciləridir. Fransa, Almaniya, İtaliyanın təşəbbüsünün ciddi nəticələr verəcəyi inandırıcı deyil, daha çox kəşfiyyat xarakteri daşıyır. Onlar Rusiya və Ukraynanın “ağızları”nı aramaq üçün hərəkətə keçiblər. Təsadüfi deyil ki, Fransa prezidenti Rusiyaya da səfər edəcəklərinin mümkünlüyünü qeyd edib. ABŞ bu mərhələdə müharibənin dayandırılmasını istəyir, yeni silah partiyasının göndəriləcəyi də real görünmür. “B” planı var, ya yox, bilən yoxdur. Amma deyilən variantın həyata keçirilməsi 3-cü dünya müharibəsinin başlanması demək olardı. Ona isə hələlik heç kəsin getmək marağı görünmür. Ukraynanı dünyanın siyasi xəritəsindən silmək iddiası da təbliğat xarakterli təşəbbüsdən başqa bir şey deyil. Ukraynanın bufer zonası kimi qalması bütün tərəflərə sərf edir. Digər tərəfdən Ukrayna oturuşmuş bir dövlətdir, onu “silmək” asan məsələ deyil. Beləliklə, tərəflərin hamısı müharibənin bitməsini istəyir, amma bunu bacaracaqlarmı? Bu suala birmənalı cavab vermək çətindir".

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu müharibənin uzun müddət davam edəcəyini düşünür: “Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi daha da şiddətlənib. İndiki halda görünür ki, müharibənin dayandırılması mümkün olmayacaq. Baxmayaraq ki, iyunun 16-da Kiyevə Avropa İttifaqının əsas dövlətlərinin liderləri-Fransa, Almaniya, İtaliya rəhbərləri gəlmişdilər. Açıq şəkildə bəyan etdilər ki, Ukraynaya dəstəyi davam etdirəcəklər. Qapalı görüşlərdə ehtimal budur ki, bu üç dövlət Zelenskini Rusiya ilə danışıqlara razı salmaq istəyirlər. Qərb hazırda iki yerə bölünüb. Ukraynaya hərbi yardım edən ölkələr var ki, onlar Rusiyanın məğlub olmasını istəyirlər. Bir də sözdə Ukraynanı dəstəkləyib, əməldə Ukraynaya hərbi yardımı gecikdirən ölkələr var. Amerika, Polşa, Böyük Britaniya birmənalı şəkildə Ukraynanı dəstəkləyir, Rusiyanın məğlubiyyətinə çalışır. İndi Kiyevə səfər edən Almaniya, Fransa, İtaliya və bir neçə ölkə nə yolla olursa olsun müharibənin dayandırılmasını istəyir. Onlar Ukraynanın ərazisini belə nəzərə almırlar. Bir sözlə, təki müharibə dayansın, iqtisadiyyatımız düzəlsin düşüncəsindən kənara çıxmırlar. Rusiyadan əvvəlkitək qaz və neft almağı arzulayırlar. Əlbəttə, rəsmi Kiyev bununla razılaşa bilməz və razılaşmır da. Ona görə də müharibə hələ bir müddət davam edəcək. Baxmayaraq ki, hər iki tərəfdə böyük itkilər var. Rusiya öz məqsədindən vaz keçmir. Son zamanlar Rusiya Təhlükəsizlik Şurasının müavini, keçmiş prezident Dmitri Medvedev açıq-aşkar Qərb, Ukrayna əleyhinə açıqlamalar verir. Son statusunda da açıq deyib ki, ümumiyyətlə, Ukrayna adında dövlət olmamalıdır. Bunu Putin də dəfələrlə söyləyib. Məqsəd Ukraynanı bir dövlət olaraq yox etmək, ərazilərinin bir hissəsini Rusiyaya birləşdirməkdir. Belə olan halda hansı danışıqlardan, sülhdən danışmaq olar? Ona görə də, müharibə hələ uzun müddət davam edəcək. Bir çox dövlətlər indiki vəziyyətdə çıxış yolu görmür”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR