İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın taleyini və təhlükəsizliyini bunlar müəyyənləşdirəcək

 

Almaniya kansleri Olaf Şolts  və Polşa prezidenti Anjey Duda gələn bazar ertəsi Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparmaq üçün Parisə gələcəklər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Liderlərin nahar görüşündə Ukraynanın NATO-ya üzvlük istəkləri və müttəfiqlərin təhlükəsizlik zəmanətlərinin müzakirə olunacağı gözlənilir.

Keçən həftə Makron Ukrayna üçün “etibarlı, konkret və əsaslı” təhlükəsizlik təminatlarının verilməsinin vacibliyini vurğulayıb və rəsmi Kiyevə NATO üzvlüyü yolunun açılmalı olduğunu deyib.

Şolts öz növbəsində, daha ehtiyatlı bəyanat verib. Onun fikrincə, əsas diqqət üzvlük məsələsinə deyil, fərdi olaraq Ukraynanın necə dəstəklənəcəyinə yönəlməlidir. Polşa dəfələrlə Ukrayna üçün etibarlı təhlükəsizlik təminatları tələb edib.

Qərb liderləri arasında üstünlük təşkil edən rəyə əsasən, Ukrayna Rusiya ilə müharibə etdiyi müddətdə NATO-nun tamhüquqlu üzvü ola bilməz. Lakin NATO üzvləri Ukraynanın Şimali Atlantika Alyansına üzvlük istəklərinə necə cavab verməli olduqları barədə yekdil fikrə malik deyillər”,-deyə “Politico” qeyd edib.

Fransanın mövqeyinə görə, NATO üzvləri Ukraynanın əks hücuma keçdiyi bir vaxtda Rusiyaya güclü siqnal göndərməlidir. "Əgər hamını qane edəcək bir həll tapmasaq, heç bir yekun rəyə gələ bilməyəcəyimiz riski var. Bu, təbii ki, Rusiyaya verə biləcəyimiz ən böyük hədiyyə olacaq", - deyə fransız diplomatlardan biri sayta danışıb.

Üç ölkə liderinin görüşü Şimali Atlantika Alyansının Vilnüsdə keçiriləcək iyul sammitindən bir ay əvvəl baş tutacaq. Burada Ukraynanın NATO-ya daxil olması üçün konkret fəaliyyət planı hazırlana bilər.

Mərkəzi Avropa ölkələri, o cümlədən Polşa qətiyyətlə Ukraynanın NATO perspektivlərini dəstəkləyir. Almaniya bu məsələdə olduqca ehtiyatlı mövqe sərgiləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR