İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın bu istəyi ABŞ-ı ŞOKA saldı

Ukrayna prezidentinin Kiyevin sürətləndirilmiş prosedur əsasında NATO-ya daxil olmağa çalışacağı barədə bəyanatı ABŞ prezidenti Co Bayden administrasiyası üçün gözlənilməz olub.

Musavat.com xəbər verir ki, bu barədə adları çəkilməyən administrasiya rəsmilərindən aldığı informasiya əsasında nüfuzlu “Politico” saytı məlumat yayıb.

Sayt ekspertləri Ukraynanın NATO-ya daxil olması məsələsinin Vaşinqton üçün asan olmadığını vurğulayıblar. Çünki Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi müttəfiqlərdən hər hansı birinə qarşı təcavüzün dəf edilməsində NATO-ya üzv ölkələrin hamısının iştirakını nəzərdə tutur. ABŞ administrasiyası dəfələrlə Ukraynaya müxtəlif formalarda dəstək versə də, Rusiya ilə müharibədən yayınmağa çalışdığını vurğulayıb.

Prezident Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Vladimir Zelenskinin Ukraynanın NATO-ya daxil olması üçün müraciət etməsi ilə bağlı sözlərini şərh edərkən “indi bu məsələ ilə məşğul olmağın vaxtı deyil” cümləsini işlədib. Onun sözlərinə görə, ABŞ NATO-nun açıq qapı siyasətini dəstəkləməkdə davam etsə də, hazırda Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynaya başqa sahələrdə yardım göstərilməsi daha aktualdır.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ukraynanın “təhlükəsizlik zəmanəti” almalı olduğunu söyləsə də, NATO-ya daxil olmasına dəstək məsələsinə ehtiyatla yanaşıb. Bu yaxınlarda Kiyevə səfər edən demokrat konqresmen Mayk Qviqli Ukraynanın xahişini açıq şəkildə dəstəkləyərək “NATO-nun əsl məqsədi məhz demokratiyaları avtoritar rejimlərdən qorumaqdır” deyib.

NATO-nun baş katibi Yens Stoltenberq də Vladimir Zelenskinin bəyanatına münasibət bildirib. Onun dediyinə görə, NATO-nun qapıları bütün demokratik dövlətlər üçün açıqdır, lakin hələlik Alyansın əsas vəzifəsi Ukraynaya dəstəyi davam etdirməkdir. Baş katib həmçinin NATO-nun müharibənin iştirakçısı olmadığını vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR