Onlayn ictimai-siyasi qəzet
Özbəkistanın Fərqanə vilayətinin Kuştəpə rayon məhkəməsi 51 yaşlı sakinini Ukraynada aparılan hərbi münaqişədə iştirak etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya hərbçilərinin tərəfində vuruşan və buna görə cəzalanan şəxs barədə məlumat hökmün surətində açıqlanıb.
Məhkəmə materiallarına görə, müttəhim 2023-cü ilin mayında işləmək üçün Rusiyaya gedib, lakin tezliklə münaqişədə Rusiya ordusuna dəstək vermək qərarına gəlib.
Həmin ilin noyabrında o, Rusiya Müdafiə Nazirliyi ilə 1 illik müqavilə bağlayıb, hərbi təlim keçib, fevralda isə Ukraynaya göndərilib və orada yaralanıb. Müalicədən sonra o, iyul ayında Özbəkistana qayıdıb.
“Kuştəpə rayon sakini, 1973-cü il təvəllüdlü A.X. 154-cü maddənin 1-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli koloniyada çəkməklə, 5 il müddətinə azadlıqdan məhrum edilsin”, - hökmdə deyilir.
Məhkəmə təqsirləndirilən şəxsin etirafını, peşmanlığını və istintaqla əməkdaşlığını nəzərə alıb. Özbəkistanın Cinayət Məcəlləsinə görə, muzdluluq beş ildən on ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Onu da qeyd edək ki, Ukrayna müharibəsi başlayandan bəri Orta Asiya respublikalarından Rusiyaya işləməyə gələnlər polis və hərbi komissarlıq tərəfindən məcburən hərbi əməliyyat zonasına aparılırlar. Onları şərt qarşısında qoyur, döyüşməkdən imtina edənləri ölkəsinə geri göndərirlər. Müharibəyə qatılanlar isə ya həlak olur, ya da bu cür cəzalandırılırlar.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ