Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı ölkələri atəşkəs və ya sülh razılaşması əldə olunacağı təqdirdə Ukraynaya sülhməramlı qoşunların göndərilməsini müzakirə edir.
Musavat.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi mənbələrə istinadla yazır.
Agentlik bildirir ki, danışıqlara Fransa prezidenti Emmanuel Makron rəhbərlik edir və proses ilkin mərhələdədir, lakin artıq ölkələr arasında fikir ayrılıqları var.
“Röyter”in məlumatına görə, Avropa liderləri Rusiya prezidenti Vladimir Putində elə təəssürat yaratmaq istəmirlər ki, danışıqların vaxtı çatıb və o, döyüş meydanında öz mövqeyini qoruyub saxlaya biləcək. Lakin pərdə arxasında bəzi rəsmilər Aİ-nin Ukraynaya hansı təhlükəsizlik zəmanətləri verə biləcəyini, o cümlədən on minlərlə hərbçinin Ukrayna torpaqlarında yerləşdirilməsi barədə düşünürlər.
“Hərbi liderlərimiz artıq gələcəkdə Aİ liderləri tərəfindən nəzərdən keçirilməsi üçün planlar hazırlayırlar”, - Avropa rəsmisi agentliyə bildirib.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, qüvvələrin əsas hissəsini Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniyadan olan hərbçilər təşkil edə bilər. Ukraynalı mənbələrindən biri bildirib ki, Avropa çəkindirici qüvvələri 5-8 ölkədən ibarət koalisiya yarada bilər.
Bəzi analitiklər Avropa kontingentinin təxminən 40,000 əsgərdən ibarət ola biləcəyini irəli sürdülər.
Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda işləyən Avstriyanın keçmiş hərbi planlaşdırıcısı Frans-Stefan Qadi hesab edir ki, yerləşdirməyə hazırlaşan bölmələri əhatə edəcək rotasiyaya təxminən 100.000 əsgər cəlb oluna bilər.
Agentlik yazır ki, istənilən beynəlxalq sülhməramlı qüvvələrin tərkibi fəal müzakirə olunur, çünki o, hər iki tərəf üçün məqbul olmalıdır. Bəzi ölkələr BMT-nin himayəsində olmağı təklif edir, lakin digər rəsmilər bunun Rusiyaya həddən artıq təsir edəcəyinə inanırlar.
“Avropa qoşunlarının Ukraynada olması Rusiya ilə birbaşa qarşıdurma riskini artıracaq və böyük missiyalar üçün ABŞ-ın dəstəyinə çox etibar edən Aİ ordusunu genişləndirəcək”, - “Röyter” qeyd edir. Lakin agentliyin məlumatına görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dekabrın 7-də Parisdə Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə Amerika hərbçilərinin atəşkəs rejiminə əməl olunmasında iştirakını istisna edib. Bununla da bunu avropalıların etməsinin lazım olduğu ortaya çıxıb.
Bu, Kiyevin NATO üzvlüyü vasitəsilə təhlükəsizlik zəmanəti alıb-almamasından asılı olmayaraq, Ukraynada Avropa kontingentinin yerləşdirilməsi demək ola bilər.
Təhlilçilər bildirirlər ki, Aİ ölkələri, çox güman ki, hələ də kəşfiyyat məlumatı və digər əməliyyat yardımı göndərməklə ABŞ-ı bu işə qarışmağa inandırmalı olacaq.
Musavat.com
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ