Onlayn ictimai-siyasi qəzet
ABŞ Senatının Təxsisatlar Komitəsində milli təhlükəsizlik üçün əlavə 106 milyard dollar ayrılması ilə bağlı dinləmələr keçirilib.
Musavat.com bildirir ki, dinləmələr zamanı dövlət katibi Antoni Blinken yardım alan ölkələr sırasında nə qədər təəccüblü görünsə də, 30 il ərzində Azərbaycan ərazilərini işğalda saxlamış, 1 milyon azərbaycanlını ev-eşiyindən didərgin salmış Ermənistanın da adını çəkib.
Qeyd edək ki, bu barədə “Amerikanın səsi” dövlət radiostansiyasının erməni xidməti məlumat yayıb. “Bu fondlar avtokratların və terrorçuların yaratdığı kritik humanitar ehtiyacları, həmçinin Ukrayna, Qəzza, Sudan, Ermənistan və dünyanın digər ölkələrində münaqişələr və təbii fəlakətləri həll edəcək. Mülki əhaliyə ərzaq, su, dərman və digər zəruri humanitar yardımlar Qəzzaya sərbəst şəkildə çatdırılmalıdır. Vətəndaşlar təhdidlərdən uzaq durmalıdırlar. Bu problem HƏMAS-ın mülki şəxslərdən canlı qalxan kimi istifadə etməsi ilə daha da mürəkkəbləşir. Humanitar atəşkəs nəzərdən keçirilməlidir”, - Blinken bildirib.
ABŞ rəsmisi həmçinin vurğulayıb ki, İsrail-Fələstin münaqişəsi zamanı Qəzzaya davamlı humanitar yardım axını olmasa, gərginlik daha da arta bilər.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ