İnsanlara hürriyət, millətlərə istiqlal!

Üçüncü müharibə, yoxsa, birinci sülh?..

Prezident İlham Əliyev bu il fevralın 14-də Milli Məclisdəki Andiçmə mərasimində çıxış edərkən ötən dönəmdə əldə edilmiş nəticələrə, mövcud duruma və ölkənin qarşısında duran vəzifələrə çox önəmli vurğular etmişdi. Prezidentin bir sıra fikirləri dərhal aforizmə, şüara çevrildi.

Örnəyi, “Bizim ailəmiz Türk dünyasıdır” – bu deyim artıq qardaş ölkələrdə də dillər əzbəridir. Beynəlxalq təşkilatlarla bağlı bundan sonra da uyğun addımlar atılacağını bildirən dövlət başçısı, Türk Dövlətləri Təşkilatını sıranın başına qoyaraq, ilk növbədə məhz bu doğma təşkilat çərçivəsində fəaliyyətin daha da gücləndiriləcəyini bildirmiş, “bu, bizim üçün prioritetdir” demişdi. Beynəlxalq prioritetlərinin dövlətimizin yürütdüyü siyasətdən çox aydın göründüyünü vurğulayan Prezident belə demişdi: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Sözümüz isə imzamız qədər keçərlidir. Və əlbəttə, “Türk çadırının orta dirəyi” olan, Turanın altun körpüsünün keçdiyi Azərbaycanın güclü – hərtərəfli güclü olması amillərin amili, şərtlərin şərtidir. Azərbaycan Prezidentinin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışından bir məqama diqqət edək. İşğaldan azad edilmiş ərazilərdəki irimiqyaslı tikinti-quruculuq işlərindən, infrastruktur layihələrindən söz açan Prezident dedi: “Təbii ki, bütün bu işləri görmək üçün iqtisadi imkanımız olmalıdır. Çünki mən onu da bildirməliyəm ki, bütün bu işləri biz öz hesabımıza edirik. Bu günə qədər bizə bərpa işlərində köməklik edən Özbəkistan və Qazaxıstan qardaş dövlətlər olub. Füzuli şəhərində məktəb və uşaqların yaradıcılıq mərkəzi inşa edilibdir və hazırda Qırğızıstan Respublikası da Ağdam rayonunda məktəb inşası ilə məşğuldur. Vəssalam”.

Azərbaycanın gücü digər qardaş ölkələrin, Türk Dövlətləri Təşkilatının gücünə güc qatır. Güclü Azərbaycan xəyal deyil, ümid deyil, inamın özündən doğulan və məhz Dəmir Yumruqla doğrulan həqiqətin özüdür.

Bəli, Azərbaycan Prezidenti Milli Məclisə bu il ikinci dəfə təşrif buyurdu. Dövlət başçısı həm fevral nitqindəki fikirləri davam və inkişaf etdirmiş oldu, həm yeni tarixi vurğular etdi. 14 fevraldan 7 aydan çox vaxt keçib; bu keçən aylar, həftələr ölkəmizin yeni uğurları ilə, vacib irəliləmələrlə süslənib. Örnəyi, Qazaxın dörd kəndi qeyd-şərtsiz öz bayrağımız altına keçib; işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işləri geniş vüsət alıb, “Böyük qayıdış” proqramına uyğun ciddi addımlar atılıb, o cümlədən yeni təməlqoymalar, açılışlar həyata keçirilib; müxtəlif dövlətlərlə işbirliyi yolunda yeni sənədlər imzalanıb, bağlar strateji səviyyəyə yüksəlib. Qarabağ Universiteti, Azərbaycan-Türkiyə Universiteti fəaliyyətə başlayıb. Dükanlarımızda Kəlbəcərin candərmanı “İstisu”yu dolub-daşır və s. Əlbəttə, mən burada çox az örnək gətirmişəm, 7 ayın bütün yeniliklərini bir məqaləyə sığışdırmağa cəhd etməyə heç ehtiyac da yoxdur. Azərbaycan nəinki antiterror tədbirlərindən öncəki, hətta fevraldakı Azərbaycan deyil. – Təsəvvür edin, müharibədən sonra Qarabağın və Zəngəzurun gündoğar bölgəsinin bərpası üçün bu təqvim ilinin sonunadək xərclənməsi nəzərdə tutulan vəsait düz 19 milyard (!) manat təşkil edir. – 19 milyard!

O cümlədən:

3 min km avtomobil yolu çəkilib;
Önəmli dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilib;
270 meqavat gücündə su elektrik stansiyaları artıq istismardadır;
8 min keçmiş məcburi köçkünün öz yurd-yuvasına layiqli dönüşü təmin edilib və s.

Ancaq son deyil bunlar, son deyil. Örnəyi, “Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir, - yəni, o dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil, - 450 körpünün inşası nəzərdə tutulur”.

Yuxarıdakı yazdığımız güclü Azərbaycan vurğusuna bir daha qayıdaq. Əlavə edək ki, güclü Azərbaycan nəinki öz xalqımız və qardaş, dost ölkələr üçün, eləcə də, qonşularımız üçün, bölgəmiz üçün, bizimlə işbirliyində maraqlı olan bütün yaxın-uzaq ölkələr üçün də çox önəmli şansdır. “Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub”. – Azərbaycanın Müzəffər Ali Baş Komandanının bu vurğusu Qarabağın və Zəngəzurun gündoğar bölgəsinin dirçəldilməsi üçün aparılan genişmiqyaslı işlərlə bağlı olsa da, göründüyü kimi yalnız günümüzlə və yalnız adıkeçən bölgələrimizlə məhdudlaşmır. Asiya ilə Avropanı birləşdirəcək ipək dəmir yolları bizim torpaqlardan keçəcəkdir! Tarixdə belə olub, gələcəkdə belə olacaq!

Ölkəmizlə, dövlətimizlə, liderimizlə qürur duyuruq! Bu qürur milli ruhun gerçək, parlaq təntənəsidir! Bu təntənə bizi tarixi müqayisələrə cəlb etməklə yanaşı, gələcəyə götürür. Bəli, gələcək gənclərindir. Ümummilli liderin sözləri yada düşür: “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq”. Bu sözlər isə Prezident İlham Əliyevin 23 sentyabrda Milli Məclisdəki çıxışındandır: “Məsələnin vacibliyi bunu diktə edir ki, gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır”. Doğrudan da, “bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır”?! – Sual da budur, cavab da budur! – Bəli, o şanlı qələbələri bizim xalq, bizim dövlət, bizim ordu, bizim lider qazanıb! O qürurlu xalq bizik! Özü də, bu uğurlar düzxətli, bərabərsürətli hərəkət edilən hamar yolla əldə edilməyib – görünən-görünməyən o qədər, o qədər təziyiqlər olub ki! Onları dəf etmək, sıfırlamaq gərək olub. Dövlət başçısı “Bir neçə saat böyük xarici təzyiq altında davam edən antiterror əməliyyatı” vurğusunu etdi, “mən heç başqa amilləri demirəm” dedi. Amma bütün təzyiqlər dövlətimizin, dövlət başçımızın iradəsi ilə və sanki bir ilahi qüdrətlə sıfırlandı! - Azərbaycanda separatçılığın kökü kəsildi! Bu, bir qərinənin, bir əsrin deyil, ən azı 200 ilin üst-üstə qalaqlanmış ağrısı-acısı, dərdi-azarıydı. Bitirdik, yendik! İncələn haqqın üzülməsinə illa imkan vermədik! – Yəni, doğrudan doğruya “fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır”!

Azərbaycan Prezidentinin Milli Məclisdən verdiyi yeni ismarıcları bəzilərinin öz keçici çıxarlarına uyğun yorumlamağa cəhd etdiyini də görməkdəyik. Əsasən də müharibə hazırlığından danışılır. Ancaq yorumçular, əslində, sülh hazırlığından danışmalıydı. Axı öz tarixi problemlərini ləyaqətlə həll etmiş dövlət nə üçün müharibə hazırlığında olsun ki? Ancaq bu o demək deyil ki, revanşizm cəhdlərini görməyək, məğlub dövlətin silahlandırılmasına göz yumaq. Bax, məsələ bundadır. – “Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir. Bəzi hallarda açıq - necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır - bəzi hallarda isə məxfi formada. Ancaq biz indi hər şeyi bilməliyik və bilirik, kimlər nəyi Ermənistana nə vaxt ötürür, hansı hərbi yük təyyarələri Ermənistan hava limanlarına enir və o yük təyyarələrində hansı hərbi məhsullar Ermənistana daşınır. Yəni Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır.

...Ancaq onu da bilməlidirlər ki, biz buna imkan verməyəcəyik. Mən artıq demişəm ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq”. - Ona görə də, dövlət başçısı hərbi gücümüzün artırılmasını “Birinci nömrəli vəzifə” olaraq ifadə etdi. Bu, üçüncü müharibə hazırlığı, müharibə çağırışı deyil, birinci qalıcı sülh hazırlığıdır. Sülh istəyən sülhü, müharibə istəyən müharibəni bulacaq. – Bir siyasi aksiomdur bu...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR