İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müharibəsində əsas hədəf Rusiya deyil? - ABŞ Çini küncə sıxışdırır...

Uniformasını geyinmiş Çinin müdafiə naziri və Xalq Qurtuluş Ordusunun generalı Vei Fenxe ölkəsini küncə sıxmağa cəhd etməyə, daxili işlərə müdaxilə etməyə qarşı ABŞ-a xəbərdarlıq edib. O, bildirib ki, bu hərəkətlər ABŞ-Çin münasibətlərinə zərər vurur. “Yeni Müsavat” yazır ki, Vaşinqton Moskvadan sonra Pekini hədəf almaqda niyyətli görünür. “Biz ABŞ tərəfinə müraciət edirik ki, Çinin daxili işlərinə müdaxilə etməyi dayandırsınlar. ABŞ bunu etdiyi müddətdə ikitərəfli münasibətlər inkişaf edə bilməz” - deyə, Vei Sinqapurda keçirilən üç günlük təhlükəsizlik görüşünün son günündə bildirib.

ABŞ-ın müdafiə katibi Lloyd Ostin bildirib ki, ABŞ öz hüquqlarını müdafiə edən dostlarının yanında dayanır. “Bu, Çin Xalq Respublikasının ərazi iddiaları ilə bağlı aqressiv yanaşma ortaya qoyduğu bir zamanda xüsusilə önəmlidir”, - deyə Ostin bildirib və əlavə edib ki, “indi bir Çin siyasətimizin parçası olaraq, biz Tayvan Münasibətləri Aktı çərçivəsində öhdəliklərimizi yerinə yetirməyə davam edəcəyik. Bura Tayvanın özünü müdafiə bacarığının dəstəklənməsi də daxildir”.

Bir çox ekspertlər Ukrayna müharibəsindən öncə və savaş gedişində bildiriblər ki, gerçək müharibə əslində ABŞ-la Çin arasında gedir. Ukrayna müharibəsində əsas oyunçular Amerika və Çindir. Kissincerin Davosda verdiyi bəyanatın kökündə də Çin amili dayanırdı. Kissincer kimi strateqlər düşünürlər ki, Rusiyanı çox sıxmaq, birmənalı məğlub etməyə çalışmaq yanlışdır. Belədə Rusiya birmənalı şəkildə Çinlə yaxınlaşır, ona tərəf gedir. Həmçinin Rusiyadan sonra Amerika gərək ilkin mərhələdə Çinlə siyasi-diplomatik, sonra isə gerçək müharibə aparsın.

Düzdür, Çin Rusiya kimi qonşu ölkələrin torpaqlarını işğal etmir, ancaq Pekinin artan gücü onu əhatə edən ölkələri, o cümlədən ABŞ-ı ciddi narahat edir. ABŞ-la Çin uzun illər möhkəm ticarət tərəfdaşı olublar. Donald Tramp prezident seçildikdən sonra Vaşinqtonun Çinə siyasəti dəyişdi. ABŞ-ın 2017-ci ildə hazırladığı milli təhlükəsizlik strategiyasında Çindən gələn təhlükənin miqyası artırıldı. Çinin və Rusiyanın siyasəti Amerikanın maraqları və dəyərlərinə tamamilə tərs kimi qiymətləndirildi.

Amerikada hesab edirlər ki, Çin regional layihələr və investisiyalar vasitəsilə başqalarını öz təsiri altına salmağa çalışır. Amerikada gəlinən bir başqa qənaət bundan ibarətdir ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 40 il keçdikdən sonra Çin Amerikanın liderliyinə, təhlükəsizliyinə və iqtisadiyyatına başlıca təhlükədir. Ona görə də bu ölkə hədəf alınmalıdır.

Qabil Hüseynli: “Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı  olacaq” » Reyting.az

Qabil Hüseynli: “Çin də Amerika üçün təhlükələrdən biridir, lakin...”

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki Çin də Amerika üçün təhlükələrdən biridir: “Lakin ABŞ deyir ki, onun əsas rəqibi Rusiyadır. Çinlə bir sıra məsələləri həll etmək olar, amma şimal qonşumuz kompromislərə getmək istəmir. Çünki ərazi iddiaları var, postsovet məkanını ələ keçirmək istəyir, Avropanı hədələyir. Ona görə Britaniya, ABŞ və bütövlükdə Qərb Rusiyanı indi özü üçün əsas təhlükə görür”.

Professorun sözlərinə görə, Çinin ciddi təhlükə olmasına hələ illər var: “Rusiyanı çökdürməmiş Çinlə mübarizə mümkün olmayacaq. O baxımdan Ukrayna müharibəsində rusların burnunu sındırmaq istəyirlər. Artıq Kissincer kimi pul hərisi də fikirlərinə düzəliş etməli oldu. Ümumiyyətlə, 99 yaşlı adam nə analitik rəy söyləyə bilərdi? O, sadəcə, araqarışdırandır. Fukuyamanı isə müəyyən qədər söyləmək olar, tanınan beyin adamlarından biridir. Odur ki, Ukrayna müharibəsində və bütövlükdə hədəf Rusiyadır”.

Elxan Şahinoğlu: Azərbaycan heç vaxt işğalla barışmayacaq - "İki sahil"

Elxan Şahinoğlu: “Mərkəzi Asiya uğrunda mübarizə genişlənir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun bildirdiyinə görə, Mərkəzi Asiya uğrunda mübarizə genişlənir: “Rusiya, Çin, Türkiyə, Avropa İttifaqı və ABŞ Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığa can atırlar. Mərkəzi Asiya vacib bölgə olmaqla yanaşı, zəngin qaynaqlar və nəqliyyat yolları deməkdir. Buna baxmayaraq, təhlükəsizlik sahəsində Çin Mərkəzi Asiya ölkələrinin təminatçısı rolunda çıxış etmir. Mərkəzi Asiya ölkələrinin hər birinin fərqli təhlükəsizlik problemləri var. Misal üçün, Qazaxıstanda yanvar ayında çaxnaşmalar baş verəndə Pekin müdaxilə etmədi. Halbuki Rusiya Qazaxıstana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbçilərini göndərmişdi. Rusiya və Çin stateji tərəfdaş sayılsalar da, Mərkəzi Asiyadakı maraqlarında fərqli çalarlar var. Mərkəzi Asiya ölkələri iqtisadi zəmində Çindən asılı vəziyyətə düşdükcə, bu, Rusiyanın regional maraqları ilə üst-üstə düşmür”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova: “ABŞ-ın növbəti məqsədi Çinin tamamilə zəiflədilməsi olacaq, amma indiki planda...”

Siyasi şərhçi Ramiyə Məmmədova razılaşır ki, Rusiyadan sonra növbə Çinə çata bilər: “Belə nəzəriyyələr irəli sürülür. Amma Çin militarist siyasət yürütmür. Yəni dünyanı iqtisadiyyatı, istehsalı ilə ələ keçirir. Bu ”işğal"a qarşı yalnız iqtisadi müstəvidə mübarizə aparmaq mümkündür. Bəzən ekspertlər bu cür mülahizələr irəli sürürlər ki, ABŞ Rusiyanı tamamilə yıxmaq istəmir ki, Çinə qarşı mübarizədə ona lazım olsun. Belə bir ssenari mümkündür. Ancaq Çin ərazi iddiaları ilə dünyanı, qonşularını, Orta Asiyanı təhdid etmir. Pekin Tayvana silah tədarükünə görə ABŞ şirkətlərinə analoji sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Sanksiyaların ABŞ-ın “Raytheon Technologies” və “Lockheed Martin” şirkətlərinə təsir edəcəyi bildirilmişdi. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev də demişdi ki, son 30 ildə ABŞ-ın primitiv oyununun məqsədi Rusiyanı düşmən kimi göstərmək idi, daha sonra növbə Çinə gələcək, bu isə ağır böhrana və nüvə partlayışına səbəb olacaq. Medvedyevin fikrincə, ABŞ-ın növbəti məqsədi Çinin tamamilə zəiflədilməsi olacaq. Bundan sonra ciddi qlobal böhrana, enerji və ərzaq tənəzzülünə, bütün kollektiv təhlükəsizlik sistemlərinin sıradan çıxmasına və böyük nüvə partlayışına qədər cəmi bir neçə addım qalıb. Hazırda yaranmış gərginliyə baxmayaraq, Amerikanın yaxın planlarında Çinlə aşkar qarşıdurma gözlənilmir, uzaq hədəflərində istisna deyil".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR