İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müharibəsi I Dünya müharibəsinə oxşamağa başlayıb? - 6 ayın yekunu

Hərbi ekspert: “Rusiyanın Avropa hissəsində yerləşən anbarlarında silah-sursatın tam tükənib”

23 avqustda Rusiyanın Ukraynaya hərbi təcavüzə başlamasının 6 ayı tamam olur. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, bu həftə ölkə üçün çox mühüm olacaq. ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer isə deyib ki, Ukraynada müharibənin qeyri-müəyyən müddətə uzanması təhlükəlidir. O, Ukraynadakı münaqişənin danışıqlarla bitməli olduğunu vurğulayıb.

“Hesab edirəm ki, Ukraynaya NATO-ya üzvlük təklifi səhv idi. Ona görə də danışıqlar aparılmalıdır və müharibənin qeyri-müəyyən müddətə uzanmasına imkan verilməməlidir. Çünki o zaman bu, Birinci Dünya Müharibəsinə bənzəyəcək və dərin eskalasiyaya gətirəcək”, - Kissincer vurğulayıb.

ABŞ-ın sabiq baş diplomatı NATO-ya üzv ölkələrin tezliklə danışıqların mümkün nəticəsi barədə öz aralarında razılığa gələcəyinə ümid etdiyini də söyləyib. “Mənim təklif etdiyim - müharibə başlamazdan əvvəl mövcud olan xəttə geri dönülməsidir. Bu isə o deməkdir ki, Rusiya bu müharibədə əvvəllər ələ keçirdiyi Ukrayna ərazisinin 15-20%-dən imtina etməli olacaq. Ardınca NATO Rusiya ilə uzunmüddətli münasibətlərinin necə olacağını düşünməlidir”, - Kissincer hesab edir.

Bəs Rusiya buna gedərmi?

182913698_1582784665255544_2375859356150788281_n.jpg (149 KB)

Öz növbəsində ABŞ-ın “Politico” adlı məşhur nəşri isə yazıb ki, Avropa Ukraynaya hərbi yardımın həcmini azaltmağa başlayıb. Nəşr bildirir ki, Ukraynaya hərbi tədarüklər məhz Ukrayna Silahlı Qüvvələrinin “həlledici hücuma” hazırlaşdığı və müharibə kritik mərhələyə daxil olduğu bir vaxtda zəifləyir.

Pentaqonun qapalı brifinqində ABŞ kəşfiyyatının adı açıqlanmayan rəsmisi isə söyləyib ki, Rusiyanın sursatları tükənir və bu da onların hücum potensialının azalması prosesini sürətləndirir. “Əlimizdə sursatların tükəndiyinə və artıq onların gizli anbarlardan çıxarılmasına dair çoxlu sübutlar var”, - ABŞ kəşfiyyat rəsmisi deyib. ABŞ kəşfiyyatının məlumatına görə, hazırda Rusiya batalyon-taktiki qruplarını birləşdirməyə və öz qüvvələrini bərpa etməyə çalışır.

Hərbi-strateji və siyasi-diplomatik planda əsas yekunlar nədən ibarətdir? Müharibənin bitməsinə daha necə belə 6 ay qalıb?

Böyük ehtimalla bu, idarə olunan prosesdir" - Azad İsazadə

Hərbi ekspert Azad İsazadə “Yeni Müsavat”a bildirdi ki, müharibə uzandıqca Rusiyanın silah-sursatı yavaş-yavaş tükənir, lakin hələ bu proses Rusiya üçün kritik həddə çatmayıb. Rusiyanın Avropa hissəsində yerləşən anbarlarında silah-sursatın tam tükəndiyindən danışmaq mümkündür. Ordu uzaq şərqdən, Sibirdən silah-sursatı daşımalıdır. Bu da çox uzun bir prosesdir: “Yüz min tonlarla yükü bu qədər uzaq məsafədən daşımağın özü həm vaxt, həm də əlavə xərclər tələb eləyir. Ona görə də hələlik Rusiya başlayıb Belarus ordusunun anbarlarından istifadə etməyə. Artıq indiyə qədər bir dəfə 13 min ton, bir dəfə 12 min ton, bir dəfə isə 15 ton silah-sursatı Belarus ordusu Rusiyaya verib. Bu onu göstərir ki, Belarus ordusu Ukraynaya qarşı döyüşə cəlb edilməyəcək. Çünki müharibəyə hazırlaşan ölkə öz sursatını sağa-sola dağıtmaz. Belarus ordusunun Rusiya ordusuna silah, sursat verməsi onu göstərir ki, rus ordusunun silah-sursatı azalır. Ümumiyyətlə, bu müharibədə Rusiyanın zəif nöqtələrindən biri silah-sursat məsələsi, onun daşınması idi. Bu problem Kiyev ətrafında döyüşlərdə də özünü göstərdi. Ukraynalılar komunikasiyaları kəsdilər və Rusiyanın hərbi texnikaları yanacaqsız, sursatsız qaldılar və məcbur oldular geri çəkildilər. İndi həmin vəziyyət Dneprin sağ sahilində Herson ətrafında yaşanır. 25 minlik rus ordusu əraziyə yerləşdirilib. Ukrayna ordusu körpülərdən gediş-gəlişə maneələr yaratdı. İndi 25 min rus əsgəri sursatsız qalıb. Hətta geri də çəkilə bilmirlər. Çünki geriyə çəkilsələr texnikasız çəkilməli olacaqlar, bütün ağır texnikalarını, ağır silahlarını qoyub çıxmalı olacaqlar. Piyadalar geri çəkiləndə canlı itkiləri də çoxalacaq”.

A.İsazadə qeyd etdi ki, Ukrayna ordusunun da may ayında silah-sursatı tükənmək üzrə idi. Rus ordusu artilleriya üstünlüyündən istifadə etməklə yavaş-yavaş irəliləyirdi. Qərbdən Ukrayna gələn silahlar vəziyyəti sabitləşdirməyə imkan verdi: “Amma Qərbdən Ukrayna ordusuna gələn silah, sursatlar da kifayət qədər deyil. Hücumları dəf etməyə həmin silahlar imkan yaratdı. Amma əks-hücuma keçməyə Ukrayna ordusunun yetərli silahı yoxdur. İnsan resursları kifayət qədərdir. Amma ağır texnika, artilleriya kifayət qədər deyil. Ona görə Ukrayna ordusunu ciddi əks-hücuma keçə bilmir”.

Həmsöhbətimizin sözlərinə görə, gedişat göstərir ki, bu müharibə mövqe müharibəsinə keçə bilər: “Bu, pessimist proqnozdur. Mövqe müharibəsi isə adətən uzun müddət çəkir. Əgər Ukrayna ordusu hansısa istiqamətdə ciddi əks-hücuma keçib cəbhəni yara bilsə istisna olunmur ki, Rusiya ordusunda domino effekti yaşansın. Bunun nə zaman olacağını isə demək çətindir. Bu gün üçün dəqiq onu demək mümkündür ki, müharibə hələ davam edəcək. Yəqin ki, yaxın iki-üç həftədə bəlli olacaq ki, bu müharibə 2022-ci ilin sonunda bitəcək, yoxsa uzun müddətli müharibə olacaq. Çox şey Qərbdən Ukraynaya gələn silahdan asılıdır”.

Ekspert hesab edir ki, Rusiya indiki vəziyyətdə Kisinncerin dilə gətirdiyi şərtlərə razı olmayacaq.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR