İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna İsrail-İran müharibəsi meydanına çevrilir

“Bu təhlükəli proses hara doğru gedir” sualına ekspert rəyləri 

Rusiyanın Ukraynada başlatdığı müharibə yeni mərhələyə daxil olur. İran kamikadze PUA-larından sonra Rusiya ordusuna yeni tipli raketlər verməyə hazırlaşır. Amerika kəşfiyyatı daha əvvəl iddia etmişdi ki, Tehran Moskvanı kamikadze dronlarla təmin edib. Lakin bu iddialar həm Rusiya, həm də İran tərəfindən rədd edildi.

Ancaq Ukrayna Rusiyanın müharibədə İran dronlarından istifadə etdiyinə dair görüntülər paylaşmaqla bunu təsdiqlədi. Avqust ayında ortaya çıxan ilk kəşfiyyat məlumatlarında İranın Rusiyaya Mohajer-6 və Shahed seriyalı PUA-ları göndərdiyi bildirilirdi. Yeni iddialara görə isə, İran Rusiyaya təkcə pilotsuz təyyarələr deyil, həm də ballistik raketlər göndərməyə razılaşıb. “Washington Post”a danışan rəsmilər bildiriblər ki, Tehran administrasiyası sentyabrın 18-də Moskvada Rusiya rəsmiləri ilə görüşüb və yeni yüklərin tədarükü məsələsini müzakirə edib.

Buna uyğun olaraq İran Rusiyaya 300/700 kilometr mənzilli “Fateh-110” və “Zülfikar” raketlərini göndərməyə hazırlaşır. Əgər daşınma baş tutsa, bu, müharibə başlayandan bəri Rusiyaya bu cür raketlərin ilk çatdırılması olacaq. İranın Rusiyaya ballistik raketlər tədarük etməsi ilə bağlı məlumatlar ortaya çıxandan sonra İsrail Ukraynaya hərbi yardım göstərməyə başlamalıdır. Bu barədə İsrailin diasporla iş üzrə naziri Naman Şai öz "Twitter" səhifəsində yazıb.

"İran Rusiyaya ballistik raketlər verir. Artıq İsrailin bu qanlı münaqişədə hansı mövqe tutacağına heç bir şübhə yoxdur. ABŞ və NATO ölkələri kimi Ukraynaya hərbi yardım göstərməyin vaxtı çatıb”, – İsrailli nazir yazıb.

Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı başlayandan İsrail Kiyevə yalnız humanitar yardım və mülki fövqəladə hallar xidmətinin əməkdaşları üçün məhdud miqdarda qoruyucu vasitələr təqdim edir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev “Telegram” kanalında bildirib ki, İsrailin Ukraynaya silah tədarük etmək qərarı reaksiya verib. Onun sözlərinə görə, İsrailin Ukraynaya hərbi dəstək qərar ağır nəticələrə gətirib çıxara bilər. “Hadisələrin inkişafı variantlarından biri Rusiya ilə İsrail arasında bütün dövlətlərarası əlaqələrin məhv edilməsi ola bilər” deyə, o bildirib. Beləliklə, Ukrayna indi də İsrail-İran müharibəsi meydanına çevrilir. Bu təhlükəli proses hara doğru gedir, nə olacaq, Rusiya ilə İsrail münasibətlərinin gərginləşməsi nə vəd edir?

Əhəd Məmmədli: “Bu qətliam Rusiya tarixinə bir qara ləkə kimi düşdü”

 Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirdi ki, fevral ayından başlanan Ukrayna-Rusiya müharibəsi və paralel olaraq Qərb-Rusiya qarşıdurmasında İsrail tərəf tutmurdu, neytral qalırdı: “Baxmayaraq ki, İsrail ABŞ-ın ən strateji müttəfiqidir və Ukrayna hakimiyyətinin başında milliyətcə prezident, müdafiə naziri, Prezident Aparatı rəhbəri səviyyəsində yəhudilər durur. Amma ilk dəfədir ki, İsrail nazir səviyyəsində Ukraynaya tərəf olacaqlarını bildirdi. Düzdür, Rusiyadan da dərhal Medvedyev səviyyəsində İsrailə təhdid cavabı gəldi. Unutmayaq ki, Rusiya Suriyadadır, Dəməşq də yarıməsrdən çoxdur Təl-Əvivlə hərbi münaqişədədir. Üstəlik, Kremlin fələstinlilərlə ənənəvi münasibətlərini də nəzərə alsaq, Medvedyevin təhdidlərinin hara yönəldiyini anlamaq çətin deyil. İsrail Ukraynaya hərbi dəstək verə, silah sata bilər. Lakin düşünürəm ki, Rusiya ilə də münasibətləri qoruyub saxlamağa çalışacaq. Nümunə kimi qardaş Türkiyəni göstərmək olar. Qardaş ölkə Ukraynaya “Bayraktar” verir, amma Rusiya ilə də çox yaxın münasibətlər qoruyub saxlaya bilir. Təl-Əviv də, Ankaranın Kiyev və Moskvaya münasibəti taktikasından istifadə edə bilər. Amma bu olan halda Moskva Ankaraya olan ehtiyatlı davranışını Təl-Əvivə də sərgiləyəcəkmi, bax bu artıq başqa bir məsələdir. Moskva Tel-Əvivlə ehtiyatlı davranış sərgiləməsə, yəhudi dövlətinin ərəb cəbhəsində problemləri ola bilər. Məsələn, “Həmas”ın indi İsrailə qarşı istifadə etdiyi əldəqayırma raketlər, Rusiya və yaxud İran tərəfindən istehsal edilən raketlərlə əvəzlənə bilər və s. Təl-Əvivdə də bunu bilməmiş deyillər”.

Bağlıdır Avropa Birliyinin qapısı üzümüzə...”- Tiflisin suçu...

Şəhla Cəlilzadə

STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə isə qeyd etdi ki, Rusiya ilə münasibətlər İsrail üçün hər zaman xüsusi əhəmiyyət daşıyıb: “Bu münasibətlər bir sıra amillər nəzərə alınaraq inşa olunmaqdadır: SSRİ İsraili de-yure, yəni rəsmi olaraq tanıyan ilk dövlətdir (müstəqilliyini elan etdikdən 3 gün sonra, 17 may 1948-ci il tarixində), ümumiyyətlə İsrail dövlətinin qurulmasında ən önəmli aktorlardan biri SSRİ olub. O cümlədən SSRİ Almaniya-Nazilərin yəhudi soyqırımına qarşı mübarizədə iştirak edib, Nazi hakimiyyətini məhv edib. Təsadüfi deyil ki, Rusiya dəfələrlə İsrailə müraciət edərək, rəsmi Yerusəlimin Zelenski hakimiyyətinin bir sıra Nazi elementləri daşımasına görə Ukraynanı niyə qınamadığını sorğulayıb. İsrail SSRİ-nin varisi olaraq Rusiya ilə münasibətləri hər zaman xüsusi olaraq qoruyub. Odur ki, İsrailin Diaspora ilə iş üzrə nazirinin açıqlamasından sonra ölkənin Xarici İşlər Nazirliyi qeyri-rəsmi yollarla məlumat yayaraq nazir Şainin mövqeyinin İsrail hökümətinin rəsmi mövqeyi olmadığını bəyan edib. İsrail indiyədək Ukraynaya humanitar yardımlar göndərsə də, Kiyevin rəsmi istəklərini və bəyanatlarını rədd edərək, müdafiə silahları, xüsusilə hava hücumundan müdafiə sistemlərini Ukraynaya verməkdən imtina edib. Zelenski ötən ay buna görə hətta İsraili tənqid etmiş, İsrailin Ukraynanın özünü müdafiə etməsi üçün “heç nə etmədiyini” bildirib. Ukraynada müharibə İsrailin müharibəsi deyil, burada onun maraqları İran maraqları ilə toqquşmur. İsrailin maraqları xüsusilə yaxın Şərq regionunda İranla toqquşur ki, burada, xüsusilə Suriyada hava məkanı Rusiya nəzarətində olduğu üçün, yəhudilər ruslarla əməkdaşlıq çərçivəsində İranın qarşısının alınması üçün bir sıra tədbirlər həyata keçirirlər. Odur ki, İsrailin Ukraynaya dair mövqeyini qoruyacağını təxmin etmək olar. Lakin, Qərbin Ukraynaya artan hərbi yardımları çərçivəsində İsrailin Ukraynaya gizli, xüsusilə kəşfiyyat məlumatlarının ötürülməsini özündə əxz etdirən dəstəyinin artacağı təxmin edilə bilər”.

Məhəmməd Əsədullazadə: "ABŞ Talibana qarşı sanksiyaları genişləndirəcək”

Məhəmməd Əsədullazadə

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadənin fikirləri isə belədir: “Rusiyanın Ukraynaya qarşı müharibədə İrandan kamikadze donlar idxal etməsi təkzib olunmaz faktdır. Baxmayaraq ki, İran bunu gizlədir. İranın Qərbə qarşı müharibədə Rusiyanın yanında yer alması, öz silahları ilə Qərblə döyüşməyi Tehran üçün mənfi nəticələri olacaq. İranın bu siyasəti Ukraynaya İsrailin silah verməsi ilə nəticələnə bilər. Yeni ballistik raketlərin Rusiyaya göndərilməsi də gözlənilir. Belə olan təqdirdə İrana qarşı yeni sanksiyalar tətbiq ediləcək. İran artıq Şərqi Avropada Qərblə yeni müharibəyə qarışıb. İsrail Ukraynaya silahlar verəcək. Bu da Rusiyanın imkanlarını kifayət qədər zəiflədəcək və Ukraynanın hücumunu gücləndirəcək. Moskvanın İsrailə ciddi təsir edəcək mexanizmi yoxdur. İsrail bele bir silahlar Ukraynaya verməsi mümkündür. ABŞ da İsrailin Ukraynaya silah verməsini təklif edəcək. Rusiya və İsrail arasında siyasi -iqtisadi əlaqələr yüksək səviyyədə olub. Amma, Rusiyanın hazırkı siyasəti İsrailin Qərb tərəfdaşlarının yanında olmasını diktə edir. Bundan əlavə, İranın Rusiyaya silahı İsrailin buna susmayacağını göstərir. Moskva Təl-Əviv əlaqələri pisləşə bilər. Amma, bunun İsrailə hər hansı bir təsiri olmayacaq. İsrail İran silahlarını Ukraynada zərərləşdirmək üçün yeni silahlarını test edəcək. Bu, İsrail üçün hərbi baxımdan əhəmiyyətlidir”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR