Onlayn ictimai-siyasi qəzet
“AXCP, Müsavat və bir neçə digər təşkilat ancaq xaricdən gələn tapşırıqları icra etməklə məşğuldur”.
Bu sözləri Musavat.com-a açıqlamasında YAP-çı deputat Aydın Mirzəzadə deyib. “Artıq ənənə halını alıb ki, Azərbaycanda seçkilər, ölkəmizdə mühüm beynəlxalq tədbirlər ərəfəsində xaricdəki müəyyən mərkəzlər anti-Azərbaycan kampaniyasına başlayırlar, ölkəmizə qarşı böhtanlar atılır. Vaxtilə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün əsasında yaradılmış bir neçə siyasi təşkilat bir qayda olaraq seçkilərdə iştirakdan imtina edir, onları cəmiyyətlə işləyən görmək olmur. Onların regionlarda hər hansı bir fəaliyyətlərindən danışmağa dəyməz. Ancaq bununla belə, xaricdəki anti-Azərbaycan mərkəzləri ilə sıx əlaqədə olurlar, onlarla bir müstəvidən çıxış edirlər, bir növ onların tapşırıqlarını yerinə yetirmiş kimi görünürlər. Bunu nə vətənpərvərlik, nə də demokratiklik adlandırmaq olar. İstənilən ölkənin siyasi təşkilatları ilk növbədə, ölkə daxili ilə işləməlidir. Ölkəni özlərinin gördükləri demokratik formaya gətirmək üçün çalışmalıdırlar. Əlbəttə, müxtəlif fikir ayrılıqları ola bilər. Seçkilər də ona görədir ki, ilk növbədə, seçici öz seçimini edə bilsin. Demokratik, mərkəzçi və bitərəf qüvvələr bu günlərdə seçkilərə çox aktiv şəkildə hazırlaşırlar”, - deyə o bildirib.
Deputat bu günlər seçki prosesinin ən vacib hissəsinin yaşandığını da qeyd etdi: “Artıq bir neçə namizəd irəli sürülüb. MSK-da qeydiyyatdan keçmə və imzatoplama ərəfəsidir. Bütün bu proseslərdən kənarda qalan radikal müxalifət AXCP, Müsavat və bir neçə digər təşkilat ancaq xaricdən gələn tapşırıqları icra etməklə məşğuldur. Seçkidə uduzacaqlarını, cəmiyyətdə hər hansı bir nüfuzlarının olmadığını hiss edərək seçkiyə getməkdən imtina etdilər. Onların əsas vəzifələri Azərbaycan barəsində bu gün xaricdə mənfi fikir yaratmaq cəhdləridir. Amma hesab edirəm ki, onların cəhdləri ölkə daxilində puç olduğu kimi, beynəlxalq aləmdə də puç olacaq. Çünki Azərbaycanın beynəlxalq aləmdə hər keçən gün nüfuzu daha da artır. Azərbaycan beynəlxalq təşkilatların fəaliyyətində fəal iştirak edən ölkələrdən biridir. Azərbaycanla ikitərəfli əlaqələr qurmaq istəyən dövlətlər kifayət qədər çoxdur. Bu, ölkə rəhbərinin düşünülmüş şəkildə apardığı daxili və xarici siyasətin nəticəsindədir. Radikal müxalifətin arzuları, həmişə olduğu kimi, yenə də yerinə yetirilməmiş qalacaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ