İnsanlara hürriyət, millətlərə istiqlal!

Üçüncü dünya müharibəsi artıq reallıqdır: Savaş hibrid model və gizli plan üzrə bütün planetə yayılır

Nüvə savaşının başlanması üçün isə məhz Ukrayna və Yaxın Şərqdə baş verən silahlı toqquşmalar əsas "düyün nöqtələri" hesab olunur...  Rusiya Belarusa, ABŞ isə Böyük Britaniyaya nüvə arsenalını daşıyır, dünya böyük ölçüdə "savaş bataqlığı"na çevrilə bilər...

Beynəlxalq məkanda savaş ritorikası artan xətt üzrə inkişaf edir. Dünya nəhəngləri iki düşmən qütbdə cəbhə alaraq, bir-birilərini təhdid edirlər. Üstəlik, sürətlə silahlanma prosesi də indi yeni inkişaf istiqamətləri almağa başlayıb. Bu baxımdan, hesab etmək olar ki, dünya artıq yeni"soyuq müharibə" dövrünə keçid almaq üzrədir. Və bu prosesin yaxın gələcəkdə daha təhlükəli görüntülər ala biləcəyi də qətiyyən istisna deyil.

Məsələ ondadır ki, ABŞ və Qərb indi Rusiya və Çinə qarşı ehtimal edilən savaşa hazırlığı əsas hərbi-siyasi prioritet kimi ön plana çıxarıb. Avropa Birliyi ölkələri öz hərbi büdcələrini dəfələrlə artırmaq barədə qərar qəbul ediblər. "Qoca qitə"də Avropa ümumi ordusunun yaradılması barədə ideyanın tərəfdarları da ciddi şəkildə artıb. Və bu, dünyanın tədricən hərbi iqtisadiyata doğru yönəlməkdə olduğuni göstərir.

Belə anlaşılır ki, Qərb siyasi dairələrində üçüncü dünya müharibəsinin qaçılmaz olduğu barədə qənaətlər hər ötən gün daha da möhkəmlənir. Ona görə də, bu qorxunc və dağıdıcı savaş təhlükəsinə hazırlıqsız yaxalanmaq istəmirlər. Halbuki, hazırda qlobal savaş təhlükəsindən yayınmaq üçün imkanlar hələ tam tükənməyib. Və sadəcə, dünya hegemonluğu uğrunda amansız mübarizədən imtina etmək, maksimalist, güzəştsiz hədəflərdən geri çəkilməklə, beynəlxalq sabitliyi ön plana çıxartmağa ehtiyac var.

6df16bd395986d702344a84c3794b42a.jpg (184 KB)

Ancaq indiki situasiyada mötədil siyasi çağırışlar o qədər də keçərli deyil. Çünki dünyanın bir çox önəmli regionunda hərbi münaqişələr yaşanmaqdadır. Onların bəziləri, xüsusilə də, Ukrayna savaşı və Yaxın Şərqdə baş verən silahlı toqquşmalar hər an qlobal müharibəyə çevrilə biləcək istiqamətlər almış kimi görünür. Və bu baxımdan, indi beynəlxalq məkanda sülh deyil, savaş gündəliyinin müzakirəsi daha prioritet xarakter daşıyır.

Maraqlıdır ki, ABŞ başda olmaqla, bəzi Qərb ölkələri hazırda yalnız üçüncü dünya müharibəsinə deyil, buna paralel olaraq, həm də nüvə silahına da hazırlaşırlar. Belə ki, Ağ Evdə və Pentaqonda həm Rusiya, həm də Çin ilə nüvə savaşı ehtimalına indi daha real təhlükə kimi yanaşırlar. Ona görə də, nüvə arsenalını bu iki dövləti hədəfə almaq üçün ən sərfəli strateji coğrafi məkanlara yerləşdirməyə cəhd göstərirlər. Və bu məsələdə Avropa məkanına xüsusi üstünlük verilir.

Ağ Ev ABŞ-ın nüvə başlıqlarının bir qismini Böyük Britaniya ərazisinə transfer etmək barədə qəti qərar verib. Eyni zamanda nüvə başlıqlarını Rusiya və Çinə qədər daşıya biləcək uzaqmənzilli raket sistemləri də Böyük Britaniya ərazisinə yerləşdiriləcək. Nəhayət, Pentaqon bu ölkəyə 50 "F-35" döyüş təyyarəsi də göndərmək niyyətindədir. Əsas səbəbsə, məhz bu model döyüş təyyarələrinin taktiki nüvə silahını daşımaq imkanlarına malik olması ilə birbaşa bağlıdır. Və bütün bunlar nüvə savaşının nəinki real xarakter daşıdığı, hətta dünyanın buna çox yaxın olması barədə təəssüratlar yaradır.

0fe4e26c-685a-437c-982a-5e8b34c622c4.jpg (265 KB)

Onu da qeyd etmək lazımdır ki, Rusiya da analoji addımların atılmasında ABŞ və Qərbdən geri qalmaq niyyətində deyil. Belə ki, Kreml də Rusiyanın nüvə arsenalının bir hissəsini öz ən yaxın hərbi müttəfiqi Belarus ərazisinə çəkib. İndi Rusiya bütün Avropa məkanına hər an nüvə zərbəsi endirmək imkanlarına malikdir. Qərbdə Kremlin bu addımı əməlli-başlı xof yaradıb. Belarus prezidenti Aleksandr Lukaşenko isə bundan sonra ABŞ və Qərbin öz həddini biləcəyinə qətiyyən şübhə etmir. Və belə "qətiyyətli addımlar" üçün Rusiyaya minnətdar olduğunu da qətiyyən gizlətmir.

Maraqlıdır ki, həm üçüncü dünya müharibəsinin, həm də nüvə savaşının başlanması üçün Ukrayna və Yaxın Şərqdə baş verən silahlı toqquşmalar əsas "düyün nöqtələri" hesab olunur. Çünki beynəlxalq məkanın əsas geopolitik oyunçuları arasında kəskin qarşıdurma məhz bu iki "düyün nöqtələri" üzərində qütbləşib. Və bu iki qlobal "düyün nöqtələri" sülh müzakirələri ilə çözülməsə, dünya böyük ölçüdə "savaş bataqlığı"na çevrilə bilər.

Bəzi məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin məxfi təmas kanalları ilə ABŞ-a sülh danışıqlarına başlamağı təklif edib. Hətta Kreml sahibinin Rusiya-NATO savaşından yayınmaq üçün müəyyən güzəştlərə hazır olduğuna eyham vurduğu da iddia edilir. Və bu təmasların Ukrayna ordusunun əks hücum əməliyyatlarının ilk mərhələsinə təsadüf etdiyi də bildirilir.

Ancaq Kreml rəsmisi Dmitri Peskov Qərb siyasi dairələri tərəfindən gündəmə gətirilən bu iddiaları sərt şəkildə təkzib edib. Onun dediyinə görə, prezident Vladimir Putin heç vaxt məxfi kanallarla ABŞ və Qərbə Rusiya adından güzəştlər təklif etməyib. Əksinə, Kreml sülh danışıqlarına hazır olsa da, Rusiyanın maraqlarını ifadə edən şərtlər də hər kəsə məlumdur. Və Kreml rəsmisi Rusiyanın sülh şərtlərini növbəti dəfə sadalayıb.

8e0da806f444894cbc6834efa44019f9.jpg (156 KB)

Maraqlıdır ki, Dmitri Peskov indiki mərhələdə əsas üç şərti ön plana çıxartmaqla, kifayətlənib. Onun sözlərinə görə, Rusiya ordusunun nəzarətində olan Ukrayna əraziləri müzakirə mövzusuna çevrilə bilməz. Digər tərəfdən, Ukraynanın heç vaxt NATO üzvü olmayacağına beynəlxalq təminat verilməlidir. Nəhayət, Kreml Ukraynada Zelenski hakimiyyətinin mütləq dəyişdirilməsini də israrla tələb edir.

Kremlə yaxın siyasi dairələr Rusiyanın bu mövqeyini ilk növbədə üçüncü dünya müharibəsi və nüvə savaşı ehtimalı ilə izah etməyə çalışırlar. Onların fikrincə, əgər, Ukrayna NATO-ya üzv qəbul edilərsə, bu, mütləq əvvəlcə, üçüncü dünya müharibəsinə, daha sonra isə nüvə silahına səbəb olacaq. Çünki NATO-nun Ukraynada hərbi bazalar, müasir raket sistemləri və nüvə silahı yerləşdirmək hüquqi qazanması Rusiya üçün real fəlakətə çevrilə bilər.

Təbii ki, Rusiya siyasi dairələri belə təhlükə ilə üzləşmək istəmədiklərini qabardırlar. Onların fikrincə, əgər, Ukraynanın indiki hakimiyyəti dəyişdirilməyəcəyi təqdirdə, NATO üzvlüyü ilə bağlı cəhdləri davam etdirməklə, bu hərbi-siyasi alyansı Rusiya ilə savaşa təhrik edə bilər. Bu isə son nəticədə geniş miqyaslı nüvə savaşı və bəşəriyyətin tamamilə məhv olma təhlükəsi anlamına gəlir.

Göründüyü kimi, beynəlxalq gündəmdə artıq həm üçüncü dünya müharibəsi, həm də nüvə savaşı əsas müzakirə mövzusudur. Dünya nəhəngləri bu təhlükəni tamamilə real hesab edirlər və artıq hazırlaşmağa başlayıblar. Xüsusilə də, Ukrayna savaşı nüvə müharibəsinin başlanma ehtimalı üçün əsas stimulverici faktor kimi qəbul olunur. Üçüncü dünya müharibəsinə gəldikdəsə, onun hazırda hibrid formatda başlayaraq, gizli plan üzrə davam etdiyi də iddia olunur. Və bu baxımdan, yaxın gələcəkdə daha qorxunc proseslərin ortaya çıxa biləcəyi də qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR