İnsanlara hürriyət, millətlərə istiqlal!

Üçtərəfli İşçi Qrupu yenidən bir araya gəlir - yenə Moskvada...

“Altı aydan bir görüşəcəklərsə, nəyi həll edəcəklər, Bakı qərarını verməlidir...”

İyunun 3-də Moskvada regional kommunikasiyaların açılması üzrə Üçtərəfli İşçi Qrupun iclası keçirilib. Bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Qeyd edək ki, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə yaradılan işçi qrup sonuncu dəfə 2021-ci ilin dekabrında görüşüb.

Qurum Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatı əsasında yaradılıb. Lakin üstündən təxminən ilyarım keçsə də, hələ ki, ortada real nəticə yoxdur. Niyə? Bu dəfə nəhayət, buz yerindən tərpənəcəkmi?

Əlavə edək ki, sərhədlərin delimitasiyası üzrə komissiyaların ikinci iclasının da Rusiya paytaxtında keçirilməsi nəzərdə tutulur. İlk görüş Azərbaycan-Ermənistan sərhədində baş tutub. Moskva təşəbbüsü Brüsselin əlindən alırmı?

Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, hadisələrin gedişi bu komissiyaların fəaliyyətinin heç bir ciddi nəticəsinin olmayacağını göstərir: “Axırıncı dəfə altı ay bundan əvvəl toplaşıblar. Belə işmi olar, 6 aydan bir görüşəcəklərsə nəyi həll edəcəklər? Ümumiyyətlə, 22 may Brüssel görüşündən sonra bir qədər hərəkətlənmə hiss olunur. Delimitasiya komissiyalarının yaradılması, Ermənistan tərəfindən reallığa uyğun açıqlamaların verilməsi buna misal ola bilər.

Burada iki variant mümkündür. Ya Rusiya ilə Avropa İttifaqı doğrudan da məsələni Azərbaycanın haqlı mövqeyinə uyğun həll variantına razılaşıblar, düşünürlər ki, artıq məsələni bitirmək vaxtıdır. Ya da Rusiya yenidən “təşəbbüs oyunları”na girir, Avropa və ABŞ-ı prosesdən kənarlaşdırmağa çalışır. Hər halda ikinci variant daha inandırıcı görünür. Ona görə də Azərbaycan bu üçtərəfli komissiyanın, işçi qrupunu budəfəki iclasına “yol ayrıcı”, nəticələr çıxarmaq üçün məqam kimi yanaşmalıdır. Əgər iclasda real qərarlar qəbul edilməsə, Azərbaycan qərarını verib, prosesdən çıxmalı, bu mənasız görüşlərlə özünün aldadılmasına imkan verməməlidir".

Qabil Hüseynli: “Ruslar yanılır, Türkiyə Qafqaza həmişəlik gəlib” »  Reyting.az

Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli də bildirdi ki, Ermənistan regional kommunikasiyaların açılmasını, dəhliz məsələsinin həllini, sərhədlərin delimitasiyası və demarkasiyasını mümkün qədər yubatmağa çalışır. Buna görə də imitasiya ilə məşğuldur: “İşçi Qrupunun görüşlərinin aylarla keçirilməməsi Ermənistanın üzündəndir. 6 aydan bir görüş keçirilməsi isə İrəvanın imitasiyasından başqa bir şey deyil. Arada bir bu cür görüşlər keçirib guya danışıqlarda maraqlı olduqları rəyini yaratmaq istəyirlər. Əslində isə razılaşmaların mahiyyətindən yayınırlar. Konkret danışmaq istəmirlər.

Biz Zəngəzur dəhlizi deyirik, onlar tamam başqa bir şey uydururlar. Demək istəyirlər ki, guya başqa bir şey nəzərdə tutublar, amma Azərbaycan tərəfi fərqli bir şey təqdim edib. Bunlar kommunikasiya xətlərinin çəkilməsi ilə, dəhliz arasındakı fərqi qabartmaq istəyirlər. Belə təqdim etmək istəyirlər ki, guya onların razılaşdıqlarının əleyhinə Azərbaycan fərqli bir şey təqdim etmək istəyir. Bununla ermənilər istəyir ki, günahı bizim üstümüzə atsınlar. Guya Azərbaycan proseslərin gedişini yubadır. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Rusiya problemin birdəfəlik həllini istəmir. Ermənistan da bu məsələdə Rusiya ilə ortaq mövqedən çıxış edir. Bunlardan biri Zəngəzur dəhlizi məsələsidir, digəri də Minsk Qrupu və “status” məsələsi". Rusiya Ermənistanı Brüssel formatından uzaqlaşdırmaq istəyir. Nəticəsiz danışıqlar sindromunu  bərqərar etmək və təşəbbüsü Avropa İttifaqının əlindən almaq niyyəti açıq görünür".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR