Onlayn ictimai-siyasi qəzet
İğdır şəhərinin Tuzluca (1934-cü ildən bəri belə adlandırılır - red.) rayonunda möhtəşəm bir ünvan var: duz mağaraları. Bura başdan-ayağa duz mədənləri ilə zəngindir. Əraziyə doğru yollanarkən uzaqdan dəliklər açılmış dağlar görünür, zamanında duz çıxarılmaq üçün yarılmış nöqtələrdir, əslində nəhəng mağaralar... Sağlar ağ-qara rəngə, bir az da xına rəngində olan dağların altına yol alacağıq az sonra...
Bu arada, səfərimizə vəsilə olan Beynəlxalq Qarabağ Təşkilatının qardaş Türkiyədə keçirdiyi Zəngəzur konfransları barədə geniş məlumat vermişdik. İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar və digər Azərbaycan sevdalı insanların, dəyərli ziyalıların, həmçinin İğdır bölgəsinin rəhbərliyinin yüksək qayğısı da hər zamankı kimi nümayəndə heyətini əhatə etdi. Toplantılar arası bölgənin turizm üçün unikal məkanlarından birini ziyarət etmək təklifini aldıq və məmnuniyyətlə qəbul etdik...
Taxta qapının qıfılı açılır, “Sim-sim” qapısısayağı və heyrətimiz dağın altına daxil olur, lap nağıllardakı kimi...
Yerin təqribən 80 metr dərinliyindəyik, duz dağının təkində. Rəngarəng işıqların ecazkar mənzərə yaratdığı dəhlizin sağ-solu, tavanı duzla örtülüdür, sanki buz qatı çəkilib. Musiqinin sədası adamı rahatladır, dağın altında olduğunu unutdurur az qala... Keçmişdə buradan çıxarılan duzun daşınmasından ötrü istifadə olunan nümunəvi qablar da qoyulub yol kənarına, on illər, bəlkə də yüz illər öncəni xatırlatmaqdan ötrü...
Keçmişlərdə insanlar buradan əl əməyi ilə duz çıxarıblar. Amma sonrakı dönəmlərdə müasir avadanlıqlardan istifadə edilib. Artıq buradan duz çıxarılması yasaqdır, muzeyin görünüşünə xələl gətirmək olmaz. Giriş üçün ödəniş simvolik məbləğdədir, adambaşı 15 TL, tələbələr üçün 10 TL, yəni 60-90 qəpik.
Gələcəkdə burada kafe, kitabxana, uşaq meydançası olacaq. Artıq nəzərdə tutulduğu kimi, konfrans zalı qurulub. Terapiya mərkəzi, sağlıq turizminin inkişafı da qarşıdakı planlardandır. Buraya daha çox turistlərin cəlb edilməsindən ötrü çeşidli ideyalar əsasında işlər görülür. Mağaranın sol hissəsində taxta konstruksiyalardan otaqlar tikilir. Gələcəkdə müalicə mərkəzi kimi istifadə olunmasından ötrü.
İğdır şəhərindən 30-35 dəqiqəlik, Qarsdan 1 saat yarımlıq məsafədədir bu unikal ünvan. Ermənistanla isə bu duz mağaraları az qala bitişikdir.
Türkiyəli dostlardan biri “dağın o üzü Ermənistandır, tam sərhəddəyik”, - deyir. Beynəlxalq Qarabağ Təşkilatının nümayəndə heyəti sırasında Türkiyəyə səfər edən Haşım bəy əminliklə deyir ki, bu dağ mağaralarının bir hissəsi Ermənistan, Qərbi Azərbaycan ərazisindədir.
Hətta heyrətləndirir, deyir ki, Araz çayının altı ilə bu tərəfə yol uzanır bu mağaralardan. İstisna da etmirik, axı elə bu ərazilər zamanında Azərbaycanın tarixi torpaqları olub... Ermənistan son əsrin yarlığıdır bu torpaqlarda...
Duz mağaraları 55 hektar ərazini əhatə edir. Türkiyənin 100 illik duz ehtiyacını ödəmək gücündədir. Tunellərdəki hava bir çox tənəffüs yolu xəstəliklərinə faydalıdır. Mağarada otaqları xatırladan bir çox qalereyalar var. Araşdırmalara görə, duz mağarasında tapılan qaya duzu təbəqələri 24-37 milyon il əvvəl əmələ gəlmiş çöküntü təbəqələridir. Bu yerin Het dövründən bəri istifadə edildiyi güman edilir. İstismar olunan duzlaqlardan gündəlik 60 ton duz istehsal olunur.
Bu məkan bir az da Naxçıvandakı Duzdağı xatırladır. Amma Naxçıvanın duzdağından ərazisinə görə daha genişdir. Vaxtilə duz mədəni olmuş Tuzluca (Ducluca) mağaraları indi müalicə mərkəzi və muzey olaraq təqdim olunur. Mağaraların qorxuncluğunu, vahimliyini qırıb-dağıdan musiqi sədalarına çeşidli işıqlar da əlavə dəstək verir. Bura yerin təkindəki qorxulu labirinti deyil, çıraqban bir şəhəri xatırladır.
Videoçəkilişlərimiz sayəsində Musavat.com-un izləyiciləri hər şeyi gözləri ilə görəcəklər.
Amma... Heç də bütün səfərlər macərasız olmurmuş... Bu dəfə başımıza ilginc bir olay gəldi. Bəndənizin başı bu məkanın sirli-sehrli dünyasına necə qarışıbsa, onda ayıldım ki, mağarada ancaq özüm-özümü eşidirəm, başqa ins-cins yoxdur. Sürəklə irəliyə doğru getdim, mağaraları bir-bir dolaşdım, amma kimsə rastıma çıxmadı, nə də səs-soraq gəldi. Giriş qapısına çatanda isə... Artıq bəzi işıqların söndürüldüyünü gördüm.
Qapı da bağlı. Çölə sarı itələdim, qıfıllıymış. O anda başa düşdüm ki, ziyarətçilər çıxıb gedib, nəzarətçi də qapını bayırdan bağlayıb.
O anı təsəvvür edin, başqa bir qapı yox, ancaq bir neçə yerdə, bir neçə mərtəbə hündürlükdə bayıra “pəncərə” açılır, oraya da qalxmaq mümkünsüz. Qapı bir də nə zaman açılacaq, bilmirəm... Telefonum da şəbəkəyə qapalı... Və uca səslə çağırmağa başlayıram: “Kimsə varmı?!” Qarşılıq yox... Taxta qapını ardıcıl şəkildə döyməyə başlayıram... Təsəvvür edin, axşam düşür, iş vaxtı başa çatır, hər kəs çıxıb gedir və qalırsan dağın altında... Ən azı planlar pozulur, sabah tezdən, səhər 5-də Van yolçuluğumuz var... Həm də o anın məsuliyyəti narahat edir, şübhəsiz ki, başqa qorxu-hürkü yoxdur... Qapının az qalır ki, cəftəsi yerindən çıxsın və... “Xilaskar Bozqurd”un səsini eşidirəm “gəldim, gəldim”. Fazil qardaşımıza təşəkkürlərimi çatdırıram. Telefonun kamerasını açıb xilasetmə anlarını yaddaşa köçürürəm, “Musavat TV”nin dəyərli izləyiriciləri üçün... Xilaskarımız deyir ki, narahat olmayın, onsuz da səhər qapı açılacaqdı. Amma gecə 12 dərəcəlik temperatur gözləyirmiş bizi...
Beləcə, Tuzluca macərası burada başa çatdı, şükür ki, yaxşılıqla bitdi. Getməyə, görməyə, zövq almağa dəyər. İnşallah Zəngəzur dəhlizi açılandan sonra “əl uzatsaq, çatacaq” qədər yaxındır...
Elşad Paşasoy,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ