İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyuq ətinin qiyməti ilə bağlı ajiotaj: marketlərdə son durum REPORTAJ

Bir neçə gündür ki, sosial şəbəkələrdə toyuq ətinin bahalaşacağı ilə bağlı məlumatlar yayılır. Mal ətinin qiymətinin artmasının ardından toyuq əti ilə bağlı verilən bu proqnozlar əhali arasında narahatlıq yaradıb.

Əhalinin gündəlik ərzaq səbətində əsas protein mənbələrindən biri olan toyuq ətinin qiymətinin artımı ailə büdcələrinə də ciddi təsir göstərə bilər.

Bəs hazırda qiymətlər necədir? Alıcılar narazıdırmı?

Musavat.com-un əməkdaşı Nizami rayonunda yerləşən bir neçə iri market şəbəkəsinə baş çəkib və toyuq ətinin hazırkı qiymətləri ilə maraqlanıb.

Mağazalarda müşahidələrimiz onu göstərdi ki, məhsulların qiymətləri markasına, çəkisinə və kəsim növünə görə fərqlənir. Məsələn: 900 qramlıq “Mərcan" markalı toyuq hazırda 6 manata təklif olunur;

1 kq 500 qramlıq “Qidam” toyuğunun qiyməti 11 manatdır;

1 kq 300 qramlıq “İslami kəsim” toyuğu isə 9.30 AZN-ə satılır;

Xaçmaz istehsalı olan, 1 kq 800 qramlıq donmuş toyuğun qiyməti 7.20 AZN təşkil edir;

1 kq 200 qramlıq “Beçə” markalı toyuq isə 8.70 AZN-ə alıcılara təqdim olunur.

Göründüyü kimi, məhsullar arasında əhəmiyyətli qiymət fərqləri var. Bu fərq toyuğun çəkisi ilə yanaşı, onun donmuş və ya təzə olması, halal kəsim standartlarına uyğunluğu və brendə görə dəyişir.

Söhbətləşdiyimiz bir neçə alıcı ötən illərə nisbətən toyuq ətində qiymət artımının olduğunu bildirdi.

Alıcılardan biri bizimlə söhbətdə dedi ki, həftədə azı iki dəfə toyuq əti alırlar:

“Əvvəlki illərdə 7-8 manata böyük bir toyuq alırdım, indi ya çəkisini azaldıram, ya da daha ucuz markaya keçirəm. Amma keyfiyyət də önəmlidir. Ümumi götürəndə toyuq əti almaq daha sərfəlidir, nəinki mal əti, çox baha olub”.

Bakıda kirayədə qalan tələbə Fərid bildirdi ki, mağazalarda endirimli məhsulları izləyir:

“İndi endirim kampaniyaları da az-az olur. İki ay əvvəl aldığım toyuq indi iki manat bahadır. Hələ ki, ancaq toyuq əti alırıq. Əgər qiymət artımı davamlı olarsa, toyuq da yavaş-yavaş gündəlik menyumdan çıxacaq”.

Market əməkdaşları isə qiymətlərin hələ ki, rəsmi olaraq dəyişmədiyini dedilər.

Ekspertlər qeyd edirlər ki, toyuq ətinin qiymətinə təsir edən əsas faktorlar arasında yem məhsullarının bahalaşması (xüsusilə də idxaldan asılılıq), enerji və yanacaq qiymətlərinin artması (logistika xərcləri), quraqlıq və hava şəraitinə görə bəzi bölgələrdə quşçuluq təsərrüfatlarının məhsuldarlığının azalması yer tutur.

AKİF.jpg (31 KB)

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli məsələ ilə bağlı Musavat.com-a deyib ki, yaxın vaxtlar üçün qiymətlərin artması real deyil:

“Düzdür, xammalın qiyməti bahalaşır, ölkədə bütün qiymətlər bahalaşırsa, quş əti istehsalçılarının aldığı yem də bahalaşır. Bu, iqtisadi təzyiq yaradır, maya dəyəri artır. Amma quş ətinin hansısa tendensiya nəticəsində bahalaşacağı real deyil. Bu xəbərlər də inhisarçıların cəmiyyətin nəbzini yoxlamaq üçün yaydıqları informasiyalardır.

BMT-nin FAO təşkilatının proqnozlarına görə, dünya bazarında 2027-ci ilə qədər quş əti bahalaşmayacaq. Bu da o deməkdir ki, quş ətinin dünya bazarında bahalaşması gözlənilmir”.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR