Onlayn ictimai-siyasi qəzet
Hüquqşünas: “12 və 15 saylı həbsxanaların boş qalan rəis kresloları bu məsuliyyətin nə qədər ağır olduğunu göstərir”
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 cəzaçəkmə müəssisəsində rəis vəzifəsi boşdur. “Qaynarinfo”nun məlumatına görə, ədliyyə naziri Fərid Əhmədov 2 gün əvvəl Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rəşad Əhmədovu vəzifəsindən azad edib. Nazirin digər əmri ilə o, Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinə təyin olunub.
Bu ilin iyul ayında məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasında dam örtüyünün uçması zamanı aldığı xəsarətdən dünyasını dəyişən Mövlam Mustafayevin cəza çəkdiyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsi isə 7 aydır boşdur.
Bu ilin yanvar ayında ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Babək İsgəndərov 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad olunaraq, Penitensiar Xidmətin Lənkəran penitensiar kompleksinə rəis təyin olunub.
12 saylı cəzaçəkmə müəssisəsinin rəis əvəzi vəzifəsi isə Cavid Səfərova tapşırılmışdı. Əldə etdiyimiz məlumata görə, uçqun hadisəsindən sonra rəis əvəzi vəzifəsi Cavid Səfərovdan alınaraq başqa bir şəxsə həvalə edilib.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən bildirilib ki, Penitensiar Xidmətin 12 və 15 saylı cəzaçəkmə müəssisələrində rəis vəzifəsinə hələlik təyinat yoxdur. Bu iki cəzaçəkmə müəssisəsində rəis təyinatının bu qədər gecikməsi normaldırmı?
Natiq Ələsgərov
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, cəzaçəkmə müəssisələrinə rəhbərlik təkcə inzibati vəzifə deyil, həm də böyük mənəvi və hüquqi məsuliyyətdir: “12 və 15 saylı həbsxanaların boş qalan rəis kresloları bu məsuliyyətin nə qədər ağır olduğunu göstərir. Əslində məsələ təkcə kadr çatışmazlığı deyil. Burada bir neçə səbəb var. Birincisi, bu müəssisələrdə cəza çəkən kontingent təhlükəlidir, burada qayda-qanun qorumaq həm şəxsi risk, həm də ciddi peşəkarlıq tələb edir. İkincisi, 12 saylı müəssisədə baş verən dam uçması və məhkumun ölümü rəhbər postunu göz önündə və "atəş altında" bir mövqeyə çevirib. Bu kresloda oturan hər kəs biləcək ki, ən xırda insidentin belə məsuliyyəti onun üzərinə düşəcək. Həmçinin nəzərə almaq lazımdır ki, penitensiar sistemdə kadr təyinatı çox həssas məsələdir. Burada sırf idarəçilik bacarığı yox, həm də psixoloji davamlılıq, böhran situasiyalarını idarə etmək qabiliyyəti, hüquqi məsuliyyət hissi tələb olunur. Buna görə də nazirlik tez təyin edək prinsipi ilə deyil, düşünülmüş və ölçülmüş seçim yolu ilə gedir. Ona görə də bu vəzifələrin boş qalması bir tərəfdən problemlidir, digər tərəfdən göstərir ki, sistemdə kadr məsələsinə yanaşma daha diqqətli və məsuliyyətlidir. Tələsik edilən təyinat səhv ola bilər, amma gecikən, lakin doğru seçilmiş kadr bütöv sistemi qoruyar".
Masahibimizə görə, 12 və 15 saylı cəzaçəkmə müəssisələri rejimlərinə görə biri digərindən fərqlənir: “12 saylı cəzaçəkmə müəssisəsi ciddi rejimli müəssisədir. Burada əsasən ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş, uzunmüddətli, 10 ildən yuxarı cəza çəkən məhkumlar yerləşdirilir. Bu tip müəssisədə qaydaların icrası və nizam-intizamın qorunması olduqca çətin olur. 15 saylı cəzaçəkmə müəssisəsi isə qapalı rejimli müəssisədir. Burada da ciddi nəzarət altında saxlanılan, təhlükəli hesab edilən məhkumlar cəza çəkir.
Yəni hər 2 müəssisə problemsiz sayılmayan, yüksək riskli kontingent üçün nəzərdə tutulub. Bu müəssisələrdə rejim fərqli olsa da, orada vəziyyətin nəzarət altında saxlanılması o qədər də asan məsələ deyil".
Hüquqşünas deyib ki, müəssisədə dam örtüyünün uçması nəticəsində məhkumun ölümü rəhbərlik üçün ciddi imic zərbəsidir: “Hadisədən sonra məsuliyyət yükü artıb, vəzifəyə gəlmək istəyənlərin sayı da azalıb. Bu müəssisələrdə rəis olmaq həm şəxsi təhlükəsizlik baxımından, həm də hüquqi məsuliyyət baxımından çətin və risklidir. Hər hansı insident zamanı bütün ittiham ilk növbədə müəssisə rəhbərinə yönəlir.
Bu baxımdan belə müəssisələrə rəis təyinatı da çətindir. Ədliyyə Nazirliyində tez-tez rotasiyalar olur, lakin belə ağır müəssisələrə yeni təyinat üçün kifayət qədər təcrübəli kadr tapmaq asan deyil. Əlbəttə ki, təyinatın bu qədər gecikməsi tam normal deyil. Adətən belə vəzifələr uzun müddət boş qalmır. Nazirliyin ehtiyatlı kadr seçimi apardığı görünür. Çünki belə müəssisələrə peşəkar və təcrübəli rəhbər tələb olunur. Digər ehtimal da budur ki, namizədlərlə bağlı daxili yoxlamalar, razılaşmalar uzanır".
Natiq Ələsgərov deyib ki, 12 və 15 saylı müəssisələrdə rəis vəzifələrinin boş qalması yüksək riskli cəzaçəkmə müəssisələri olmasındadır: “Son illərdə baş verən uçqun, ölüm, intizam problemləri həmin postları "riskli kresloya" çevirib. Nazirliyin addımları göstərir ki, burada tələsik deyil, daha çox məsuliyyətli kadr seçimi aparılır".
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ