Onlayn ictimai-siyasi qəzet
Bahar fəslinin təsirini göstərdiyi bir vaxtda Türkiyənin müxtəlif bölgələrində, o cümlədən İstanbulda gözlənilməz soyuq hava dalğası müşahidə olunur.
Meteoroloqlar 7-13 aprel tarixləri arasında hava temperaturunun kəskin düşəcəyini bildirib. İstanbulda qarla qarışıq yağış və fırtına gözlənilir, Edirnədə isə artıq qar yağıb.
İstanbul Böyükşəhər Bələdiyyəsinin Afət Koordinasiya Mərkəzi (AKOM) bu gün səhər saat 08:00-dan etibarən Avropa Yakasında, günorta saatlarından isə Boğaz və Anadolu Yakasında güclü yağış və fırtına gözlənildiyini açıqlayıb. Temperaturun 5 dərəcənin altına enəcəyi və bəzi bölgələrdə qarla qarışıq yağış müşahidə olunacağı bildirilib.
İstanbul Valiliyindən edilən açıqlamada isə Türkiyənin 7 apreldən başlayaraq yeni bir soyuq və yağışlı hava kütləsinin təsiri altına düşəcəyi vurğulanıb. Havanın həftə ərzində 5-9 dərəcə azalaraq mövsüm normallarının altına enəcəyi qeyd edilib.
Meteorologiya Baş İdarəsi Aydın, Balıkesir, Bursa, Çanaqqala, Edirnə, İstanbul, İzmir, Kırklareli, Manisa və Tekirdağ üçün sarı kodla güclü yağış xəbərdarlığı edib.
Ankara Valiliyi də havaların normadan 5-10 dərəcə aşağı enəcəyini və 12 aprelə qədər mənfi 2 dərəcə olacağını açıqlayıb. Şəhərin yüksək ərazilərində qar yağışı gözlənilir.
Edirnədə isə gecə yarısından sonra başlayan yağış, Keşan bölgəsində qara çevrilib. Şəhərin bəzi yerləri ağ örtü ilə əhatə olunub.
7 aprel üçün bəzi şəhərlərdə gözlənilən minimal temperatur:
İstanbul: 2°C
Ankara: -2°C
İzmir: 5°C
Antalya: 8°C
Erzurum: -6°C
Konya: -2°C
Malatya: -1°C
Diyarbakır: 3°C
Meteoroloqlar və rəsmilər vətəndaşları buzlanma, şaxta və qar səbəbilə mümkün risklərə qarşı diqqətli olmağa çağırır./BAKU.WS
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ