İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə qarşı erməni və yunan kartı yenidən gündəmdə

Ankara kimlərin “ayağını tapdalayıb”?


Bir müddət öncə Ermənistanın cəfəng iddialarını əldə əsas tutaraq Azərbaycana qarşı absurd və heç bir məntiqə əsaslanmayan, qərəzli qətnamə qəbul edən Avropa Parlamenti bu dəfə Türkiyəyə qarşı hərəkətə keçib. Belə ki, qurum Türkiyə ilə bağlı illik hesabatını qəbul etməklə, ümumiyyətlə, türk dövlətlərinə qarşı nifrətini büruzə vermiş olub.

Diqqət edin, Türkiyə bütün baş verənlərə rəğmən, Ermənistanı uçurumun dibindən çıxartmaqdan ötrü əlini uzadır, Azərbaycana və Türkiyəyə qarşı əsassız ittihamlara son verilməsinin qarşılığında rəsmi İrəvanla normal əlaqələrə başlamağı təklif edir. Ermənilərin xaricdəki havadarları isə yenə də köhnə “bayatılar”a qayıdaraq vəziyyəti “0" nöqtəsinə qaytarmağa, gərginliyi tətikləməyə çalışırlar.

Belə ki, Avropa Parlamentinin 448 deputatının lehinə səs verdiyi həmin sənəddə Türkiyənin Ermənistanla münasibətlərinə və erməni “soyqırımını” tanımasına da toxunulub. Hesabatda Avropa Parlamentinin 2015-ci il hesabatına istinad olunur və Türkiyə erməni “soyqırımını” tanımağa çağırılır. Avropa Parlamenti narahatdır ki, Türkiyənin son illərdəki xarici siyasəti, Qafqaz da daxil olmaqla, Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasəti prioritetlərinə ziddir. Avropa Parlamentinin hesabatında Türkiyə hakimiyyəti ölkədəki “ermənilərin və digər azlıqların acınacaqlı vəziyyətinin effektiv həlli üçün” səyləri gücləndirməyə çağırılır.

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin Türkiyə ilə bağlı hesabatına sərt reaksiya verib. Türkiyə XİN Avropa Parlamenti Baş Assambleyasının qəbul etdiyi hesabatda qərəzli və həqiqətdən uzaq davranmasını qəbul etmir və rədd edir. Bəyanatda deyilir: “Terror təşkilatı üzvlərinin AP daxilində yuva quraraq terror təbliğatı aparmasına belə dözən AP-nin bu münasibəti əslində təəccüblü deyil. AP beləcə Türkiyə ictimaiyyəti qarşısında həm etibarını, həm də inandırıcılığını itirib. Bu səbəblə hesabatda yer alan ölkəmizlə bağlı demokratiya, hüququn aliliyi və insan haqları ilə bağlı iddialarla Egey, şərqi Ağdəniz və Kipr məsələlərində bir-iki Aİ üzvünün dar düşüncəli, mənafe güdən cəhdlərini əks etdirən əsassız fikirlərin bizim üçün heç bir hökmü yoxdur”.

Bu arada Egey dənizinin şərqindəki adaların Yunanıstan tərəfindən hərbiləşdirilməsi Ankara və Afina arasında gərginliyi artırmaqda davam edir. Buna əsas səbəb Yunanıstanın beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəlilkləri pozaraq Türkiyə sahillərinə yaxın adaları hərbiləşdirməsidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı artıq qarşı tərəfə xəbərdarlıq edib. Onun sözlərinə görə, Egey dənizinin şərqindəki adaların Yunanıstan tərəfindən hərbiləşdirilməsi fəlakətə gətirə bilər: “Yunanıstanı Egey dənizindəki adaları silahlandırmaqdan əl çəkməyə və beynəlxalq razılaşmalara əməl etməyə dəvət edirəm. Yunanıstanın bu adaları silahlandırması və üçüncü ölkələrin bundan istifadə etməsi fəlakətlə nəticələnə bilər. Zarafat etmirəm, ciddiyəm. Millətimiz qətiyyətlidir”.

Avropa Parlamentinin erməni kartı, Yunanıstanın isə Ankaranı qıcıqlandıran addımlar atması maraqlı dönəmə təsadüf edir. Türkiyə terrorçu təşkilat üzvlərinə dəstək verdiklərinə görə Avropanın iki ölkəsinin NATO-ya qəbul edilməsinə etiraz edir. Rusiyaya qarşı sanksiyalara qoşulmayan Ankara Suriyanın şimalında da terrorçulara qarşı prinsipial mübarizəyə hazırlaşır. Məhz bu məsələlərdə Türkiyənin geri çəkilməməsi bu oyunların məqsədli şəkildə ortaya atıldığı qənaətini yaradır.

Qeyd edək ki, bugünlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Yunanıstanı bir daha xəbərdar edirik ki, bir əsr əvvəl olduğu kimi xəyallardan, ritorikadan və peşmanlıqla nəticələnəcək hərəkətlərdən uzaq dursun, ağlını başına yığsın”, - deyə xəbərdarlıq edib. Bildirib ki, Türkiyə beynəlxalq sazişlərdən yararlanacaq: “Türkiyə adaların silahlanması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək. Türkiyə heç kimin haqqını və hüququnu pozmur, lakin öz haqqını və hüququnu da heç kimə verməz. Aralıq dənizinin şərqində ölkəmizin materik hissəsindən 2 kilometrdən az, Yunanıstandan isə 600 kilometrdən çox məsafədə yerləşən Meis adasına 40 min kilometrlik dəniz yurisdiksiyası tələbinin mənasını beynəlxalq ictimaiyyətin ixtiyarına buraxırıq”. Cənab Ərdoğan xatırladıb ki, Yunanıstan Avropa Birliyinin üzvü olsa da, Birliyin dəyərlərinə, ümumbəşəri insan haqlarına və beynəlxalq müqavilələrə məhəl qoymayaraq, Qərbi Trakya, Rodos və Kosda yaşayan türk azlığa təzyiqlərini davam etdirir. Göründüyü kimi, Türkiyə prinsiplərinə sadiqdir, qətiyyətlidir. Avropa Parlamenti kimi qərəzli qurumlar isə hansısa qətnamələrlə Ankaranın siyasətinə təsir edəcəklərini düşünürlərsə, yanılırlar.

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

Arzu Nağıyev 

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Qərb Avropa ölkələrinin inkişafının aşağı enməsi fonunda Türkiyənin iqtisadi, siyasi və hərbi gücünün artmasından narahatdır: “Türkiyənin Rusiya və Çinlə yaxınlaşma tendensiyası Qərbi daha çox narahat edir. Yaxın vaxtlara qədər Fransa, Almaniya və Böyük Britaniya Avropa İttifaqının lokomotivləri hesab olunurdu. Böyük Britaniyanın Avropa İttifaqından çıxması və qeyri-qanuni miqrasiya sahəsində problemlər Avropa İttifaqı ölkələrinə mənfi təsir göstərib və Türkiyənin bu istiqamətdə artan nüfuzu da Avropanı qorxudur. Avropa heç kimlə rəqabət aparmaq istəmir. Ona görə də Qərb Türkiyənin daha da sənayeləşməsinin, həm regionda, həm də bütövlükdə dünyada mövqelərinin güclənməsinin əleyhinədir. Türkiyə NATO üzvlüyünə yeni namizədlərinin də onunla razılaşdırılması şərtini irəli sürdükdən sonra Qərb öz siyasətində müəyyən korrektələr etməyə məcbur oldu. Qərb siyasətçiləri Türkiyəni ”Vladimir Putinin NATO-ya qarşı gizli silahı" kimi də qələmə verirlər. Belə ki, onların fikrincə, cənab Ərdoğanın İsveçlə Finlandiyanın ittifaqa qoşulma prosesini əngəlləməsinin səbəbi təkcə kürdlərlə əlaqəli məsələ deyil, həm də Moskvanın Ankaraya gizli təsiridir. Qərb çalışır ki, hətta regional oyunçularla da Türkiyənin arasını vursun. Belə ki, guya 2008-ci ildə Rusiya Cənubi Osetiyanı işğal edəndə Türkiyə Qara dənizə çıxışı bağladı və bu, ABŞ hərbi-dəniz gəmilərinin Gürcüstana yardım göstərməsinə mane oldu". A.Nağıyev səslənən bəzi fikirlərlə razılaşmadı: “Təbii, bu, o demək deyil ki, Türkiyə Rusiyanın tərəfində oynayır. Əksinə, çox hallarda öz maraqlarını və mənafeyini müdafiə edir. Bunu Ankaranın Ukraynaya pilotsuz təyyarələr satması, digər addımları da sübut edir. Eyni zamanda Rusiyanın Suriyada mövcudluğu kifayət qədər güclüdür və Türkiyə bunu başa düşür, öz ərazisində yaşayan suriyalı qaçqınların öz vətənlərinə qaytarılması missiyasını yerinə yetirmək üçün Rusiya ilə əməkdaşlığa ehtiyac duyur. Təbii ki, Rusiyanın da Türkiyədən çəkinəcək nöqtələri mövcuddur və onlardan biri də Qərb dövlətlərinin Rusiya gəmiçiliyinə sanksiyaları tətbiq edərsə, Ankara Rusiyanın dəniz sənayesi üçün mühüm əhəmiyyət kəsb edən Çanaqqala dəniz yolunu bağlamaq üçün təzyiqlə üzləşə bilər. Yəni belə bir vəziyyətdə Türkiyə çox ciddi balanslı siyasət həyata keçirir və məsələnin ciddiliyini dərk edir. Türkiyə anlayır ki, bunların hamısı məhz yuxarıda sadalanan problemlərlə bağlıdır”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyənin bölgədə gücünü artırması Avropanın bir sıra qərar verən mərkəzlərində narahatlıq yaradıb: “Bu mərkəzlər Türkiyəyə təzyiqi artırmağa qərar veriblər. Ancaq həmin mərkəzlərin Türkiyəyə qarşı təzyiqləri nəticə verməyəcək. Birincisi, Türkiyə Yunanıstanın adaları hərbiləşdirməsinə qarşı siyasətində güzəştə getməyəcək. Yunanıstan beynəlxalq sazişləri pozur. Türkiyə buna seyrçi qalmayacaq. İkincisi, Türkiyə Avropa Parlamentinin təzyiqi ilə ”erməni soyqırımı"nı tanımayacaq. Türkiyə Ermənistanla dialoqun tərəfdarıdır və bu dialoq davam edir. Avropa Parlamenti isə “erməni soyqırımı” mövzusunu “aktuallaşdırmaqla” Türkiyə-Ermənistan dialoquna zərbə vurur. Çünki Avropa Parlamentinin “erməni soyqırımı” mövzusunu yenidən gündəmə gətirməsi Ermənistandakı Rusiyaya bağlı radikal müxalifəti daha da fəallaşdıracaq. Bununla Avropa Parlamenti Rusiyanın Ermənistanda mövqelərinin güclənməsinə şərait yaratmış olur". E.Şahinoğlu digər bir məqama da diqqət çəkdi: “Türkiyə Suriya ərazisində terrorçulara qarşı növbəti hərbi əməliyyat aparmaqda israrlıdır. Avropa Parlamenti isə açıq-aşkar PKK və ona bağlı terrorçu qruplaşmaları qorumağa çalışır. Türkiyənin Cənubi Qafqazda artan fəallığı, Ankaranın Azərbaycanla siyasi və hərbi ittifaqı gücləndirməsi də Avropada bir sıra mərkəzləri narahat edir. Halbuki Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi və Azərbaycanla, o cümlədən Gürcüstanla siyasi və hərbi ittifaqı gücləndirməsi Rusiyanın bölgəyə təsir imkanlarını azaldır. Əslində bu amil Avropa İttifaqının da maraqlarına cavab verməlidir. Buna baxmayaraq, Avropada və ABŞ-da erməni lobbisi ilə sıx əlaqədar olan mərkəzlər Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə mənfi yanaşırlar”.

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

Qafar Çaxmaqlı

Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı isə bildirdi ki, son zamanlar türk -yunan münasibətlərinə həsr olunmuş iki beynəlxalq konfransda iştirak edib: “Həmin konfransda türkiyəli həmkarlarımla birlikdə yunanıstanlılar iştirak ediblər. İndiki halda Türkiyə-Yunanıstan gərginliyini haqlı olaraq yunan elm adamları Qərbin qışqırtması hesab edirlər. Yunan lider Miçotakisin Amerikada Türkiyə əleyhinə danışarkən ayaqda alqışlanması da göstərdi ki, başını Amerikanın çəkdiyi Qərb dünyası Türkiyənin qlobal siyasi proseslərdəki aktiv rolunu həzm etmir. Yunanıstanın heç çapı deyil ki, Türkiyəyə dil uzatsın və Türkiyə sərhədlərinə ən yaxın adalarda bazalar qursun. Bu adaların silahsızlandırılması 1923-cü il Lozan anlaşmasında təsbit olunub. Əgər Yunanıstan bu anlaşmanı pozarsa, adaların statusu müzakirəyə çıxarıla bilər” . Q.Çaxmaqlı qeyd etdi ki, Türkiyə XİN rəhbəri Çavuşoğlu yunan hökumətinə mesajını verib: “Əgər Yunanıstan buna da əməl etməsə, yəni müzakirələrdən qaçsa, o zaman iş Türk ordusunun üzərinə düşəcəkdir. Məsələnin prinsipiallığını nəzərə alsaq və Ərdoğanın ”zarafat etmirəm" ifadəsini də nəzərə alsaq, məsələ ciddiləşir. Türkiyənin Doğu Ağdəniz və Kıbrıs açıqlarında maraqlarını təmin etmək üçün gərəkli addımlar atması da Qərbi qıcıqlandırır. Onlar əllərindəki terror kartını yenə işə salmağa başlayacaqlar. Aİ da bu məsələdə dominant rol oynayır. İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsində Türkiyənin etirazına başqa yolla cavab verirlər. Əslində Qərb-Türkiyə qarşıdurması yaşanır. Amma hər hansı təhdid və hərəkətlər Türkiyəni doğru bildiyi siyasətdən yayındırmayacaq. Artıq Afina yaxınlarında xəndəklər qazırlar. Onlar Türkün gücünü bilirlər, amma hələ də dərs çıxarmayıblar".

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR