Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Türkiyənin DEM Partiyasından millət vəkili olan Ömər Öcalanın həbsxanada olan əmisi, PKK lideri Abdullah Öcalanla görüşünün təfərrüatı bəlli olub. Görüşdə terrorçubaşı MHP lideri Dövlət Baxçalının təklifi ilə bağlı iki şərt irəli sürüb (Axar.az). Bunlar qarant dövlət və hüquqi təminatla bağlı məsələlərdir. Öcalan qarant dövlətlə bağlı hər hansı ölkənin adını qeyd etməyib.
Yada salaq ki, MHP lideri Dövlət Baxçalı TBMM-dəki çıxışında “Öcalanın təcrid olunması aradan qaldırılarsa, o, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu və PKK-nın buraxıldığını açıq şəkildə bəyan etməlidir” fikrini səsləndirmişdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Baxçalının təklifini dəstəkləyərək, bunu “tarixi fürsət” kimi dəyərləndirib. Prezidentin sözlərinə görə, Cümhuriyyət hər hansı bir şəxsin, zümrənin, kütlənin, məzhəbin, etnik qrupun cümhuriyyəti deyil: “Bu cümhuriyyət türkün də, əlbəttə ki, kürdün də cümhuriyyətidir”.
Türkiyəli siyasi analitik Engin Özər isə deyib ki, Öcalanın azad olunması indiki məqamda mümkün görünsə də, uğurlu gediş sayılmaz: “Bu, əslində çox yaxşı işləyəcək bir strategiya deyil. Öcalanın PKK üzərində o qədər də təsiri yoxdur. Türkiyədəki ekspertlər bunun uğurlu olacağını proqnozlaşdırmırlar, bu, uğurlu ola biləcək bir siyasət deyil. Türkiyə buna bənzər bir şey etmişdi və nəticədə daxildə qarşıdurma yaranmışdı. Buna baxmayaraq, Öcalan azad oluna bilər. Çox güman ki, o, əvvəlcə ev dustaqlığına buraxılacaq, sonra azad ediləcək” .
Özər qeyd edib ki, Öcalanın azadlığı kürd dövlətinin tanınması kimi yozula bilər: “Onun azad edilməsi əslində Suriyanın şimalındakı kürd bölgəsinin tanınması deməkdir. Bu yolla Türkiyə həm İraqda, həm də Suriyada faktiki kürd dövlətini tanıyacaq. Hökumətin bu siyasəti İran-İsrail münaqişəsi ilə bağlı ola bilər. Bu, Yaxın Şərqdə münaqişələrin daha bir neçə il davam edəcəyi gözləntiləri ilə edilir”.
Öcalan 1999-cu ildə həbs edilib və terrorçuluq fəaliyyətinə görə ölüm cəzasına məhkum edilib. Bu hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz olunub. O, həbs cəzasını İmralı adasında təkadamlıq kamerada çəkir.
Bəs Türkiyə dövlətinin Öcalanın 2 şərtinə münasibəti nə olacaq? Olacaqmı?
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, qarant dövlət şərtinin həqiqətən irəli sürüldüyü hələ təsdiq olunmayıb. Təsdiq olsa belə, belə bir şərti Türkiyə dövləti qəbul etməz: “Çünki terrorla mübarizə Türkiyənin daxili məsələsidir, buraya üçüncü dövlətin hər hansı adda qarışmasına Ankara izn verməz. İstənilən qarant dövlət ilk növbədə öz maraqlarını önə çəkəcək. Bunu Türkiyə yaxşı bilir. Abdulla Öcalanın sərbəst buraxılması məsələsinin özü də hələ mübahisə predmetidir. Burada kürd məsələsi və terror məsələsi ortaya atılır. Türkiyə hökuməti bu məsələləri hansı yöndən həll edəcəyi barədə qərar verməyib. Ona görə də hesab edirəm ki, ortaya atılan məsələlərin həlli hələ uzanacaq”.
Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Türkiyə kürd açılımı siyasətini yenidən həyata keçirmək istiqamətində strateji plan həyata keçirir. Bu planda PKK terror təşkilatının sədri Abdulla Öcalanın azad edilməsi və onun rəsmən PKK-nı buraxması barədə açıqlaması nəzərdə tutulur: “Türkiyə regional gücdən beynəlxalq gücə çevrilir. Yeni dünya nizamı qurulur. Türkiyə çalışır ki, ölkəsinin PKK probleminə son qoysun. Son illərdə PKK-ya kifayət qədər zərbələr endirilib və terror təşkilatı xeyli zəiflədilib. Ömər Öcalanın dilə gətirdiyi şərtlər əslində Abdulla Öcalanın şərtləridir. Öcalanın şərtləri sırasındakı qarant ölkə məsələsinə Türkiyə razılaşmaz. PKK məsələsində Türkiyə üçüncü ölkənin hər hansı formada iştirakına razı ola bilməz. Çünki üçüncü tərəf Türkiyənin daxili işinə qarışacaq. Bu isə Türkiyə üçün lazım deyil. Terror təşkilatının rəhbərinin bu təklifi absurddur və belə görünür ki, o, yenə öz ampluasında qalmaqdadır. Hüquqi təminatı isə Türkiyə kimi ciddi dövlət ona verəcək. Qarant ölkə də Türkiyənin özü ola bilər. Türkiyə özü ona qarant verir və hətta sivil siyasətlə məşğul olmağa da şərait yaradır. Hansısa xarici ölkə niyə Türkiyənin daxili işinə qarışmalıdır ki?! Danışıqlar müsbət gedərsə, Abdulla Öcalan PKK-nın buraxılmasını elan edə bilər. Amma PKK-da aparıcı simalar sayılan bəzi şəxslər və PKK-ya logistika dəstəyi verən xarici kəşfiyyatlar silahı yerə qoymamaq üçün PKK-nı ayaqda saxlamağa çalışacaqlar. Ümumi götürəndə, Abdulla Öcalanın PKK arasında kifayət qədər nüfuzu var, onun sözü eşidilir. Lakin ona qarşı çıxanlar da ola bilər. Türkiyə Öcalana türk-kürd xalqlarının vahid Türkiyədə daha yaxşı yaşamasına qatqı qatması üçün şərait yaradır. Əgər, Türkiyə dövlətinin bu addımına olumlu yanaşmasalar Türkiyənin PKK-ya qarşı hərbi əməliyyatları geniş miqyaslı şəkildə aparılacaq. Bundan sonra Türkiyədə yaşayan və PKK-da olmayan milyonlarla sivil kürd vətəndaşlar tam olaraq Türkiyə hökumətini dəstəkləyəcək”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ