İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Moskva münasibətlərində gəlinən nöqtə - 3 ay sonra...

Rusiya hələ də Azərbaycanın tələblərini yerinə yetirməyib; ekspertlər hesab edir ki, üzrxahlıq olmadan münasibətlər düzəlməyəcək...

Üç ay sonra Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulmasının 1 ili tamam olacaq. Bakı-Moskva münasibətlərini korlayan və gərginliyə səbəb olan hadisənin istintaqı dekabrda yekunlaşmalıdır.

Rusiya istintaqın yekunlaşmasını gözləməyə çağırır. Azərbaycan isə “qara qutu”nun açıldığını bildirir, sübutların ortada olduğunu göstərir. Prezident İlham Əliyev xarici televiziyaya müsahibəsində bu məsələyə toxunaraq bildirmişdi ki, vurulan təyyarəmizlə bağlı tələblərimiz qalır, Rusiya üzərinə düşəni yerinə yetirməsə, beynəlxalq məhkəməyə müraciət olunacaq.

Rusiya tərəfi törədilən cinayətə görə üzrxahlıq etmək yerinə, daha da irəli gedərək soydaşlarımızı həbs və deportasiya edir, kiberhücumlardan tutmuş media resurslarında ölkəmizə qarşı qarayaxma kampaniyası aparır. Bu, azmış kimi, Ukraynadakı yanacaq obyektlərimizə, qaz kəmərinə raket zərbələri endirib.

Son bir ay isə nisbi sakitliklə keçib və gərginliyin tempi artmayıb. Gəncədə MDB oyunları təşkil olunub, Rusiyanın sərhəd gəmisi Bakıya gəlib, idman nazirinin müavini Xankəndidə keçirilən oyuna tamaşa edib.

Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib ki, hazırda ötən ilin dekabr ayında AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı cinayət işinin istintaqı Rusiya, Qazaxıstan və Azərbaycan tərəfindən aparılır.

İndi vəziyyət necə görünür, gəldiyimiz nöqtə hansıdır?

Azərbaycanla Rusiya arasında münasibətlər nə dərəcədə uzun müddətə korlanıb? Onların bərpası necə və nə vaxt mümkün ola bilər? Bakıdan asılı olan nə isə qalıbmı?

Deputat Günay Ağamalı televiziya və radio işçilərini təbrik edib »  Newscenter.az

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”da qeyd etdi ki, Azərbaycanla Rusiya arasındakı münasibətlərdə son dövrlərdə yaşanan gərginlik ikitərəfli əlaqələrlə yanaşı, təəssüf ki, regionda təhlükəsizlik və sabitlik mühitinə də mənfi təsir göstərir: “Bakı üçün Moskva ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək daima xüsusi əhəmiyyət kəsb edib. Lakin Rusiyanın hər kəsə məlum olan addımları ikitərəfli münasibətlərə ciddi zərbə vurdu. Azərbaycan tərəfinin mövqeyi birmənalıdır və dəyişməz olaraq qalır: törədilən cinayətin obyektiv istintaqı, məsul şəxslərin cəzalandırılması və kompensasiyanın ödənilməsi zərurətdir. Bu, beynəlxalq hüququn da tələbidir. Əgər Rusiya bu istiqamətdə öhdəliklərini yerinə yetirməsə, Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək hüququnu özündə saxlayır. Bununla yanaşı, Azərbaycan hər zaman dialoqa və diplomatik həll yollarına üstünlük verib. Son zamanlar müşahidə olunan nisbi sakitlik, beynəlxalq tədbirlər çərçivəsində baş verən təmaslar göstərir ki, qarşılıqlı anlaşma üçün hələ də imkanlar var. Lakin bu münasibətlərin bərpası birmənalı olaraq Kreml rəhbərliyinin konstruktiv addımlarından asılıdır. Rusiya rəsmiləri artıq başa düşməlidir ki, Azərbaycanla ənənəvi imperiya narrativləri fonunda davranmaq mümkün deyil. Azərbaycan xalqı və dövləti qürurludur. Biz heç vaxt ədalətsizliyə, milli maraqlarımıza qarşı yönəlmiş təzyiqlərə boyun əyməyəcəyik. Eyni zamanda münasibətlərin gələcəkdə normallaşması üçün əsas şərt Rusiyanın ədalətli və səmimi mövqeyi olmalıdır. Əgər bu yanaşma nümayiş etdirilərsə, biz konstruktiv dialoq üçün qapıları açıq saxlamağa hazırıq”.

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Azərbaycanın hər zaman şimal qonşusu ilə sıx əməkdaşlıqda maraqlı olmasından söz açdı: “Bakının yürütdüyü siyasətdə indiyədək heç bir sapıntı olmayıb. Azərbaycan kimsəyə də imkan verməyib ki, onun mənafelərinə və nüfuzuna xələl gətirən addımlar atsın, yaxud hörmətsizlik göstərsin. Belə cəhdlərin qarşısı qətiyyətlə alınıb və lazımi cavablar verilib. Bakı Rusiya ilə sıx əməkdaşlıqda maraqlıdır. 2022-ci ilin fevralında Moskvada imzalanmış "Strateji müttəfiqlik haqqında bəyannamə"yə sadiqdir və üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirir. Ancaq Kreml ənənəsinə “sadiq qalaraq” atdığı imzanın arxasında durmadı və gərginlik yolunu seçdi. Ötən il AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması Rusiyanın əsl simasını bir daha dünyaya nümayiş etdirdi. Bu cinayətə rəğmən Azərbaycan yenə təmkinini pozmadı və üzrxahlıq edilməsini, təyyarəni vuranların cəzalandırılmasını, dəymiş zərərin ödənilməsini tələb etdi. Kreml isə Azərbaycanın haqlı tələblərini nəinki yerinə yetirmədi, hətta Bakıya qeyri-məqbul təzyiqlərini artırmaqla hadisəni ört-basdır etmək yolunu seçdi. Rusiya hələ də üzərinə düşənləri etməkdən yayınır. Ötən ayla müqayisədə iki ölkə arasında gərginlik dramatik olmasa da, münasibətlərin ilıqlaşdığını söyləmək çətindir. Biz bunu Rusiyanın media orqanlarında bizə qarşı aparılan təbliğat kampaniyasında, o ölkədə yaşayan soydaşlarımıza qarşı yeridilən təzyiq-təqib siyasətində, müxtəlif təxribat və təhrikçilikdə aydın şəkildə görürük. Düşünürəm ki, Azərbaycanın Rusiya ilə yüksək səviyyədə olan münasibətlərini yenidən həmin səviyyəyə çatdırmaq hələlik o qədər də mümkün görünmür. Bakıda əhali arasında aparılan rəy sorğusunda da respondentlərin çox böyük hissəsi Rusiyanı dost ölkə kimi qəbul etmir. Deməli, Kremlin yanlış siyasəti xalqlar arasında da dost və etimad mühitini zədələyib. Bütün bunları isə nizama salmaq üçün Rusiya səhvlərini düzəltməli, Bakıya qarşı demarşlara , təzyiqlərə son qoymalı, dostcasına davranmalıdır; imperiya xislətindən əl çəkməli, keçmiş ittifaq respublikalarını, xüsusən də Azərbaycanı bərabərhüquqlu tərəfdaş ölkə kimi görməlidir. Münasibətlərin sonrakı inkişafı isə Kremlin mövqeyindən və yürütdüyü siyasətdən, atacağı praktik addımlardan bilavasitə asılı olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR