Onlayn ictimai-siyasi qəzet
Fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 70 yaşı tamamlanıb. Gözlənildiyi kimi, yubiley münasibətilə ona ölkə rəhbərlərindən ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev təbrik məktubu ünvanlayıb.
Qardaş məmləkətin hazırkı lideri Türkiyə tarixində, Azərbaycan-Türkiyə münasibətləri tarixində hansı statusda, necə qalacaq? Onun ictimai-siyasi fəaliyyəti ölkəmizdə necə qiymətləndirilir? Türkiyə yenə də belə bir uğurlu lider yetişdirə biləcəkmi? Ərdoğandan sonra ölkənin hazırkı xarici siyasət kursunun dəyişmə ehtimalı varmı?
Tural Abbaslı: “Hər zaman ona və komandasına minnətdar olacağıq”
AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında Azərbaycan xalqının daim türkiyəli liderə minnətdar olacağını vurğuladı: “Ərdoğan həm Türkiyə, həm də Azərbaycan siyasətində təbii ki, tarixə adını yazdıran liderlərdən biri olacaq. Türkiyə tarixini götürsək, qardaş ölkənin güclü, söz sahibi ölkə olmasında, ikinci ölkələr sırasından birinci ölkələr sırasına keçməsində Ərdoğanın rolu misilsizdir. Bu kursu müəyyən edib. Burada siyasi, iqtisadi, hərbi anlamdan söhbət gedir. O, hər zaman Türkiyə daxilində böyük liderlərdən biri kimi qalacaq. Eyni zamanda ən uzunmüddətli hakimiyyətdə qalan partiyanın lideri kimi də öz adını ölkəsinin tarixinə həkk etdirib. Türkiyəni böyüdən bir lider kimi daim xatırlanacaq. Həmçinin Azərbaycan tarixində də müxtəlif səbəblərdən qalacaq. İlk səbəblərdən biri kimi, təbii ki, Türkiyə-Azərbaycan münasibətlərinin yenidən qardaşlıq müstəvisinə dönməsində onun oynadığı rol danılmazdır. Onun bu yolda əziyyəti ifadə edilməyəcək dərəcədə böyükdür. Birbaşa olaraq, Qarabağın alınmasında, ərazi bütövlüyümüzün təmin olunmasında iştirak edən, siyasi, iqtisadi, hərbi yöndən Azərbaycanın yanında olan bir ölkənin lideri kimi mütləq Azərbaycan tarixində qalacaq. Deyilə bilər ki, Türkiyə hər zaman belə olub. Unutmayaq ki, Süleyman Dəmirəl də Azərbaycan tarixində qalıb, azərbaycanlıların yaddaşındadır. Amma bu heç də müsbət mənada yadda qalma deyil...
Ərdoğan eyni zamanda türk-İslam dünyasında, türkdilli dövlətlərin tarixində qalacaq. Çünki Türkiyənin, türk millətinin, müsəlman ümmətinin də dünyada mövqelərinin möhkəmlənməsində onun fəaliyyəti böyükdür. Bu gün Türk-İslam dünyasının ən böyük şəxsiyyətlərindən biridir. Bəlkə də birincisidir. Bu danılmaz bir faktdır. Biz hər zaman Ərdoğan və komandasına minnətdar olacağıq, Qarabağ məsələsində, eləcə də, Azərbaycan məsələsində tutduğu mövqeyə və iki ölkə arasında münasibətlərin qardaşlıq səviyyəsinə gəlməsinə görə. Ərdoğan Türkiyə, Azərbaycan, Türk-İslam dünyası üçün elə böyük bir şəxsiyyətdir ki, onu ayaqüstü, tez-bazar dəyərləndirmək də doğru deyil".
T.Abbaslı bir daha Türkiyədə Ərdoğan tipli bir liderin yetişə biləcəyi barədə yaranan suallara belə cavab verdi: “Əgər bir millət Ərdoğan, Rəsulzadə və digər böyük şəxsiyyətlər yetişdirə bilirsə, təbii ki, yenə də yetişdirəcək. Bu tipli liderlər sırasına keçmişə gedib Fateh Sultan Mehmetin, Süleyman Qanuninin, Nadir Şahın və digərlərinin də adlarını əlavə edə bilərik. Əgər bunun bir daha olmayacağına iddia etmək, həmin millətin potensialına şübhə etmək olardı. Mən bilirəm ki, Türk-İslam dünyası kifayət qədər liderlər yetişdirəcək. Amma təbii ki, Ərdoğan kimi liderlərin yetişməsi hələm-hələm başa gəlmir. Bu o qədər də sadə iş deyil. Yetişəcək, amma vaxt alacaq. Azərbaycan və Türkiyədə, eləcə də digər türkdilli ölkələrdə belə liderlərin yetişməsi böyük zaman tələb edir. Güman edək ki, Ərdoğan öz komandasında belə liderlər yetişdirməyə çalışır. Ümid edək ki, onun namizədləri də var. Özü də onun başlatdığı missiyanı davam etdirmək bacarığında olan namizədlər. Ola bilsin ki, ictimaiyyətə bildirilməsə də, kimlərsə davamçılar kimi hazırlanır. Güman edək ki, Ərdoğan onun üzərində işləyib. Ərdoğandan sonra onun uzun illərdir ki, apardığı siyasət dəyişə bilərmi kimi suallar ətrafında da müzakirələr gedir və bu da təbiidir. Xatırlayırsınızsa, Davudoğlu, Abdulla Gül və Babacan kimi hakim komandada yüksək vəzifələrdə təmsil olunan şəxslər var idi. Onların yürütdüyü siyasətlə zaman-zaman biz boşluqları da gördük. Ərdoğan da bunu gördü və boşluqları aradan qaldırdı. Özü olmadan komandadan kimsə kursu davam etdirəcəksə, eyni xətt davam etdiriləcək. Bu nə qədər uğurlu olacaq ya yox, bunu zaman göstərəcək. Yeni xətt müəyyən etmək, yeni xətt açmaq elə də sadə məsələ deyil. Təbii ki, Ərdoğan və partiyası hakimiyyətdən gedərsə, Ərdoğanın xaricə və daxilə yönəlik müəyyən etdiyi siyasi kurs yarımçıq qalacaq. Arzu və istəyimiz odur ki, Allah Ərdoğana uzun ömür, cansağlığı versin. O hələ Türk-İslam dünyasına çox lazımdır. Ona böyük ehtiyacımız var. Arzu edirik ki, AK Parti hələ uzun zaman Türkiyə iqtidarında qalsın. Çünki başladılan xətt tamamlanmalıdır ki, Türk-İslam dünyası dirçəlsin, türk ailəsi yenidən bir araya gəlsin. Rəcəb Tayyib Ərdoğana uğurlar arzulayıram. Allah uzun ömür versin. Hədəflərinə çatmasını arzulayırıq”.
Elxan Şahinoğlu: “Türkiyənin bölgənin aparıcı dövlətlərindən birinə çevrilməsində Ərdoğanın dolu danılmazdır”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ərdoğanı tənqid edənlərin belə onun Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində oynadığı rolu etiraf etdiklərini bildirdi: “Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın daxili və xarici siyasətini bəyənənlər də var, bəyənməyənlər də. Bu normaldır. Ancaq həqiqət ondan ibarətdir ki, Rəcəb Tayyib Ərdoğan və rəhbərlik etdiyi partiyası 20 ildə qatıldığı seçkilərin böyük əksəriyyətində qələbə qazanıblar. Bu, Türkiyənin seçki tarixində ilkdir. 1960-cı illərdən 2000-ci illərə qədər Türkiyədə sabit hökumət olmayıb, ya müxtəlif partiyaların formalaşdırdığı koalision hökumətlər olub ki, bir-iki ilin içərisində dağılıblar. Digər tərəfdən, Türkiyədə təkrarlanan hərbi çevrilişlər də inkişafa mane olub. Ərdoğan 20 ildə üzləşdiyi bu tip maneələri aşıb. Əlbəttə, Türkiyə iqtisadiyyatı bu gün ciddi çağırışlarla üz-üzədir. Ancaq Türkiyənin bölgənin aparıcı dövlətlərindən birinə çevrilməsində Ərdoğanın dolu danılmazdır. Xarici ölkələrlə ticarət dövriyyəsinin sürətli artımı, turizmin inkişafı, hərbi-sənaye kompleksinin formalaşma dövrünü yaşaması - bunlar Ərdoğanın xidmətləridir. Ərdoğanın Azərbaycana baxışı da fərqlidir. Azərbaycan müstəqilliyini qazandıqdan bu yana Türkiyə ilə müttəfiqlik münasibətləri qurub. Bununla yanaşı, Ərdoğanın hakimiyyəti dövründə müttəfiqlik daha üst səviyyəyə qalxıb. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsində Ərdoğanın rolu danılmazdır. Bunu biz heç zaman unutmamalıyıq. Bu dəstək tarix kitablarında və dərsliklərdə əks olunmalıdır.
Ərdoğanın siyasəti və Prezident İlham Əliyevlə imzaladığı Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri yüksək mərhələyə keçirib".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ