İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi milli rəqslərimizə dair ustad dərslərinə start verib


Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan incəsənətin mühüm sahəsi olan rəqslərimiz, onların təbliğinə xüsusi əhəmiyyət verir. Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Mərkəzin nəzdindəki “Xəzər” Azərbaycan Xalq rəqsləri Ansamblı və rəqs dərnəyinin uşaq və yeniyetmələri üçün tanınmış rəqqas, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar artisti Elnur Süleymanovun rəhbərliyi ilə milli rəqslərimizə dair ustad dərslərinə başlanılıb.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən Musavat.com-a verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycan milli rəqslərini daha dərindən öyrədilməsi, düzgün icrası və rəqs sənətimizin təbliğidir.

Azərbaycan Respublikasının Əməkdar artisti Elnur Süleymanov Mərkəzin nəzdindəki “Xəzər” Azərbaycan Xalq rəqsləri Ansamblı və rəqs dərnəyinin uşaq və yeniyetmələri üçün milli rəqslərimiz, onların icrası, kollektiv rəqs nümunələri, Azərbaycan rəqslərinə dair müxtəlif elementlərin və janrların icrası üzrə bir həftəlik ustad dərsləri aparır. Aparılan ustad dərslərində uşaqlara milli rəqslərimiz, düzgün duruş, icra, səhnə hərəkətləri, milli rəqslərimizə dair müxtəlif rəqs elementləri öyrədilir. Azərbaycan milli rəqs sənətinin quruluşları əsasən kütləvi olduğu üçün uşaqlara komanda şəklində rəqslərimizi icra etmək, müxtəlif elementlərin tətbiqi üzrə məşğələlər aparılır.

“Xəzər” Azərbaycan Xalq rəqsləri Ansamblı və Rəqs dərnəyində çox sayda azərbaycanlı, Türk və digər millətlərin uşaq və yeniyetmələri milli rəqslərimizə dair məşğələlərdə iştirak edir, rəqs sənətinin sirlərini öyrənirlər.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direltoru Samir Abbasov “Xəzər” Azərbaycan Xalq rəqsləri Ansamblı və rəqs dərnəyini ziyarət edərək, dərnəyin Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərməsinə dair razılıq əldə olunmuş və bundan sonra dərnəyin fəaliyyətinin təkmilləşdirilməsi, bu məqsədlə Azərbaycandan gələn mütəxəssislərin iştirakı ilə ustad dərsləri və təlimlərin aparılmasına qərar verilib.

Ankara şəhərində "Kızılay" bölgəsində Xəzər-Azərbaycan Rəqs Ansamblının məşq keçdiyi sarayda baş tutan ustad dərslərində milli rəqslərimizin daha prefessional və gözəl təqdim olunması, Azərbaycan milli rəqs elementlərinin icrası, yeni Azərbaycan milli rəqslərinin dərnək üzvlərinə öyrədilməsi əsas götürülür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR