İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə yeni anti-Rusiya blokunda?

Britaniya baş naziri yeni ittifaq yaratmağı təklif edir

 

İtaliyanın “Corriere della sera” qəzeti yazır ki, Boris Conson Polşa, Baltikyanı ölkələr və Ukraynaya Rusiyaya qarşı  yeni ittifaq yaratmağı təklif edib. Nəşrin yazdığına görə, təklif olunan birliyə Ukrayna, Polşa, Estoniya, Latviya və Litva daxildir. Baş nazirin ideyasına görə, Türkiyə də bu quruma daxil ola bilər.

Məqalədə deyilir ki, Conson öz ideyasını ilk dəfə aprelin 9-da Kiyevdə keçirilən görüşdə Ukrayna prezidenti Vladimir Zelenskiyə çatdırıb. “Corriere della sera” mənbələrinin məlumatına görə, Kiyev Britaniyanın təşəbbüsü ilə bağlı dəqiq mövqe bildirməyib- onu nə rədd edib, nə də dəstəkləyib. İddia edilir ki, Avropa İttifaqı liderlərinin iyunun 23-24-də keçiriləcək görüşündə Ukraynanın quruma namizəd status təsdiqləməsə, Zelenski Consonun təklifini daha ciddi qəbul edə bilər.

“Corriere della sera”nın mənbələrinə görə, "Ukrayna siyasi elitası Almaniya və Fransanın Rusiyanın məğlubiyyətinə az ümid bəslədiyinə əmindir" və bu,  "Avropada yeni çatlar açır".  

 Kremldən Britaniya baş nazirinin anti-Rusiya ittifaq yaratmaq niyyətindən xəbərsiz olduqlarını bildiriblər .

Bununla belə, Conson son çıxışında Ukraynaya daha çox hərbi dəstəyə çağırıb. Həmçinin, Britaniya baş nazirinin sözlərinə görə, Rusiya “Donbasda yavaş, lakin nəzərəçarpacaq irəliləyiş əldə edir, ona görə də ukraynalıları dəstəkləməyə davam etməyimiz lazımdır”.

Ekspertlərin fikrincə, Avropa İttifaqına hansısa alternativin yaradılması ideyası uğursuzluğa məhkumdur. “Böyük Britaniyanın yeni ittifaq üçün kifayət qədər pulu yoxdur və ABŞ belə bir təşəbbüsə sponsorluq etməyə razı olmayacaq. Avropaya gəlincə, orada “pul kisəsi” Almaniyanın əlindədir və şübhəsiz ki, Aİ-nin dağılmasına şans verməyəcək”, - ekspert izah edib. Ekspertlərə görə,  “ideya özü Conson üçün yaxşı piar yaradacaq və ola bilsin ki, ictimaiyyətin diqqətini onun şəxsiyyəti ilə bağlı qalmaqallardan yayındıracaq”.

Rusiyalı ekspert Timofey Bordaçev deyib ki, heç bir özünə hörmət edən dövlət belə bir alyansa üzv olmağa razılaşmayacaq, amma “aşağı dövlətlər” asanlıqla bu  axına qoşula bilər. “Bu siyahıda adı keçən Türkiyəyə gəlincə, çətin ki, onun belə bir ittifaqa qoşulmağa razı olsun. Türkiyə məsuliyyətli siyasi rəhbərliyi olan suveren ölkədir” - Bordaçev hesab edir.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RİAC) baş direktoru Andrey Kortunov isə bir qədər fərqli nöqteyi-nəzərdən çıxış edir. Onun fikrincə, Consonun təşəbbüsü Aİ-yə mümkün alternativ sayıla bilməz. “Mən onu Böyük Britaniya, ABŞ və Avstraliyanın daxil olduğu yeni AUKUS bloku ilə müqayisə edərdim. Lakin yalnız bu ittifaq Çinlə qarşıdurmaya yönəlib və Consonun təklif etdiyi qruplaşma Rusiyanın əleyhinə işləyəcək”, – Kortunov   deyib.  Kortunovun sözlərinə görə, Böyük Britaniyanın baş naziri Avropa İttifaqından çıxdıqdan sonra “qlobal Britaniya” strategiyasını elan etmək, ölkənin dünya liderliyini təsdiqləməyə çalışır. Bundan əlavə, London Aİ-də Rusiyaya qarşı çıxan ölkələr bu ittifaqı çərçivəsindən kənarda öz ətrafında toplamağa çalışır”, - ekspert izah edib.

Alyansın üzvlərindən biri kimi Ukraynaya gəlincə, o, şübhəsiz ki, Londonun təklifi ilə razılaşacaq. “Kiyev öz xarici siyasət mövqelərini gücləndirməlidir. Başqa bir şey odur ki, bu birlik yalnız kağız üzərində qalsa, Zelenski məyus olacaq, nəticədə bu qrupun üzvlərinin Moskva ilə birbaşa qarşıdurmaya cəlb edilməsi bir yana, heç bir hərbi yardım olmayacaq”, - deyə Kortunov yekunlaşdırıb.

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR