Onlayn ictimai-siyasi qəzet
Suriya ölkənin elektrik təchizatı vəziyyətini yaxşılaşdırmaq üçün Türkiyə və Qətərdən iki elektrik gəmisi alacaq.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Suriyanın Elektrik Təchizatı İdarəsinin baş direktoru Xalid Əbu Dai deyib.
Onun sözlərinə görə, Əsəd rejimi dövründə generasiya güclərinə, transformator yarımstansiyalarına və elektrik xətlərinə dəymiş ziyan çox yüksəkdir:
“Biz onları elektrik enerjisinin ötürülməsi üçün bərpa etmək istəyirik”.
“Əl-Ərəbiyyə” telekanalı qeyd edir ki, Suriyanın əksər bölgələrində indi elektrik enerjisi gündə iki-üç saat verilir. Suriyanın yeni administrasiyası iki ay ərzində elektrik enerjisinin verilməsini gündə 8 saata çatdırmaq niyyətində olduğunu vəd edib.
Yanvarın 6-da ABŞ Maliyyə Nazirliyi Suriyaya enerji resurslarının satışı və ya bağışlanması üçün zəruri olan əməliyyatları sanksiyalardan azad etdiyini bildirib. Bundan əlavə, Maliyyə Nazirliyi Suriyaya şəxsi pul köçürmələrinin olduğu hallarda Suriya Mərkəzi Bankı ilə əməliyyatlara icazə verib.
Dekabrın sonunda “Hürriyet” qəzeti yazmışdı ki, Türkiyə hakimiyyəti bütün nazirliklər qarşısında Suriyanın yeni administrasiyasına ölkədə vəziyyətin normallaşmasına kömək etmək vəzifəsi qoyub. Bildirilib ki, Türkiyə tərəfi həmçinin Suriyada enerji təchizatı ilə bağlı vəziyyətin hərtərəfli təhlilini aparacaq, enerji çatışmazlığı və elektrik enerjisi təchizatının bərpası problemlərini həll edəcək.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ