Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Türkiyə ordusu Suriyaya daxil olub və bu, Türkiyə qüvvələrinin bölgədə gücləndiyini göstərir. Bəs, Türkiyənin Suriyada güclənməsi hansı nəticələrə gətirib çıxara bilər?
“Türkiyənin Suriyada haqlı maraqları var. Əsəd rejiminin nəzarət etdiyi ərazi üçün “butik dövlət” ifadəsi işlənir”.
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Suriya illərdir parçalanmış haldadır və Əsəd rejiminin ölkəsinin yaxın keçmişdəki ərazi bütövlüyünü təmin edəcəyi sual altındadır:
“Rejim milyonlarla suriyalının geri qayıtmasını da istəmir, çünki ölkəni tərk edənlər müxalif düşüncəlilər idi. Onlar isə rejimə lazım deyil.
Bu arada, Türkiyə, Rusiya və İranın Suriya ilə bağlı formalaşdırdıqları “Astana prosesi”nə yenidən ehtiyac yaranıb. Təsadüfi deyil ki, son olaylarla bağlı 3 ölkənin xarici işlər nazirləri arasında dialoq intensivləşib. Türkiyə Suriyanın ərazi bütövlüyünü tanısa da, bu ölkədən ərazisinə terror təhlükəsindən qorunmaq istəyir. Əsəd Ankaranın dialoq təklifini geri çevirməsəydi, bəlkə də silahlı müxalifətin hücumu baş verməz, rejim böyük ərazilər itirməzdi. Yenə də Ankara ilə dialoqu bərpa etmək üçün gec deyil.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində Türkiyənin maraqlarını bir daha Kreml sahibinin diqqətinə çatdırıb. Birincisi, Türkiyə Suriyanın ərazi bütövlüyünü tanımaqla yanaşı bu ölkədə PKK və onun törəmələri ilə mübarizəni davam etdirəcək. İkincisi, Ərdoğan Suriyadakı son hadisələr fonunda dinc sakinlərin zərər görməməsi vacibliyini bildirib”.
Politoloqun fikrincə, Ərdoğan bunları ona görə Putinin diqqətinə çatdırıb ki, Kreml təmasda olduğu PKK-nın Suriyadakı törəmə təşkilatlara yerlərini bildirsin:
“Və Rusiya yaxın keçmişdə olduğu kimi Suriyadakı müxalif qüvvələrin nəzarət etdiyi şəhərləri ağına-bozuna baxmadan bombalamasın, bu halda dinc sakinlər həlak olurlar. Putindən tələb olunan Bəşəri Əsədi Rəcəb Tayyib Ərdoğanla qeyd-şərtsiz dialoqa təşviq etməkdir. Hazırda Əsəd Ərdoğana şərt irəli sürdüyü durumda deyil. Türkiyə eyni zamanda Suriya ərazisində fəallığını artırmaq məcburiyyətindədir.
Nə qədər ki, Suriya ərazisində PKK və ona bağlı terrorçu qruplar varlıqlarını qoruyurlar, Türkiyə qonşu ölkədə hərbi fəaliyyətini azaltmayacaq”.
Xalidə Gəray
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ