İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Suriya əməliyyatından vaz keçir?

 Hərbi əməliyyatlar başlayarsa, Rusiya Əsədin tələb və xahişləri ilə üzləşəcək ki, indi bu, Moskvaya heç lazım deyil, o səbəbdən Ankaraya təklifləri var...

Türkiyə Suriyanın şimalında 30 kilometrlik təhlükəsizlik zonası yaratmaq üçün hərbi əməliyyata başlayacağını elan etdikdən sonra bu mövzu dünya mediasında ciddi müzakirə olunur. Yada salaq ki, Türkiyə ordusunun Suriyanın şimalında yeni antiterror əməliyyatının keçirilməsinə qərar  Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilmiş Milli Təhlükəsizlik Şurasının iclasında verilib.  İclasdan sonra yayılan bəyanatda bildirilir ki, terror təşkilatlarını hədəf alan əməliyyatlar Türkiyənin qonşularının ərazi bütövlüyünə qarşı deyil: "Atılan və həyata keçiriləcək tədbirlər qonşularımızın təhlükəsizliyinə də ciddi töhfə verəcək". "Cənub sərhədlərimiz boyunca 30 kilometr dərinlikdə təhlükəsiz zonalar yaratmaq üçün başladığımız işin davamı ilə bağlı yeni addımlar atmağa başlayırıq", - deyə Ərdoğan iclasdan sonra bəyan edib.

Analitiklərə görə, hərbi əməliyyatların başlaya biləcəyi ərəfədə  Suriya prezidenti Bəşər Əsəd iki gün əvvəl “RT Arabic”-in rus nəşrinə müsahibə verərək Rusiyanın beynəlxalq arenada addımlarını tam dəstəkləməsi təsadüf deyil. Bildirilir ki, Türkiyənin hərbi əməliyyatları müvəqqəti ertələməsinin bir neçə mümkün səbəblər ola bilər.

Rusiya mediası yazır ki, həm ABŞ, həm də Rusiya Türkiyənin Suriyanın şimalında əməliyyat aparmasının əleyhinə olublar. Məlumdur ki, amerikalılar Türkiyənin terrorçu təşkilat kimi tanıdığı YPG-dən olan kürd silahlılarının birləşdiyi “Suriya Demokratik Qüvvələri”ni  müttəfiqləri hesab edirlər.

Moskva isə kürdlərə kifayət qədər laqeyd yanaşır. Ümumilikdə Suriya  kürdləri Rusiya üçün müttəfiqdən daha çox başağrısıdır. Amma hərbi əməliyyatlar başlayarsa, Rusiya xüsusən Əsədin basqısı-tələb və xahişləri ilə üzləşəcək ki, indiki şəraitdə bu, Moskvaya heç lazım deyil, onun Ukrayna məsələsinə görə qayğıları başından aşır. Bu səbəbdən ötən həftə Moskva Ankaranı “Suriyada onsuz da çətin vəziyyətin təhlükəli şəkildə pisləşməsinə səbəb ola biləcək” hərəkətlərdən çəkinməyə çağırıb. Məlumata görə, Suriya ordusu və İranyönlü “Hizbullah” hərəkatının müttəfiq bölmələri də YPG-yə əlavə qüvvələr göndərir. Rusiyanın da Türkiyə sərhədinə yaxın 40 kilometrlik zonada yerləşən şəhərlər yaxınlığında mövqelərini gücləndirdiyi barədə də məlumatlar var.

Görünən odur ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Ankaraya həm də mümkün Suriya əməliyyatları səbəbdən göndərilib. Bəzi ekspertlər də hesab edir ki, bu danışıqlarda Suriyadakı rus qruplaşmasının təchizatı üçün Türkiyə ərazisindən hava dəhlizinin açılması mövzusu da müzakirə olunub. Lakin heç bir yerdə belə müqavilələr barədə rəsmi məlumat yoxdur. Lavrovun iyunun 8-də Ankaradakı çıxışının dərc olunmuş mətni, onun tonu (o, Çavuşoğluna “dost” sözündən istifadə edərək müraciət edib) Moskvanın Suriyada Türkiyə ilə ciddi hərbi qarşıdurmanın qarşısını almaq üçün müəyyən güzəştlərə getməyə hazır olduğunu göstərir. Xüsusən də Rusiyanın ən böyük şirkətlərinin ofislərinin Avropadan Türkiyəyə köçürülməsi təklifi daxil olub. Lavrov Türkiyənin Rusiyanın “Mir” kartlarını ödəniş üçün qəbul etməsi müqabilində türk kurortlarında rusların istirahətini asanlaşdıracağına eyham vurub və eyni zamanda, Rusiyanın türklər üçün “Akkuyu” atom elektrik stansiyasının tikintisini davam etdirdiyini xatırladıb.

Orxan ƏLİYEV,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR