İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə "S-400"ləri Azərbaycana verə bilər - sensasion iddia

Ekspert: “Azərbaycanın hava hücumundan müdafiə sistemləri hətta bəzi böyük dövlətlərin HHMS-dən daha güclüdür”

Yunanıstan ordusunun ehtiyatda olan polkovniki Stefanos Karavidas Azərbaycana da birbaşa dəxli olan maraqlı açıqlama verib. Verdiyi müsahibədə o, Türkiyənin “F-35" qırıcıları əldə etmək üçün Rusiyadan aldığı "S-400" zenit-raket sistemlərindən qurtulmağın yollarını axtardığını bildirib (Haqqin.az). 

Onun sözlərinə görə, mümkün ssenarilərdən biri hava hücumundan müdafiə sisteminin başqa ölkəyə ötürülməsi ola bilər. “Yunanıstan Türkiyənin silah proqramını qiymətləndirməyə hərtərəfli yanaşmalıdır, əks halda, hava qüvvələrimiz üçün əsl fəlakətlə üzləşə bilərik”, deyən zabit ardınca vurğulayıb ki, Yunanıstan üçün ən pis ssenari Türkiyənin gələcəkdə ABŞ-dan “F-35" təyyarələri almaq üçün siyasi və diplomatik bir həll tapması ola bilər. Onun fikrincə, belə həll yollarından biri "S-400" sistemlərinin dost və müttəfiq Azərbaycana verilməsi ola bilər.

“Rusiya razılıq verərsə, Türkiyənin "S-400"ləri Azərbaycana təhvil verməsi ən cəlbedici ssenari olacaq”, - polkovnik əlavə edib. O, bu ssenarinin reallaşacağı təqdirdə Ankaranın ABŞ-dan “F-35" ala biləcəyini vurğulayıb: ”Bu, Yunanıstanın sifariş etdiyi “F-35" döyüş təyyarələrini almağa başladığı vaxt baş verə bilər. Nəticədə Türkiyə öz hava qüvvələrini tamamilə modernləşdirəcək və Yunanıstanı keçəcək”.

Bəs belə bir anlaşma mümkündürmü? Rusiya buna razılıq verərmi? Azərbaycanın özünün necə, "S-400"lərə nə dərəcədə ehtiyacı var? Onlar “Dəmir günbəz” kimi etibarlı və effektlidirmi?

Emin Həsənli: Bu müraciətin Şuşadan edilməsinin rəmzi mənası var –  BAYRAQDAR MEDİA

Emin Həsənli 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Qərbin Türkiyəyə qarşı etdiyi səhvləri diqqətə çatdırdı: “Burada Türkiyə və Qərb arasında problem təkcə "S-400" problemi deyil. Türkiyə nə üçün "S-400"ləri almaq məcburiyyətində qaldı? Çünki Amerika patriot sistemlərini vermədi. SSRİ dağıldıqdan, ən çox da soyuq müharibə illərindən sonra Qərbin bir çox səhvləri var idi. Bu səhvlərdən biri də Amerika, Avropa Birliyi və NATO-nun Türkiyəyə qarşı olması idi. Baxmayaraq ki, Türkiyə NATO ölkəsidir. Qardaş ölkə Avropa Birliyinə üzv olmağa çox can atdı. SSRİ dağıldıqdan sonra Qərb ölkələri o düşüncəyə gəldi ki, artıq Türkiyəyə ehtiyac yoxdur. Şərqi Avropa ölkələri NATO və Avropa Birliyinə üzv qəbul olundular. Həmin ölkələr Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan və digər dövlətlərlə əlaqələr qurmağa başladılar. Getdikcə Türkiyə ilə münasibətlər zəifləməyə başladı. Çünki əvvəlki əməkdaşlıq qalmamışdı. Türkiyənin mübarizə apardığı terror təşkilatlarını əvvəllər SSRİ yaratmışdısa, sonradan bunu Amerika kəşfiyyatı idarə etməyə başladı. Amma qardaş ölkə Ərdoğanın rəhbərliyi altında ayaqda qalmağı bacardı. Cənab Ərdoğanın rəhbərliyi altında güclü ordu yaradıldı, ordu modernləşdirildi, müasir texnoloji silahlar alındı. Ordunun 80 faizi silahlardan asılı vəziyyətdə idi. 20 faiz Türkiyə özü istehsal edirdi. Amma Ərdoğanın zamanında bu rəqəmlərin yeri dəyişdi. Artıq istehsal 80 faizə çatır. İndi Qərb başa düşür ki, səhv edib. Gürcüstan və Ukraynaya qarşı ikinci səhvi etdilər. Azərbaycana qarşı çoxlu səhvlər ediblər. Ukrayna və Gürcüstana illərlə söz verdilər ki, NATO-ya üzv kimi qəbul olunacaqlar. Amma indi deyirlər ki, Ukrayna Rusiyaya qarşı savaşda qalib gəlsin, ondan sonra NATO-ya üzv qəbul olunsun. İndi sual olunur. NATO-ya üzv dövlətlər quruma qəbul olunanda belə bir şərt irəli sürülmüşdü? Ukrayna düşünürdü ki, NATO-ya üzv qəbul olunandan sonra Rusiya NATO-ya üzv dövlətə hücum etməyə risk etməyəcək. Amma nəinki üzv qəbul edilmədi, Rusiya ilə savaşda lazımi dəstək tam verilmir. Hətta Rusiya ərazisinin vurulmaması barədə fikirlər də səsləndirilir. Lazımi dəstəyi gecikdirə-gecikdirə Ukraynaya bu fəlakəti yaşatdılar. Gürcüstandakı son seçkilər göz önündədir. Keçmiş postsovet ölkələri içərisində ən çox qərbpərəst mövqe tutan prezident Mixail Saakaşvili olub. Amma indi Gürcüstan həbsxanasından qurtula bilmir. Ona olan münasibət göz önündədir. Artıq bu ölkələrdə Qərbə inam xeyli azalıb. İndi Qərb dünyada böyük nüfuz qazanan qardaş Türkiyə ilə əməkdaşlığa böyük ehtiyac duyur. Bu əməkdaşlığa ən çox Qərbin ehtiyacı var. Yenə də deyirəm, bir NATO ölkəsi nəyə görə "S-400"ləri almağa məcbur oldu? Çünki "Patriot"lar və 5-ci nəsil "F35"lər Türkiyəyə verilmədi".  

Səxavət Məmməd – Yeni Çağ Media

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd Türkiyənin "S-400"ləri məcbur almasından söz açdı: “İstər Rusiya-Ukrayna, istərsə də İran-İsrail toqquşmaları hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətini ortaya qoyur. Türkiyənin ən zəif yeri stasionar hava hücumundan müdafiə sistemlərinin yoxluğu idi. Türkiyə ona görə də ABŞ-dan "Patriot"lar tələb edirdi. ABŞ “Patriot”ları Türkiyəyə satmaqdan imtina edəndən sonra rəsmi Ankara məcbur olub Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemlərini aldı. Daha sonra Türkiyəni buna görə "F-35" proqramından çıxardılar. Türkiyə "S-400"ləri "F-35"lərə görə əlindən çıxarmaq istəməyəcək. Çünki Türkiyə "S-400"ləri əlindən çıxarmış olsa, yenə də stasionar hava hücumundan müdafiə sistemlərsiz qalacaq. Bu isə Türkiyə kimi böyük maraqları olan ölkəni zəif vəziyyətə sala bilər. Türkiyə hava məkanını "F-16" vasitəsilə qoruyurdu. Bu isə bahalıdır. Türkiyə zəif yerinin hava hücumundan müdafiə sistemləri olduğunu bildiyi üçün "S-400"ləri almağa hətta deyərdim ki, məcbur olmuşdu. Türkiyə "F-35" almağa özünü məcbur saymır. Çünki hazırda bütün bazarı araşdırır. Türkiyənin Almaniyadan 40 ədəd “Eurofighter” qırıcı təyyarələri almaq yönündə danışıqlar apardığı və hətta razılığa gəldiyi yönündə iddialar var. Türkiyə alternativlərə baş vuracaq. Ümumiyyətlə, silah bazarında alternativlər çoxdur. Misal üçün, "F-35"lərə qarşı "Su-57"ləri görə bilərik. Hər iki hərbi təyyarə 5-ci nəsil və ən müasir qırıcılar sayılır. Ona görə də Türkiyənin nəyəsə məcbur olacağını düşünmürəm".

Hərbi ekspert Azərbaycanın hava hücumundan müdafiə sisteminin Türkiyədən də güclü olduğunu qeyd etdi: ""S-400"lərlə bağlı çoxlu sayda iddialar ortaya atılıb. Hətta Türkiyənin o sistemləri Rusiyaya qaytara biləcəyi də deyilirdi. Açığı, bunun olacağını düşünmürəm. Çünki Türkiyə ilə Rusiya arasında münasibətlər fərqli məcraya keçməyə başlayıb. Misal üçün, Türkiyədə atom elektirik stansiyası inşa edilir. Ruslar hətta ikinci stansiyanı da inşa edə biləcəklərinin mesajını verir. Ona görə də Türkiyənin bu sistemi Rusiyaya qaytaracağı inandırıcı deyil. "S-400" hava hücumundan müdafiə sistemlərini hər bir ölkə öz arsenalında görmək istəyər. Türkiyənin bu sistemi Azərbaycana verib-verməyəcəyini kənara qoysaq, əlbəttə ki, Azərbaycan da belə sistemə sahib olmaq istəyər. Ancaq bu sistemlər daha çox ərazisi böyük olan ölkələr üçün əlverişlidir. Azərbaycan üçün ilk sırada hava hücumundan müdafiə sistemlərinin yenilənməsi yox, aviaparkın yenilənməsi gəlirdi. Azərbaycan bunu "JF-17"lərlə həyata keçirdi. Bundan sonra isə hərbi gəmi parkının yenilənməsinə ehtiyac var. Azərbaycanın hava hücumundan müdafiə sistemləri kifayət qədər güclüdür. Azərbaycan hava məkanını "Arrow 3", "Dəmir Qübbə", "Barak 8", "S-300 Favorit", "S-200 Veqa" və digər vasitələrlə qoruyur. Hər halda, Azərbaycan İran, Rusiya kimi dövlətlərlə müharibə edəcək deyil. Hər bir ölkə öz potensialını bilir. Nəzərə alsaq ki, müharibə ehtimalı Ermənistanladır, daha bahalı sistemlərə indiki məqamda ehtiyac yoxdur. Hava hücumundan müdafiə sistemlərinin bir nömrəli düşməni kütləvi raket zərbələridir. Ermənistanın isə belə bir imkanı yoxdur. Azərbaycanın hava hücumundan müdafiə sistemləri hətta bəzi böyük dövlətlərin hava hücumundan müdafiə sistemlərindən daha güclüdür. "S-400"lərə qədər ancaq stasionar hava hücumundan müdafiə sistemlərini nəzərə alsaq, Azərbaycanın hava hücumundan müdafiə sistemləri Türkiyəninkindən da daha güclü idi”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR