Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşı ətrafında yaranmış yeni siyuasiya qlobal məkanda cərəyan edən hərbi-siyasi prosesləri də dəyişməyə başlayıb. Belə ki, hazırda ABŞ və Rusiya arasında Ukrayna savaşının dayandırılması ilə bağlı qapalı sövdələşmələr davam edir. Bu sövdələşmələr barədə geniş məlumatlar verilməsə də, hər halda hər iki tərəfin açıqlamaları müəyyən təsəvvürlər yaradır. Artıq heç kəsdə şühbə yoxdur ki, ABŞ lideri Donald Tramp və Kreml sahibi Ukraynanı bölüşdürmək niyyətinə düşüblər. Və bu kollektiv Qərb daxilində ciddi ziddiyyətlərə bağlı parçalanma meyllərinə də yol açıb.
Məsələ ondadır ki, kollektiv Qərb daxilində son vaxtlara qədər Rusiyanın Avropa məkanı dövlətlərinə hərbi təhlükə olması barədə siyasi-ideoloji tezislər ön planda tutulurdu. Ancaq indi elə situasiya yaranıb ki, Ukrayna savaşının törədilməsinə görə Rusiya deyil, məhz keçmiş Bayden adminitrasiyası və Avropa Birliyi suçlanır. Üstəlik, rəsmi Kiyev Ukraynanın bölüşdürüldüyü, gələcək taleyinin həll olunduğu danışıqlar prosesinə buraxılmır. Və bu savaşa yüzmilyardlarla avro xərcləmiş Avropa Birliyi də pay bölgüsündən kənarda saxlanılıb.
Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın Avropa Birliyinə qarşı son vaxtlar intensivləşmiş siyasi-ideoloji hücumlarından, iqtisadi-ticari məzmun daşıyan təhdidlərindən sonra “qoca qitə”də ciddi çaşqınlıq yaşanmaqdaydı. Belə ki, Avropa liderləri Tramp administrasiyasına müqavimət göstərməyə cəsarət etmirdilər. Bəzi Avropa dövlətləri ABŞ-ın qəzəbini öz üzərlərinə çəkməkdən çəkinirdilər. Və hətta elə görüntü yaranmışdı ki, ABŞ hər an Rusiyanı Ukrayna savaşının “qalibi” elan etmək hüququ qazanmaqdaydı.
Ancaq belə bir taleyüklü mərhələdə Türkiyə ABŞ-Rusiya sövdələşməsinə birbaşa müdaxilə etmək qərarı verdi. ABŞ və Rusiyanın qeyri-legitim elan etdiyi prezident Volodimir Zelenski Ankaraya dəvət olundu. Türkiyə və Ukrayna liderlərinin bir neçə saatlıq görüşündən sonra prezident Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın Ukraynanın suverenliyini, ərazi bütövlüyünü tanıdığını növbəti dəfə birmənalı şəkildə təkrarladı. Və sülh danışıqlarının Ukraynanın ərazi bütövlüyünə təminat verəcək şərtlər çərçivəsində aparılmasının vacibliyini vurğuladı.
Rəsmi Ankaranın bu mövqeyi ABŞ-Rusiya sövdələşməsi qarşısında böhranlı situasiya yaratdı. Avropa Birliyi ölkələri cəsarətləndilər və öz liderlərini Kiyevə göndərdilər. Ukrayna prezidenti Volodimir Zelenski isə rəsmi Kiyevin ABŞ-Rusiya sövdələşməsinin nəticələrini tanımayacağını bəyan etdi. Yəni, Türkiyənin birbaşa və açıq müdaxiləsindən sonra Tramp-Putin sövdələşməsi artıq böyük risk altına düşməyə başlayıb. Və bu, Avropa Birliyinə müəyyən manevr məkanı açmaqla yanaşı, Kremldə ciddi narahatlıqlar doğurmaqdadır.
Maraqlıdır ki, prezident Volodimir Zelenski hakimiyyəti təhvil verməyə hazır olduğunu da bildirib. Ancaq Ukrayna lideri bunun qarşılığında olduqca ciddi şərtlər irəli sürür. Belə ki, həmin şərtlərə görə, Ukraynanın ərazi bütövlüyü bərpa olunmalıdır, təhlükəsizlik təminatı verilməlidir və NATO-ya üzvlük məsələsi müsbət məzmunda həll olunmalıdır. Və bu, o deməkdir ki, Ukraynada Qərb silahlarının analoqlarının istehsalına başlandığını bildirən prezident Volodimir Zelenski ölkəsi ilə bağlı gizli sövdələşmələrə müqavimət potensialının olduğuna da eyham vurur.
Təbii ki, bütün bunların məhz Ukrayna liderinin Ankara səfərindən sonra baş verməsi Rusiyanı Türkiyə faktorunu nəzərə almaq məcburiyyətində buraxır. Üstəlik, prezident Volodimir Zelenski Türkiyə və Ukraynanın Avropada ən güclü orduya malik iki ölkə olduğunu bildirir. Türkiyə ordusunun Ukraynada hərbi bazalar yaratmasının vacibliyini və bunun ölkəsi üçün ən effektiv təhlükəsizlik təminatı olacağını qabardaraq, vurğulayır. Və bu prosesin Rusiyanın maraqlarına uyğun sülh sazişinə çox yaxınlaşmış Kremli çaşqın vəziyyətə salmış kimi görünür.
Maraqlıdır ki, Kreml mövcud situasiyanı nizamlamaq üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovu tez-tələsik Ankaraya göndərib. Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdən sonra rusiyalı nazir bildirib ki, Kreml həm Ukrayna, həm də Avropa Birliyi ilə danışıqlar aparmağa hazırdır. Kreml təmsilçisi müəyyən şərtlər irəli sürsə də, bu, Rusiyanın sövdələşməsinin pozulma təhlükəsi qarşısında geri çəkilmək məcburiyyətində qalması anlamı daşıyır. Və elə şərtlər irəli sürməyə çalışır ki, həm Avropa Birliyinin, həm də Ukraynanın kənarda saxlanmasına səbəb olsun.
Məsələ ondadır ki, Rusiya xarici işlər naziri rəsmi Kiyevi danışıqlardan əvvəl Ukraynanın düşdüyü situasiyanı qəbul etməyə və NATO-ya üzvlük niyyətindən imtina etməyə çağırıb. Əks halda, belə danışıqların mümkün olmayacağını vurğulayıb. Yəni, Kreml Rusiyanı sülhə və danışıqlara pozitiv yanaşan tərəf kimi göstərməyə çalışır. Və əsas strateji hədəf olaraq isə Türkiyənin ABŞ-Rusiya sövdələşməsinə müdaxilə etməməsinə nail olmağa çalışır.
Ancaq anlaşılan odur ki, rəsmi Ankara hələlik Kremlə belə ümidlər vermək niyyətindən uzaqdır. Çünki xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Türkiyə Ukrayna savaşının dayandırılması üzrə sülh danışıqlarına evsahibliyi etməyə hazırdır. Onun fikrincə, sülh danışıqlarına savaşın hər iki iştirakçısının – Ukrayna və Rusiyanın qatılması olduqca vacibdir. Və bu, Türkiyənin rəsmi Kiyevin iştirakı olmadan, ABŞ-Rusiya sövdələşməsi ilə Ukraynanın gələcək taleyinin həll edilməsini yolverilməz hesab etdiyinə diplomatik eyhamdır.
Belə anlaşılır ki, ABŞ-Rusiya gizli sövdələşməsi hazırda ciddi risk altındadır. Çünki qlobal məkanda yeni siyasi iradə mərkəzinə çevrilməkdə olan Türkiyənin mövqeyini nəzərə almadan Ukrayna savaşı kimi bütün dünyanın maraq dairəsində olan problemi həll etmək mümkün deyil. Ona görə də, hazırda Kreml rəsmi Ankara ilə anlaşmağa cəhd göstərir. Ancaq rəsmi Kiyevin iştirakı olmadan Ukraynanın gələcək taleyinin həll olunması Türkiyə üçün qəbuledilməz variantdır. Və Türkiyə bunu həm yolverilməz, həm də qlobal məkanda daha təhlükəli proseslərə yol aça biləcək “örnək variant” hesab edir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ