İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Rusiyanın zəifləməsini istəmir - səbəb

“NATO-da elə ölkələr var ki, Ukraynada müharibənin davamını arzulayır. İstəyirlər ki, hərbi əməliyyatlar davam etsin, Rusiya zəifləsin”.  Bunu Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu deyib. Aydındır ki, söhbət ilk növbədə ABŞ-dan gedir. Türkiyə bu sırada yoxdur. Əksinə, qardaş ölkə neçə vaxtdır müharibənin dayandırılması üçün əlindən gələni edir. Ancaq burada maraqlı bir məqam var.

Çavuşoğlunun söylədiyi kimi, məntiqlə Türkiyə müharibənin davamını istəmirsə, demək, Rusiyanın da zəifləməsini istəmir? Azərbaycana necə, hansı Rusiya sərfəlidir - zəifləmiş, yoxsa Qərblə rəqabət qabiliyyətli Rusiya?

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli məsələnin mənfi və müsbət tərəflərinə toxundu: “Azərbaycana zəifləmiş, ümumiyyətlə yox olmuş Rusiya sərf edir. Özü də tək Azərbaycana deyil, bütün Türk-İslam dünyasına dağılmış Rusiya lazımdır. Çünki son 300 ildə Qərb Rusiyadan İslam dünyasına qarşı maşa kimi istifadə edib. İndiki Rusiya Federasiyası adında ölkə türk torpaqlarında, türk dövlətlərinin qalıqları üstündə qurulub. Son 300 ildə biz türklərə ən böyük zərbəni ruslar vurub. Söylədiklərim tarixi faktlara əsaslanır, bunu heç kəs inkar edə bilməz. Rusiya Federasiyası dağılsa bir dəfəlik bizim üçün erməni problemi də həll ediləcək. İstər 1917, istərsə də, 1991 illərdəki proseslər olsun, hər dəfə rus imperiyasında kataklizmlər başlayanda, bu ölkə sarsılıb çökəndə yeni türk-müsəlman dövlətləri qurulurdu. Rus imperiyası bu dəfə də çöksə eynən yeni bağımsız türk-müsəlman cümhuriyyətləri qurulacaq. Ona görə də, hər aspektdən Rusiya Federasiyasının dağılması tük dünyası acısından müsbət dəyərləndirilməlidir.

Politoloq: “Taliban Əfqanıstanda sabitliyi qoruyub, ölkəni inkişaf etdirə  bilər”

Əhəd Məmmədli: “Bu, Türkiyə və Azərbaycan acısından arzuolunmaz prosesdir”

Lakin indiki Qərb-Rusiya qarşıdurması da əgər Rusiyanın dağılması, Qərbin və onun dəyərlərinin dünyada güclənib hegemonluğuna gətirəcəksə, bu, Türkiyə və Azərbaycan acısından arzuolunmaz prosesdir. Çünki Rusiya kimi, Qərb də Türkiyənin rəqibidir. Qərb-rus qarşıdurmasından Türkiyə və türk-islam dünyası üçün ən sərfəli nəticə bu iki rəqib qütbün zəifləməsi, ola bilsin, birinin sıradan çıxması, sıradan çıxanın yerini də qardaş Türkiyənin doldurmasıdır".

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə çox incə məqamlara toxundu: “ABŞ müharibələr üzərindən daima qazanan ölkədir. Bu, konspiroloji yanaşma deyil. ABŞ tarixinə qısa baxış bu iddianı sübut edir. Çox geriyə yox, elə 21-ci əsrə, yəni 2000-ci illərin əvvəllərindən bu günədək olan dövrə baxsaq, görərik ki, hər bir ABŞ prezidentinin hakimiyyəti dövründə hardasa müharibə başlanıb və müxtəlif formalarda ABŞ ordusu orada olub. Məsələn, Corc Buş 2001-də ABŞ-ın Əfqanıstanda (2001-2021), Yəməndə (2002-davam edir) və İraqda (2003-2011), Somalidə (2007-davam edir) hərbi əməliyyatlarını başlatmış, Obama dövründə Liviyaya beynəlxalq müdaxilə (2011, 2015-2019), Uqandada əməliyyatlar (2011-2017), İraqda ikinci ABŞ müdaxiləsi (2014-2021), Suriyaya müdaxilə (2014-davam edir) başladılmış, xarici müdaxilələr Tramp və Baydenin dövrlərində də davam edib. Tramp və Bayden ilk baxışda ölkələrini xarici torpaqlardan çıxararaq ölkədaxili məsələlərə köklənmiş kimi ilkin təəssürat yaratsalar da, ABŞ-ın müharibə maşını durmadan işləyir və iş başındadır. Hazırda müharibə maşını Ukrayna üçün silahlar istehsal etməklə məşğuldur və aydındır ki, Rusiya ilə Ukrayna deyil, məhz başda ABŞ olmaqla Qərb, yaxud NATO savaşır. Bu yaxınlarda ABŞ dövlət Katibi Entoni Blinken avropalı həmkarları ilə söhbətində açıq şəkildə qeyd edib ki, Rusiyanın Ukraynadakı müharibəsi, çox güman ki, 2022-ci ilin sonunadək uzanacaq. CNN-ə açıqlama verən həmin diplomatlar isə, bunun daha da çox ukraynalının qətlə yetirilməsi, humanitar böhranın daha da dərinləşməsi anlamına gəldiyini vurğulayıblar. Məhz bu mənada, ABŞ və ya onun müttəfiqləri üçün Ukraynada ölən insanlar deyil, bu coğrafiyadakı Qərb maraqlarının, daha dəqiq desək Rusiyanın məğlub edilməsinin maraqlı olduğu qeyd edilə bilər.

Sabah Fransada prezident seçkisidir - Makrona əsas rəqib o ola bilər

Şəhla Cəlilzadə: “Rusiyanın başına hər nə gəlsə...”

Cənab Çavuşoğlu da məhz bunu deyib. O, həmçinin, rəsmi Ankaranın Rusiya və Ukrayna ilə münasibətlərinin yüksək səviyyədə olmasını, müharibənin tezliklə başa çatmasını istədiklərini, bunun üçün tərəflərin danışıqlarının təşkil olunduğu və hər cəhdlə ortaq məxrəcə gəlmələrinin təmənni olunduğunu vurğulayaraq, əslində Türkiyənin mövqeyini ortaya qoyub. Türkiyə də Ukraynada silah satan tərəf olsa da, onun üçün daha böyük maraqlar məhz sabitliyin təmin olunmasından asılıdır. Türkiyə Rusiya təyyarəsini vuraraq (2015-də) düşürən, yəni, öz maraqlarına zidd olarsa Rusiya ilə münasibətləri ən aşağı səviyyəyə endirən və siyasi-iqtisadi böhran dövrlərini keçmiş bir ölkədir. Ümumiyyətlə, Türkiyənin Rusiya ilə 500 illik (Osmanlıdan bəri) münasibətləri tarixinə baxsaq, daima enişli-yoxuşlu münasibətlərə şahid ola bilərik. Hazırda bu münasibətlər ən yüksək səviyyədə dəyərləndirilə bilər. Bu isə Türkiyənin artıq Qərbin vassalığından çıxıb Rusiyanın dostu olması ilə deyil, məhz qlobal aktor, dünyəvi oyunçu olaraq özünü təsdiq etməsi ilə izah oluna bilər.

Yeni konyukturda Azərbaycan və Türkiyənin mövqeləri üst-üstə düşür. Bu baxımdan Rusiyanın başına hər nə gəlsə (Ukraynada qalib və ya məğlub olmasından asılı olmayaraq) Azərbaycan maksimum şəkildə öz maraqlarının qorunmasına və təmin olunmasına çalışmalı, yaranacaq bütün fürsətləri dəyərləndirməlidir. İstənilən halda Azərbaycanda rəsmi olaraq 1960 nəfər, əslində daha çox “sülhməramlı” yerləşdirən Rusiyanın diqqətinin kənarlarda olması bizə daha çox sərfəlidir və mövcud şəraitdən ölkəmiz ərazi bütövlüyünün tam şəkildə təmin edilməsi üçün maksimum faydalana bilər".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR