İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Rusiyanı müharibə bataqlığından çıxarır - işin içində Bakı da var

Dünyanın bacarmadığı işi türk dövlətləri reallaşdırır; politoloq: “İndiki şəraitdə müharibənin dayandırılması həm Rusiyanın, həm də Ukraynanın maraqlarına uyğundur”

Rusiya-Ukrayna müharibəsinin dayandırılması, sülhün əldə edilməsi istiqamətində  Türkiyənin  səyləri göz önündədir. 31 martda məlum olub ki, Ankara Rusiya və Ukrayna xarici işlər nazirlərinin yeni görüşünün təşkili üzərində çalışır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalına müsahibəsində deyib. “İstanbulda baş tutan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib, lakin hazırkı mərhələdə görüşün sonunda elan edilən nəticələrin yerdə icra olunduğunu görmürük. Yaxın bir-iki həftə ərzində Rusiya və Ukrayna arasında görüş daha yüksək səviyyədə, xarici işlər nazirləri səviyyəsində baş tuta bilər. Biz bunun üzərində işləyirik. Mən dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə bu mövzu barədə danışmışam”, - deyə Türkiyənin xarici işlər naziri bildirib. Mövlud Çavuşoğlu, həmçinin, qeyd edib ki, Ukraynanın Ankaranın qarant olmasını tələb etməsi Türkiyəyə olan etibarın sübutudur.

İstanbul şəhəri iki dəfə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edib. Görüşlərdə çox böyük nəticələr əldə edilməsə belə, qanlı müharibə aparan iki ölkənin təmsilçilərinin bir araya gətirilməsi Türkyənin aktivinə yazılan böyük hadisədir. Həmçinin, ikinci görüşdə prezident Ərdoğanın tərəflərə ünvanlı çıxış etməsi, yekunda nümayəndə heyətləri tərəfindən ayaq üstə alqışlanması qardaş ölkənin proseslərdəki tarixi missiyasının sübutudur. Ötən görüşdə prezidentlərin bir araya gətirilməsi təşəbbüsü də irəli sürülüb. Bunun üçünsə ilk öncə XİN rəhbərlərinin görüşünə zərurət var. Odur ki, Ankara xarici işlər nazirlərinin ikinci görüşünü təşkil etməkdə maraqlıdır.

“Biz Rusiyaya qarşı sanksiyalara qoşulmayacağımızı və bunun səbəblərini dəfələrlə açıqlamışıq”. Bunu isə Türkiyə prezidenti deyib. (Report) “Bir tərəfdən Rusiyanın hərbi fəaliyyətinə reaksiya göstərir, digər tərəfdən də təmasları davam etdiririk. Bu təmaslar təkcə Ukrayna üçün yox, Suriya, Liviya, Cənubi Qafqaz kimi, bir çox regionlar üçün də əhəmiyyətlidir”, - Türkiyənin dövlət başçısı bildirib.

Göründüyü kimi, Qərbin təzyiqlərinə baxmayaraq, Türkiyə sanksiyalara qoşulmur və Rusiya ilə Ukraynanı bir araya gətirmək təşəbbüslərini davam etdirir. Eyni zamanda hətta Britaniya dövləti ən yüksək səviyyədə bəyan edib ki, Ukrayna ordusunun  Rusiyaya qarşı dirənişində Türkiyə istehsalı olan “Bayraktar”lar önəmli əhəmiyyətə malikdir. Göründüyü kimi, Ankara həm müharibənin taleyinə həlledici təsir göstərən silahla Ukraynanı təmin edir, Rusiyanı işğalçı adlandırır, Krım və digər əraziləri dərhal azad etməyə çağırır, həm danışıqlarda şəriksiz moderatorluğa sahibdir. Şübhəsiz ki, burada Türkiyənin dövlətçilik ənənələri, cənab Ərdoğanın xarizması, dediyi sözün ağası olması, müharibə edən tərəflərin yüksək etimadını qazanması önəmli amildir. Hətta ötən illərdə Putin Ərdoğanı kişi adam deyərək xarakterizə etmiş, ona böyük hörmətini ifadə etmişdi. 

Beləliklə, qardaş ölkə Ukrayna-Rusiya müharibəsində həm silahı, həm sözü ilə birinci yerdə qərarlaşıb. Nüvə təhdidlərinin səsləndiyi bu dönəmdə sülh təşəbbüslərinin göstərilməsi baxımından dünyanın bacarmadığı işi türk dövlət(lər)i reallaşdırır, Türkiyə və Azərbaycanın simasında. Zelenskinin və Qərb paytaxtlarının Bakıya da dəfələrlə bu yönümdə təşəkkürləri olub. Azərbaycan Ukraynaya humanitar yardımları ilə də böyük etimad qazanıb.

Qürurverici hal budur ki, Rusiya-Ukrayna savaşının dayandırılmasında sülhməramlı təşəbbüslərlə çıxış edən və bloklara qoşulmayan paytaxtlar sırasında Bakının da özünəməxsus yeri var. Hətta Ukrayna prezidenti V.Zelenski Moskva ilə danışıqların aparılması üçün təklif etdiyi paytaxtlar sırasında Bakının da adını xüsusi qeyd etmişdi. Rəsmi Bakı da müharibənin ilk günlərindən  Moskva və Kiyevlə təmaslarını davam etdirir. Müharibənin ilk günlərində Prezident Əliyevin Türkiyəyə səfəri və Ərdoğanla Ukrayna müzakirələri də bunu təsdiq edir. Bəzi ekspertlərə görə, Bakı və Ankaranın bu təşəbbüsü  xüsusilə Moskva üçün  ciddi əhəmiyyət daşıyır. Çünki savaşın başladığı ilk günlərdən sərt sanksiyalara məruz qalan Rusiyanın müharibə bataqlığında qalması  hər ötən gün daha da çətinləşir. Kreml vəziyyətdən çıxmaq üçün  Türkiyənin vasitəşiliyi ilə İstanbuldakı görüşə razılıq verdi. Çünki Rusiya rəhbərliyi də çox yaxşı anlayır  ki, Qərb bu müharibənin tezliklə dayandırılmasında maraqlıdır. O səbəbdən də İstanbul görüşü bir növ Moskvaya  savaşı mümkün qədər tez və mümkün olduğu qədər üstün mövqedə yekunlaşdırmaq şansı kimi qiymətləndirilir.

Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq  müstəvisində də Ermənistanı məğlub etdi - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

 Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, İstanbul görüşünü müharibənin başlandığı gündən, ortalığa az da olsa, real nəticələr qoyan, gələcək razılaşmalara yol açan görüş kimi dəyərləndirmək olar: “İndiki şəraitdə müharibənin dayandırılması həm Rusiyanın, həm də Ukraynanın maraqlarına uyğundur. Bu niyyət mövqelərin bir sıra istiqamətdə yaxınlaşmasında da özünü büruzə verməkdədir. Amma bu xüsusda bir məqam da nəzərə çarpmaqdadır: ABŞ və bəzi Avropa dövlətlərinin davranışlarında müharibənin dayandırılmasına xidmət edə biləcək amillər nəzərə çarpmır. Ağ Ev İstanbulda görüşündən sonra Kiyev ətrafındakı qoşunlarının bir hissəsini geri çəkən Rusiyanın davranışlarında ”səmimiyyət" axtarır. Avropa İttifaqının bir sıra dövlətlərinin, xüsusilə də Almaniyanın Türkiyənin vasitəçilik missiyasından, rəsmi səviyyədə büruzə verilməsə belə, razı qalmadıqları nəzərə çarpır. Bu baxımdan, qənaətimə görə, yaxın vaxtlarda Türkiyənin vasitəçilik missiyasına maneə yarada biləcək bir sıra addımların atılmasını da müşahidə edə bilərik. Amma bu halda da Türkiyənin iştirakı ilə başladılan prosesin nəticəyönümlü olması rəsmi Moskvanın davranışlarından asılı olacaq. Hər halda, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların miqyası bu ölkənin Türkiyə ilə münasibətlərini ən azı indiki səviyyədə saxlamasını zəruri edir". E.Mirzəbəyli qeyd etdi ki, Kremlin bu reallığı necə dəyərləndirəcəyini isə zaman göstərəcək: “Ola bilsin ki, Avropa İttifaqı ölkələrindən biri, daha dəqiq desək, Rusiyaya qarşı sanksiyaların yumşaldılması və bağların qopmaması üçün menevr edən Almaniya tarixi ənənələrinə uyğun olaraq, prosesi pozmağa və vasitəçilik missiyasını öz üzərinə çəkməyə çalışsın”.

Akif Nağı — Vikipediya

Akif Nağı 

QAT sədri Akif Nağı hesab edir ki, Türkiyənin vasitəçiliyi ilə nəticə əldə etmək olar: “Amma tərəflərin bunu istəməsi gərəkdir. Rusiya çətin duruma düşüb, lakin danışıqlar üçün ilkin nəticəyə nail olmadığına görə əməliyyatları davam etdirmək istəyəcək. Ukrayna qərarını Qərblə razılaşdırmalıdır. ABŞ isə müharibənin dayandırılmasında maraqlı görünmür, Ukraynanı Rusiyaya inanmamağa, vətəndaşlarını isə Rusiyanı tərk etməyə çağırır”. A.Nağı məsələyə Rusiya-Ukrayna müharibəsindən daha çox, ABŞ-la Rusiya arasında dünyanın yenidən təsir dairəsinə bölünməsi prosesi kimi baxdığını bildirdi: “Gürcüstanda da elə oldu, Rusiya Abxaziya və Cənubi Osetiya ilə kifayətləndi, yerdə qalan ərazi Amerikanın təsir dairəsinə daxil edildi. Ukraynada Rusiya Krımı götürüb, bir qədər də Şərqi Ukraynadan qoparmaq istəyir. Təsir dairəsi sərhədinin haradan keçəcəyi hələ müəyyənləşməyib. Ona görə də hərbi münaqişənin davam edəcəyi perspektivi çoxdur”.

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

Qafar Çaxmaqlı

Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bildirdi ki, Rusiyanın Ukrayna bataqlığından çıxması üçün ən uyğun variant Türkiyədə başlanılan bu barış görüşlərini davam etdirməsidir: “Rusiyanın Türkiyə və Azərbaycanın vasitəçiliyinə ehtiyacı var. Ukrayna üçün də bu variant uyğun ortam saxlayacaq. Barışı biz təsis edəcəyik. Barış sonrasında da Türkiyə bölgənin güclü ölkəsi kimi söz sahibi olacaqdır. İndi Ukraynanın özü Türkiyənin də içərisində yer alacağı qarantorluq məsələsini müzakirəyə çıxarıb. Qarantor olacaq ölkələrdən  - burada Almaniya, İtaliya, Kanada, ABŞ, , İsrail, Rusiyanın özü də var - Türkiyənin fərqi odur ki, Türkiyə hər iki ölkəyə qonşudur. Burada Ukraynaya əsgər göndərilməsindən söhbət getmir. Bu irəlidə Türkiyənin təklif etdiyi dəngəli siyasəti həyata keçirmək, barışı dizayn etməkdir. Bu məsələ ilə bağlı Mövlud Çavuşoğlu da qeyd edib ki, barış görüşmələrinin Türkiyədə davam etməsini Ukrayna israr edir. Türkiyə Qalıcı bir atəşkəsin olması ilkin razılaşma üçün çox önəmlidir. Bu, müharibənin dayandırılması və sülhə gedən ən ciddi addım olacaq”. Q.Çaxmaqlı qeyd etdi ki, heç şübhəsiz, silahlar altında müzakirələr nəticə verməz: “Ona görə Türkiyə öncə atəşkəsin əldə olunmasında israr edir. Qarşılıqlı şərtlər çərçivəsində müzakirələr uzun müddət davam edə bilər. Ən həssas məsələ Ukraynanın ərazi bütövlüyü məsələsidir. Rusiya hədəflərinə ulaşmadan buna gedəcəkmi? Rusiyanın Krımla və Donbasla bağlı planlarının istədiyi kimi getmədiyi ortadadır. Hər hansı razılaşma olsa belə, bunlar referenduma çıxarılacaq. Bu uzun bir prosesdir. Artıq ortaya çıxmışdır ki, Rusiyanın neonasist iddialarının dayanağı yoxdur. Nasizm ideologiyadır. Ukraynada belə bir ideologiya yoxdur və yalnız Ukraynanı rus işğalından xilas etmək üçün milliyyətçilik üst səviyyədədir. Bu, Ukrayna xalqının ulus olma yolunda keçdiyi mərhələdir. Düzdür, sovet ordusuna qarşı İkinci Dünya müharibəsində Stepan Benderanın, Roman Şuxeviçin vuruşması faktdır və onlara simpatiya var, bu isə nasizm deyil, olsa-olsa Ukrayna milliyyətçiliyidir. Bir verilişdə də dedim, ona qalsa, Rusiyada belə milliyyətçilik Ukraynadan daha çoxdur”. Ekspert hesab edir ki, bu müharibədə qazanan tərəf olmayacaq: “Rusiya-Ukrayna müharibəsi davam edərsə, zərəri yalnız savaşan tərəflər deyil, qonşular da görəcək. Onu da qeyd etməliyik ki, Azərbaycan və Türkiyə üçün də bu müharibə təsirsiz qalmayacaq”.

İndi diqqət Kiyev və Moskvaya yönəlib. Düzdür, Ukraynanın Rusiyaya etimadı qalmayıb, amma Zelenski Putinlə görüşməyə hazır olduğunu dəfələrlə bəyan edib. İndi Ankaranın Lavrov-Kuleba görüşü ilə bağlı təşəbbüsünə hansı cavabın veriləcəyini gözləyək.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR