İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə mövqeyini sərtləşdirdi - NATO nə edəcək?

Ankaranın bu sərt mövqeyi ölkənin mənafeləri üçün olsa da, Rusiyaya sərf edir, amma...

“Prezident Ərdoğanın dilə gətirdiyi narahatlığı ciddi qəbul etməliyik, çünki Türkiyə həqiqətən ciddi terror təhlükələri ilə üz-üzədir”.  Bu sözləri NATO baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın alyansa üzvlük müraciəti ilə bağlı danışarkən deyib. O, NATO-ya üzvlük yolunda Türkiyənin vetosu ilə qarşılaşan hər iki ölkəni Ankaranın narahatlıqlarını ciddi qəbul etməyə çağırıb.

Bu arada isə məlum olub ki, Türkiyə NATO-nun Finlandiya və İsveçlə üçtərəfli danışıqlar aparmaq təklifini rədd edib və iyunun 15-də keçirilməsi planlaşdırılan görüş baş tutmayıb. Məlumata görə, üçtərəfli danışıqlardan əvvəl Ankara Helsinki və Stokholmdan PKK ilə əlaqələri dayandırmaq üçün konkret təkliflər vermələrini tələb edib. Ankaranın bu sərt mövqeyi ölkənin mənafeləri üçün olsa da, Rusiyaya sərf edir. Bir tərəfdən, bu, NATO-nun kollektiv təşkilat kimi nüfuzunu zədələyir ki, Ukrayna müharibəsinin davam etdiyi zamanda bu Moskvanın əlinə oynayır. Vəziyyətdən çıxış yolu nədir? Ayın sonunadək Türkiyə ilə anlaşma olmasa, nə baş verəcək?

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bu istiqamətdə bir sıra tarixi məqamlara toxundu: “Hazırda Rusiya Türkiyəyə NATO daxilində ən müstəqil siyasət yürüdən ölkə kimi baxır. Rusiya Türkiyə ilə maksimum strateji əlaqələri möhkəmləndirmək çabasındadır, çünki bununla Türkiyə ilə ABŞ-ın arasını vurmaq istəyir. Bu da normal istəkdir, hər ölkə öz maraqları çərçivəsində fəaliyyət göstərir. Həm də unutmayaq ki son illərdə PKK-PYD-YPQ terror təşkilatını silahlandırıb Türkiyənin üstünə salan NATO-dakı müttəfiqləri ABŞ, Almaniya, Fransadır və amerikalıların müttəfiqi isə İsraildir. Amerika silahla dolu minlərlə tırı PKK-ya göndərib. Axırda Türkiyə istihbaratı MİT məcbur oldu ki, bu haqda videogörüntülər yaysın. İsveç və Finlandiyaya gəldikdə isə əvvəla, onu söyləyək ki, nəinki Avropada, ümumiyyətlə, bütöv Qərbdə ən güclü anti-türk, anti-müsəlman mövqelər Skandinaviya yarımadasının ölkələrindədir. Sevgili peyğəmbərimizin təhqir edilməsi ən çox məhz ateist-hedonist-liberalist Şimali Avropa ölkələrində baş verir. Ələxsus da anti-Türkiyə mövqeyinə gəldikdə isə burada birinci yerdə ateizm, qlobalizm, hedonizmın mərkəzi İsveç durur.

Əhəd Məmmədli: "2022-ci il Azərbaycanda Xənkəndi ili olmalıdır"

Rusiya günündə Putin Rusiya-İsveç müharibəsindən söz açmışdı. Rusiyanın imperiya tarixinin şimal müharibəsindən başlandığını qeyd etmişdi. 17-ci əsrin ikinci yarısında İsveç Avropanın ən güclü 2-3 ölkəsindən idi. İsveç-Rusiya müharibəsində birincilərə dəstəyi həmçinin Polşa Reç Paspolitası ilə Osmanlı Türkiyəsi də verirdi. Amma Osmanlı Türkiyəsinin İsveçə ən böyük dəstəyi  XII Karlın ruslara əsir düşməyə imkan verməməsi oldu. Döyüşlərdə Karl az qala ruslara əsr düşəcəkdi, buna Osmanlı türkləri icazə vermədilər.  Karlı krallara layiq öz saraylarında qəbul edən Osmanlı sonra da sağ-salamat İsveç kralını evinə yola salmışdı. Görünür, isveçlilər türklərin onlara etdikləri bu tarixi yaxşılığını unudublar. Türklər bu yaxşılıqlarını isveçlilərin yadına salsalar yaxşı olar. Terrorçu, qatil PKK-nın Avropada ən rahat məskəninə çevrilmiş Skandinaviya ölkələrinə başda İsveç və Finlandiya olmaqla, qardaş dövlət Türkiyə ən sərt sifətini göstərməlidir. Rəsmi Ankaranın bütün şərtləri qəbul edilməyənə, PKK və FETÖ terrorçuları Türkiyəyə təhvil verilməyənə, kommunist-ateist-maoist PKK-nın İsveç və Finlandiyada bütün kampları bağlanmayana qədər NATO qapıları daim onların üzərinə bağlı qalmalıdır”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlunun isə fikirləri bir qədər fərqlidir. O hesab edir ki, Türkiyənin bu prosesə sona qədər mane olması mümkünsüzdür: “Əlbəttə, kənardan bu proses Rusiya üçün faydalı görünə bilər. Bu normaldır, amma düşünürəm ki, burada əsas məsələ Türkiyənin öz maraqlarıdır. Ankara İsveç və Finlandiyanın NATO üzvü olmasına ona görə mane olur ki, bununla bağlı ciddi səbəbləri var. Hər iki ölkə PKK və YPG-ni dəstəkləyir. Bu da Ankaranı narahat edir. Amma hər kəsə məlumdur ki, YPG-ni ABŞ da dəstəkləyir. Ankaranın etirazlarına baxmayaraq, Vaşinqton Suriyada kürd YPG ilə əməkdaşlıq edir. Düşünürəm ki, Ankara indi daha çox Alyansı güzəştə vadar etmək və müəyyən hədəflərinə nail olmaq istəyir. Ankara, əlbəttə, sona qədər dirəniş göstərə bilməyəcək və çoxluq qarşısında güzəştə gedəcək. Əgər ABŞ və Avropa İsveç və Finlandiyanın NATO üzvü olmasına qərar veribsə, Türkiyənin buna tamamilə mane olması mümkün deyil. Yəqin ki, yaxın dövrdə ortaq nöqtə tapılacaq. Türkiyə daha əvvəl Rasmussenin NATO baş katibi seçilməsinə mane olmuşdu. Amma nəhayətdə ortaq razılıq əldə olundu. Rasmussen də uzun müddət işlədi, Türkiyə ilə də yaxşı əlaqələri var idi. İndi də güman ki, Ankara adıçəkilən ölkələrdən müəyyən təminat və Alyansdan güzəştlər əldə etməyə çalışır. Çünki Ankaranın bəyanatlarından görünür ki, qapını tamamilə bağlamayıblar. Bu həm də indiki vaxtda Türkiyə üçün zərərli olar. Dediyim kimi, bu cür situasiyalar zaman-zaman olur və ortaq qərara gəlirlər. İndi də Ankara qarşı tərəfin müəyyən güzəştlərə getməsinə nail olduqdan sonra razılıq veriləcək. Ola bilər ki, bu proses gələn il seçkilərə qədər uzansın”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR