Onlayn ictimai-siyasi qəzet
Azərbaycanlı politoloq və erməni türkoloq səbəbləri açıqlayıb
Hazırda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində gözəçarpan irəliləmə müşahidə edilmir. Bu açıqlamanı erməni akademik və türkoloq Ruben Safrastyan verib. Onun sözlərinə görə, Türkiyə tərəfinin siyasətini başa düşmək üçün nəzərə almaq lazımdır ki, Ankara üçün İrəvanla münasibətlərin normallaşması bütövlükdə ciddi əhəmiyyət kəsb etmir. İqtisadi baxımdan Ermənistan Türkiyə üçün vacib sayılmır. Türkiyə hələ 1991-ci ildə belə bir qənaətə gəlib: “Çünki dənizə çıxışı olmayan və əlverişsiz coğrafi mövqedə qalan Ermənistan münasibətlərin normallaşmasında Türkiyədən daha çox maraqlı olmalıdır və Ankara məhz bundan istifadə edir. Türkiyənin diplomatik və geosiyasi mövqeyinin təməlində məhz bu dayanır. Məqsədləri danışıqlar prosesində Ermənistandan güzəşt qoparmaqdır”.
Doğrudanmı proses dayanıb? Dayanıbsa, səbəb nədir?
Anar Əliyev
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan öz gücünə ərazi bütövlüyü və dövlət suverenliyini təmin etdikdən sonra Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı real perspektivlər formalaşdı: “Amma təəssüf ki, 44 günlük Vətən müharibəsindən sonra ötən dövr ərzində Ermənistan tərəfi bir çox görüşlərdə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində real addımlar atmadığı üçün Ermənistanla Türkiyə arasındakı münasibətlərin də real praktik sahədə irəliləməsi kifayət qədər sual altına düşdü. Çünki Türkiyə hər zaman Ermənistanla münasibətlərin yeganə şərti kimi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsini irəli sürürdü. İndiki şəraitdə də Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə davamlı olaraq Ermənistan tərəfinin xüsusilə də havadarlarının təhriki ilə mane olması, təxribatlar törətməsi Türkiyə tərəfindən də diqqətlə izlənilir. Təbii ki, Ermənistan Azərbaycanla sülh danışıqları görüntüsünü formalaşdırmaq, bu prosesləri manipulyasiya etməklə Cənubi Qafqazda özünün mövqelərini genişləndirmək, eyni zamanda Türkiyə ilə də münasibətləri normallaşdırmağa çalışır. Ermənistanda hesab olunur ki, artıq Ermənistan tərəfi Azərbaycanla münasibətlər baxımından kifayət qədər zəruri addımlar atıb, baş nazir səviyyəsində Azərbaycanın ərazi bütövlüyünün tanındığı ilə bağlı bəyanatlar verilib, ikitərəfli və çoxtərəfli formatlarda davamlı olaraq görüşlər keçirilib, eyni zamanda sərhədlərin delimitasiyası ilə bağlı işçi qrup fəaliyyətdədir və bu reallıq Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün zəruri fonu formalaşdırıb. Xüsusilə Antalya diplomatiya forumunda Ermənistan və Türkiyə rəsmi nümayəndələri arasında keçirilən görüşdə məhz bu faktor üzərində Ermənistan nümayəndələri daha çox dayanmağa çalışdı. Yanaşma bundan ibarətdir ki, Azərbaycanla münasibətlərin yekun həddə qədər tənzimlənməsini gözləməyə ehtiyac yoxdur, zatən proseslər davam edir, ona görə də Türkiyə ilə də münasibətlərin normallaşması istiqamətində addımlar atmağa başlamaq lazımdır”.
Politoloqun fikrincə, bunun nəticəsi idi ki, Türkiyə və Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı xüsusi nümayəndələrin Ermənistanda görüşə biləcəyi haqda ehtimallar da səsləndirildi: “Amma ötən müddət ərzində, xüsusilə də bu ilin əvvəllərindən başlayaraq Ermənistan tərəfindən Cənubi Qafqazda münasibətlərin normallaşmasına zərər vuracaq təxribatların davam etdirilməsi, eyni zamanda ayrı-ayrı erməni siyasi xadimlərinin dilindən kifayət qədər absurd ittihamların səsləndirilməsi, Nikol Paşinyanın son dövrlər Qafqaz maraqlarına zidd davranışları, Ermənistanın sürətli silahlanmasına xidmət eləyən razılaşmalar imzalanması Azərbaycanla sülh danışıqlarında Ermənistanın səmimi olmadığını, sülh görüntüsü formalaşdırmaqla özünün çirkin planlarını reallaşdırmaq istəyində olduğunu nümayiş etdirir. Bu isə Türkiyə tərəfindən də diqqətlə izlənilən bir prosesdir. Türkiyə bəyan edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının əsas açar elementidir. Ermənistan tərəfindən sülhə xidmət edəcək addımlar atılmadıqca, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını gözləmək təbii ki, mümkün deyil. Ermənistan Türkiyənin özünə də ərazi iddialarından əl çəkməyib”.
A.Əliyev vurğuladı ki, qeyd olunanlar erməni akademikin bəyanatının müəyyən mənada reallığı əks elətdirən bir yanaşma olduğunu söyləməyə əsas verir: “Lakin proses tam dayanmasa da, hər halda, prosesləri relsə çıxarmaq üçün Ermənistan zəruri addımları atmaqda hələ ki maraqlı görünmür. Hesab edirəm ki, bunu Ermənistan cəmiyyətində başa düşdükləri kimi artıq geniş xalq kütlələri də dərk etməkdədir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ