İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türkiyə Davosu” başlayır - dünya üçün aprel tezisləri

Dünyada diplomatiyanın bərpası zərurəti yaranıb

Türkiyənin Antalya şəhərində 11-13 aprel tarixlərində ənənəvi Antalya Diplomatiya Forumu keçiriləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçiriləcək budəfəki forum “Bölünmüş dünyada diplomatiyanın bərpası” mövzusuna həsr olunub.

Forumun rəsmi saytında yer alan məlumata əsasən,  Prezident İlham Əliyevin rəhbərlik edəcəyi Azərbaycan nümayəndə heyətində birinci vitse-prezident Mehriban Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər yer alır.

Azərbaycan KİV rəhbərlərindən bəziləri də forumun işini müşahidə etmək üçün dəvət edilib.

Qeyd edək ki, Antalya Diplomatiya Forumu diplomatiyanın kursu necə dəyişdirə biləcəyini araşdırmaq və bölünmüş dünyada kollektiv fəaliyyət üçün ümumi zəmin tapmaq üçün qlobal liderləri, siyasətçiləri, alimləri, biznes ekspertlərini, media və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək. Forum getdikcə qütbləşən mühitdə diplomatiyanın rolunu və əsas prinsiplərini yenidən müəyyən etmək üçün dialoqa ilham vermək məqsədi daşıyır. Bu səbəbdən Antalya Forumu “Türkiyə Davosu” da adlandırıla bilər. Antalya Diplomatiya Forumu ölkəmiz üçün mühüm platformadır, burada Azərbaycanın regional yeri və rolu, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbədən sonra bölgədə yaranmış yeni geosiyasi münasibətlərin faydalılığı və sülh və təhlükəsizlik təşəbbüsləri dünyaya təqdim olunur.

Hikmət Babaoğlu: MSK üzvlərinin kimi sədr və müavin seçəcəyi...

Hikmət Babaoğlu

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Antalya Diplomatiya Forumunun keçirilməsi artıq ənənə halını alıb və dünyada mövcud problemlərin həll olunması ilə bağlı böyük fikir fırtınası mərkəzlərindən birinə çevrilib: “Hazırda dünyada siyasi proseslər o qədər sürətlə baş verir ki, onların təhlili, proqnozlaşdırılması, diplomatik yanaşmaların nəzərdən keçirilməsi zərurəti yaranıb. Məhz beynəlxalq münasibətlər sistemində boşluğun olduğu bir vaxtda Antalya Diplomatiya Forumunun keçirilməsinə başlandı və qısa müddətdə dünyanın diqqətini cəlb etməyi bacardı. Azərbaycan da şübhəsiz ki, Antalya Diplomatiya Forumunda həvəslə çıxış edir. Hər şeydən öncə ona görə ki, Türkiyə bizim üçün doğma məkandır. Həm siyasi, həm iqtisadi, həm tarixi baxımdan. İkincisi isə ona görə ki, beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan nüfuzu, yeri və rolu yeni dünya nizamı kontekstində ən müxtəlif mövqelərə təsir edə biləcək qədər güclənib. Ən azından Cənubi Qafqaz regionu kontekstində bu belədir. Bir qədər də dərindən nəzər salsaq və Azərbaycanın Avropa, Yaxın Şərq ölkələri ilə, o cümlədən Rusiya ilə münasibətlərinə diqqət yetirsək görəcəyik ki, Azərbaycanın mövqeyi Çindən başlamış Avropaya qədər uzanan yolda əhəmiyyətli bir mövqedir. Bütün bunlar gələcək dünya nizamı üçün Azərbaycanın da mövqeyinin nəzərə alınmasını zəruri edir. Yüksək səviyyədə Antalya Diplomatiya Forumunda iştirak etməsi Azərbaycanın mövqeyinin, imkanlarının və yeni dünya nizamında baxışının bir daha dünyaya çatdırılması hadisəsidir. Ona görə də gələcək dünya nizamının arxitekturasının formalaşması üçün Antalya Forumu vasitəsilə veriləcək mesajların, dövlətlərin təşəbbüslərinin, ideyalarının çox əhəmiyyətli olduğu bir daha üzə çıxmaqdadır. Şübhəsiz ki, Antalya Diplomatiya Forumu Davos İqtisadi Forumu ilə müqayisə olunur. Davos Forumu əsas etibarilə iqtisadi məsələlərin, Antalya Forumu isə siyasi-diplomatik məsələlərin müzakirə olunduğu bir məkandır”.

Deputat onu da dedi ki, Antalya Diplomatik Forumunun budəfəki mövzusunun adı da çox maraqlıdır: “Bu ad diplomatiyanın imkanlarının nəzərdən keçirilməsinə həsr olunub. Diplomatiyanın bərpası o deməkdir ki, diplomatiya artıq arxa plana keçib. Halbuki beynəlxalq münasibətlərin və dövlətlərarası xarici siyasətin həyata keçirilməsinin əsas aləti diplomatiyadır. Ancaq son dövrlər o sıradan çıxıb. Ona görə də onun bərpası zərurəti var. Bu, özü-özlüyündə bu forumun nə qədər əhəmiyyətli olmasından xəbər verir”.

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli

Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirdi ki, Antalya Diplomatiya Forumu (ADF) zamanla regional və qlobal əhəmiyyətə malik mühüm platformaya çevrilməkdədir və  forumun “Türkiyə Davosu” kimi təqdim olunması müəyyən mənada əsaslıdır. Bu forum, siyasi liderlər, diplomatlar, akademiklər və biznes nümayəndələrini bir araya gətirən və beynəlxalq münasibətlərin aktual çağırışlarının müzakirə olunduğu unikal dialoq platformalarından biri hesab oluna bilər: “Prinsip etibarilə, Davos kimi, ADF də yumşaq güc, diplomatik dialoq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradır. Forumun ölkəmiz üçün əhəmiyyətinə gəldikdə isə bu platforma Azərbaycanın regionun mühüm oyunçusu kimi öz mövqeyini təqdim və təbliğ etməsi üçün əlavə fürsətdir. Məlum olduğu kimi, forum ikitərəfli görüşlər üçün də əlverişli şərait yaradır və bu da yeni əməkdaşlıqların qurulması və mövcud münasibətlərin dərinləşdirilməsi baxımından faydalıdır. Forum eyni zamanda Azərbaycanla Türkiyənin strateji müttəfiqliyinin doğurduğu nəticələrin əhəmiyyətinin vurğulanması baxımından da önəm daşıya bilər. Qənaətimə görə, "Bölünmüş dünyada diplomatiyanın bərpası" mövzusu hazırkı beynəlxalq sistemin reallıqları fonunda son dərəcə aktual bir məsələdir. Hazırda dünya ayrı-ayrı güc mərkəzləri arasında artan geosiyasi gərginlik, bölgəsəl münaqişələr, beynəlxalq hüququn selektiv tətbiqi, qlobal ticarət savaşları və ideoloji qarşıdurmalar şəraitində yaşayır. Bu da beynəlxalq münasibətlər sistemində qütbləşməni daha da dərinləşdirir və münasibətləri barışmaz hala gətirir. Diplomatiya isə münaqişə tərəfləri arasında körpü yaratmaq üçün yeganə alətdir. Diplomatik təşəbbüslər vasitəsilə qarşıdurmaların yumşaldılması, kompromislərə nail olunması, anlaşılmazlıqların danışıqlar yolu ilə aradan qaldırılması mümkündür. Diplomatiya yalnız dövlət maraqları deyil, qlobal humanitar çağırışlar (iqlim dəyişikliyi, enerji və ərzaq təhlükəsizliyi, qaçqın məsələsi) istiqamətində də yönləndirilməlidir və biz Azərbaycanın qlobal çağırışlara münasibətində uzun illərdir ki, bu yanaşmanın ön planda dayandığını görə bilirik".

Deputat qeyd etdi ki, “Bölünmüş dünyada diplomatiyanın bərpası” mövzusu yalnız diplomatiyanın yenidən aktuallaşdırılması deyil, həm də onun yenidən inşa edilməsi zərurətini vurğulayır. Yalnız qarşılıqlı etimad və çoxtərəfli yanaşma əsasında diplomatiya qütbləşmənin qarşısını ala, yeni soyuq müharibə xətlərinin yaranmasına mane ola bilər.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR