İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkdilli dövlətlərin dini liderləri Bakıya toplaşır

 Yeni Şuşa Bəyannaməsi imzalanacaq

Bu həftə Azərbaycanda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin türk-İslam dünyasının məram və amallarına xidmət edən görüşləri keçiriləcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, 19-21 oktyabrda Azərbaycan Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin türk-İslam dünyasının məram və amallarına xidmət edən görüşlərinə və mənəvi birliyinin təşkilati baxımdan gerçəkləşmə tədbirlərinə ev sahibliyi edəcək. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının təsis edilməsi məramı ilə Türk Dövlətləri Təşkilatının Baş Katibi Bağdad Amreyev başda olmaqla Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan Müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın Baş Müftisi Naurızbay Taqanulı, Qırğızıstan Müftisi Zamir Rakiyev, Türkmənistan Müftisi Yalkab Xocaquliyev Azərbaycanda bir araya gələcəklər.

Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin daha öncə İstanbulda və Türküstanda görüşlərinin ardınca Bakıda üçüncü görüşü 19 oktyabrda Gülüstan sarayında baş tutacaq. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin xeyir-duası və müsəlman dini liderlərinin yekdil rəyi ilə ərsəyə gələn Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi oktyabrın 20-də Türk dünyasının Mədəniyyət paytaxtı elan olunmuş Şuşada imzalanacaq, Birgə Bəyanat qəbul ediləcək. Dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.

Oktyabrın 21-də Gülüstan sarayında Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri və elm adamları “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda Beynəlxalq Konfransda bir araya gələcəklər. Türk coğrafiyasının tanınmış elm və din xadimlərinin iştirak etdiyi konfransda Türk-İslam sivilizasiyasının perspektivlərinə və dünyada sülh və təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparılacaq, qardaş xalqlarımız və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən addımlar müzakirə olunacaq. Həmin gün dini liderlər Heydər məscidində Cümə namazı qılacaqlar. Tədbirlərdə TDT-yə üzv ölkələrin nümayəndə heyətləri, elm, din, siyasi və ictimai xadimləri iştirak edəcəklər.

Bu tədbirlərin və  Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin xeyir-duası və müsəlman dini liderlərinin yekdil rəyi ilə ərsəyə gələn Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsinin və birgə bəyanatının qəbul edilməsinin, özü də Şuşada qəbul edilməsinin hansı əhəmiyyətləri var?

Azər Həsrət: Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Vyana görüşü  ölkəmizin növbəti diplomatik uğurudur - AZƏRTAC

Azər Həsrət

Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi xüsusən də indiki şəraitdə ölkəmizə çox lazımdır. Dövlətimizin işğaldan azad edilmiş torpaqlarının əsl sahibinin kim olmasını dünyaya göstərməsi baxımından da bu cür tədbirlərin Şuşada keçirilməsi əhəmiyyətli hadisədir. Hər bir beynəlxalq səviyyəli tədbir qələbəmizin tanıdılması, möhkəmləndirilməsi işinə müsbət təsirini göstərir: “İndi də türk dünyası dini liderlərinin bir araya gəlməsi, onların həm paytaxt Bakıda, həm də mədəniyyət paytaxtımız Şuşada tədbirlər keçirməsi, birlikdə namaz qılmaları, dini birlik baxımından da yeni təməllərin atılmasının mühüm əhəmiyyəti var. Bu, həm də onun göstəricisidir ki, Azərbaycan sadəcə olaraq türk dövlətlərinin məhz milli-etnik  kimlik üzərində birləşməsində katalizator rolunu oynamır, Azərbaycan həm də müsəlman ölkələrinin birləşməsində katalizator rolunu oynayır. Azərbaycanda əvvəllər də çox böyük miqyasda müsəlman dövlətlərinin, İslam Əməkdaşlıq Təşkilatı kimi böyük qurumun tədbirləri keçirilib. Azərbaycan dövləti həmişə islamda gerçək birlik üçün öz töhfələrini verməyə çalışıb. İndi isə Türk Dövlətləri Təşkilatının müsəlman dini lidelərinin birgə toplantısını Azərbaycanın təşkil etməsi isə yeni bir mərhələdir”.

A.Həsrət qeyd etdi ki, bu mərhələ Azərbaycanın türk birliyinə verdiyi töhfələri, eyni zamanda müsəlman birliyinə də vermək imkanlarının əldə edilməsi mərhələsidir. Yəni Azərbaycan dövləti strateji düşünərək, daha uzağa baxaraq sadəcə həm də islam birliyinə əlavə töhfələr verməklə dünyada, özəlliklə də islam dünyasında sülhün qardaşlığın, birlik və bərabərliyin daha da möhməklənməsinə öz xidmətini göstərmiş olur: “Eyni zamanda bu tədbirin həm Bakıda, həm də Şuşada keçirilməsi dünyaya da bir mesajdır. Şuşa ilə, Qarabağla bağlı mesajdır ki, bura Azərbaycan torpağıdır, bura beynəlxalq səviyyədə tanınan Azərbaycan torpağıdır, bura müsəlmanların mərkəz şəhərlərindən biridir. Odur ki, müsəlman dini liderlərin tədbirinin Şuşada keçirilməsinin indiki şəraitdə həm təbliğat baxımından da böyük əhəmiyyət kəsb edir”.   

Ekspertin sözlərinə görə, Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsinin və birgə bəyanatının məhz Şuşada qəbul olunmasının isə xüsusi mənası olacaq. Bunu dini-mənəvi sahəni əhatə edən Şuşa Bəyannaməsi də adlandırmaq olar.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR