Onlayn ictimai-siyasi qəzet
Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində baş verən hadisə film səhnələrini xatırladır. Tanınmış iş adamı, hovuz ustası Şahin Mustafa oğlu Əhmədov sifariş adı ilə tələyə salınıb, silah gücüylə girov götürülərək 2 saat döyülüb. Hücum edənlər onu öldürüb bağın bir küncündə basdırmaqla hədələyiblər.
Bu sensasion olayla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb. Hüquq-mühafizə orqanlarının araşdırmasına görə, dəhşətli planı həyata keçirənlər Orxan və Rəşad Qəmbərov qardaşlarıdır. Onlar artıq saxlanılıb və istintaqa cəlb olunublar.
Musavat.com-un əldə etdiyi məlumata görə, ötən il Rəşad Qəmbərov Şahin Əhmədova müraciət edərək həyətində hovuz inşa etdirilməsini sifariş verib.
19 aprel tarixində başlanan işlər may ayında yekunlaşıb. Lakin müştərinin ustaya 1500 manat borcu qalıb. Bu məbləğ uzun fasilələrlə hissə-hissə ödənib. Şahin Əhmədov hovuza gələcəkdə də servis xidməti təklif etsə də, Rəşad Qəmbərov hovuza oğlunun qulluq edəcəyini deyib. Amma sonrakı aylarda dəfələrlə ustadan məsləhətlər alıb. Bir müddət sonra Rəşad Qəmbərov filterdə sızıntı yarandığını bildirərək ustanı çağırıb. Araşdırmada məlum olub ki, problem suyun təzyiqinin həddindən artıq qaldırılmasından yaranıb. Usta təmiri öz hesabına etməyəcəyini deyib, qarşı tərəf razılaşıb və filter düzəldilərək yenidən quraşdırılıb.
Lakin az sonra eyni problem təkrar yaşanıb. Bu dəfə də səbəb eyni olub, su təzyiqinin düzgün tənzimlənməməsindən filter sıradan çıxıbmış. Rəşad Qəmbərov ustanı keyfiyyətsiz avadanlıq quraşdırmaqda ittiham edib, “WhatsApp” üzərindən nalayiq ifadələrlə təhqir edib. Usta isə “hər hansı iddianız varsa, hüquqi yolla həll edin” cavabını verib və əlaqəni kəsib.
Bir müddət sonra Şahin Əhmədova Orxan adlı şəxs zəng edərək Türkan qəsəbəsində hovuz tikdirmək istədiyini deyib. Onun nömrəsini “Instagram”dan tapdığını bildirib. Usta bağ evinə baxış üçün razılaşıb.
Şahin Əhmədov hadisəni Musavat.com-a belə danışıb:
“Həyətə girəndən az sonra Rəşad Qəmbərov da gəldi. Mən onu görən kimi uzaqlaşmaq istədim, amma o, qoltuğundan tapança çıxarıb dayan dedi. Sonra Orxan üstümə atılıb boğazımdan tutdu. Telefonumu aldılar, Orxan məni tutdu, Rəşad Qəmbərov döyməyə başladı”.
İş adamı bildirib ki, təxminən 2 saat ərzində döyülüb, silah başına dirənərək öldürüləcəyi, cəsədinin bağın bir küncünə basdırılacağı hədəsi ilə üz-üzə qalıb.
“Rəşad dedi ki, burdan sağ çıxmayacaqsan. Mən isə onlara bunun cinayət olduğunu və şikayət edəcəyimi bildirdim. Nəhayət, bir anlıq boşluqdan istifadə edib qaça bildim”, - o deyib.
Şahin Əhmədov dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Qəmbərov qardaşları müəyyən edilərək saxlanılıb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ